“CINEMO” Azərbaycanda
kino sahəsində yeni cığır açmaq istəyir
“Birinci festival həmişə sınaq xarakteri
daşıyır”
Xəbər verdiyimiz kimi, Mədəniyyət
Nazirliyinin ötən ilin 27 noyabr – 3 dekabr tarixlərində
keçirdiyi “Yaradıcı həftə” çərçivəsində
Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) dəstəyi ilə
“CINEMO” Mobil Film Festivalı üçün işlərin qəbulu
elan edilmişdi. Bu il yanvarın 31-də festivala filmlərin qəbulu
başa çatıb.
Festival 21-23 fevral tarixlərində Nizami Kino Mərkəzində
keçirilir. Layihənin məqsədi yaradıcı gənclərin
dəstəklənməsi, mobil kino istehsalının təbliği,
istedadlı mobil fotoqraflar və kinematoqrafçıların
üzə çıxarılması, onların kino sahəsində
biliklərinin artırılması, mobil çəkilişlərin
geniş imkanları vasitəsilə sosial dəyərlərin
təşviqi, istedadlı gənclər arasında
yaradıcılıq əlaqələrinin qurulmasıdır.
Fevralın 21-də mobil telefonla çəkilən bədii
filmlərə, 22 fevralda isə sənədli filmlər və
sosial çarxlara baxış olub.
Fevralın 23-də festivalın qala-gecəsi
keçiriləcək, qalibləri elan olunacaq.
“CINEMO” Mobil Film Festivalının təsisçisi və
rəhbəri, aktyor Ruslan Sabirli layihəyə böyük
maraq olduğunu bildirib. Deyib, qeydə alınan filmlərin
sayı 160 idi, onlardan 150-sini qəbul etdik. Onların
arasında sənədli, bədii, sosial və digər janrlara
aid çəkilişlər var. İlk baxış-seleksiyadan
sonra 70 film qaldı. Sonrakı baxış isə artıq
münsiflər heyəti tərəfindən keçirilib.
“Birinci festival həmişə sınaq xarakteri
daşıyır. “CINEMO”dan ilk gözləntilərimiz ən
nikbin proqnozları aşdı. Düşünürdüm ki,
50-dən artıq müraciət olmayacaq, amma onların
sayı daha çox idi. Bu, uğurlu
başlanğıcdır”, – deyə o əlavə edib.
Bundan öncə 10 ilə yaxın həyata
keçirdiyi “Booktrailer” festivalı layihəsindən də bəhs
edən Ruslan Sabirli bildirib ki, gənclər üçün
belə festivallar onların istedadını üzə
çıxarmaq və yol göstərmək imkanıdır:
“Biz artıq növbəti festivallar çərçivəsində
mobiloqrafiya kursları yaratmağı
planlaşdırırıq. Onlar həm profilli peşəkar
proqramları, həm də qacetlərin imkanlarından müstəqil
şəkildə, kompütersiz istifadə edərək
yaradıcılıq prosesini əhatə edəcək. Festival
təkcə tədbir xətrinə keçirilmir.
Qarşıya qoyduğumuz məqsəd ölkədə
mobiloqrafiyanın inkişafıdır. Hazırkı festivalla
bir növ bazarı öyrənmək və istedadlı
uşaqları aşkar etmək istəyirik. Aparılan seleksiya
da artıq müəyyən nəticələr verib. Niyyətimiz
gəncləri istiqamətləndirməkdir. “CINEMO” bu sahədə
onlara konkret məsləhətlər və artıq
qazanılmış biliklərin istifadəsi üçün
stimul verir.
Layihə rəhbəri qeyd edib ki, mobil telefonla film
çəkilişləri bu gün dünyada geniş
yayılmaqdadır. Tanınmış rejissor Stiven Soderberq
özünün “iPone” telefonundan istifadə edərək film
çəkib və sonradan “Netflix” onu satın alıb. Filmin
büdcəsi 2 milyon dollar olub, qazancı isə 56 milyon dollara
çatıb.
Ruslan Sabirli telefonla çəkilən qısa filmlərə
də marağın böyük olduğunu deyib. Bu gün
reallıq elədir ki, internetdə bədii filmə onu geri
çevirərək və ya qısaldaraq da baxa bilirik.
Xüsusən gənclər informasiyaları qısametrajlı
formatda qəbul etməyi sevirlər: “Əslində, məntiqli
bir hekayəni tam şəkildə bir dəqiqəlik süjetə
sığdırmaq mümkün deyil. “CINEMO”nun qaydalarına
görə, mobil bədii filmin maksimal müddəti 5 dəqiqədir.
Bu cür festivallar bir çox ölkələrdə
dünyada keçirilir və trenddən kənarda qalmaq
üçün heç bir səbəb görmürəm...”.