“Şekspir” səhnədən
düşmür
Bu dəfə Bakı Bələdiyyə Teatrında
Bakı Bələdiyyə Teatrı Xalq
yazıçısı Elçinin “Şekspir” əsərini
tamaşaya hazırlayır. Səhnə əsərinə Xalq
artisti Mərahim Fərzəlibəyov quruluş verir.
Tamaşada Əməkdar artist Hüsniyyə Mürvətova,
aktyorlar İlqar Musayev, Zülfiyyə Qurbanova, Ülviyyə
Rza, Rəşad Kəsəmənli, Toğrul Rza, Namiq Cavadov,
Tural Əhməd, Rəşid Soltanov və Elçin Muradov
rol alıblar. Premyera mart ayında gözlənilir.
Əsərin qəhrəmanları ruhi-əsəb
klinikasındakı pasiyentlərdir. Onların hər biri
öz xəyali dünyasında yaşayır. Baş həkim
xəstələrin xəyali dünyasını dərk etməyə
çalışsa da, sonda anlayır ki, xəstə kimi
müalicə olunan insanlar öz xəyal aləmlərində
xoşbəxtdirlər.
Xatırladaq ki, ilk dəfə “Üns”
yaradıcılıq səhnəsində (2009) tamaşaya
qoyulan pyes Azərbaycanın hüdudlarından kənara
çıxaraq teatr ictimaiyyətinin diqqətini cəlb edib.
Moskva Dərviş Teatrı, Londonda fəaliyyət göstərən
“Avanqard” teatrı, o cümlədən Krım-Tatar Musiqili Dram
Teatrı Elçinin bu əsərinə müraciət ediblər.
2012-ci ildə “Şekspir” Akademik Milli Dram Teatrında səhnə
təcəssümünü tapıb. Tamaşaya moldovalı
rejissor Petru Vutkereu quruluş (“GUAM-ın teatr məkanı”
layihəsi çərçivəsində teatra dəvət
olunub) verib.
Bu yaxınlarda isə Şuşa Dövlət Musiqili
Dram Teatrı “Şekspir” əsərinə müraciət edib.
Teatrın baş rejissoru Əməkdar artist Loğman Kərimovun
quruluş verdiyi tamaşanın da premyerası mart ayına nəzərdə
tutulub.
Mədəniyyət .-
2024.- 23 fevral,№(15).- S.5.