İki ömrün solmayan dostluq səhifəsi
Ötən il anadan olmasının 100 illiyi qeyd olunan
görkəmli ədəbiyyatşünas-alim, tənqidçi,
pedaqoq, akademik Kamal Talıbzadənin (1923–2006) yubiley tədbirləri
bu il də davam edir.
Fevralın 20-də Səməd Vurğunun Mənzil-Muzeyində
Kamal Talıbzadəyə və onun böyük rəğbət
bəslədiyi Xalq şairi Səməd Vurğuna həsr edilən
ədəbi-bədii gecə keçirildi. Tədbir Abdulla
Şaiq və Səməd Vurğunun mənzil-muzeylərinin
birgə təşkilatçılığı ilə
gerçəkləşdi.
Səməd Vurğunun Mənzil-Muzeyinin direktoru
Vurğun Vəkilov tədbiri açaraq Kamal Talıbzadənin
Azərbaycan elmi və ictimai fikir tarixinin
inkişafındakı xidmətlərindən
danışdı. Bildirdi ki, alim XX əsr Azərbaycan ədəbi
tənqidinin mükəmməl salnaməsini, dolğun elmi mənzərəsini
yaradıb. Eyni zamanda Xalq şairi Səməd Vurğunla
çox yaxın münasibətləri olub və o bu
dostluğu həyatının
solmayan səhifəsi hesab edib.
Tanınmış uşaq yazarı, professor Zahid Xəlil
Səməd Vurğunla bağlı xatirələrini
bölüşdü: “AzTV-də görkəmli şairlə
bağlı bir verilişdə bildirdim ki, Səməd
Vurğunun “Azərbaycan” şeirini şəhər və rayon
məktəblərində bütün uşaqlar əzbər
bilir. Verilişdə şairin oğlu Vaqif Səmədoğlu
da iştirak edirdi. O mənim bu çıxışımdan
incidi. Bildirdi ki, Səməd Vurğunu yalnız uşaq
şairi kimi təqdim etdin. Dedim bəlkə belə deyil?! “Azərbaycan”
şeiri ibtidai siniflərdə tədris edilir. Bir müddət
sonra onunla barışdıq”.
Filologiya üzrə fəlsəfə doktoru Aygün
Bağırlı görkəmli alimlə bir
görüşünü xatırladı. O, Kamal Talıbzadənin
Səməd Vurğunla bağlı bir xatirəsini dilə gətirdi:
“Səməd Vurğun ezamiyyətdən gəlmişdi. Hər
gələndə hədiyyə gətirərdi. Biz də buna
görə onun ətrafına
yığılmışdıq. Gətirdiyi hədiyyələri
payladı. Ancaq mənə hədiyyə çatmadı.
Cibindən bir şəkil çıxartdı, arxasını
yazıb mənə verdi. Dedi ki, sənin hədiyyən
hamının hədiyyəsindən yaxşı oldu”.
Tədbirdə daha sonra filologiya elmləri doktoru,
professor Bədirxan Əhmədov, filologiya üzrə fəlsəfə
doktorları Aslan Salmansoy, Arzu Hacıyeva və Nəzakət
Qafqazlı çıxış edərək görkəmli ədəbiyyatşünas-alim
və Xalq şairi ilə bağlı fikir və xatirələrini
bölüşdülər.
Qeyd olundu ki, K.Talıbzadə səmərəli elmi
yaradıcılıqla yanaşı, müxtəlif illərdə
respublikanın bir sıra ali məktəblərində pedaqoji
fəaliyyət göstərib, yüksəkixtisaslı
kadrların yetişdirilməsinə, elmin təbliğinə
böyük töhfə verib.
Çıxışlardan sonra bədii hissə təqdim
edildi. Niyazinin “Xoreoqrafik vals”, Ə.Əzizovun “Prelüdiya” əsərləri
gənc solistlərin ifasında səsləndirildi. Ardınca
“Nəlbəki”, “Səməni” xalq rəqsləri ifa olundu.
Sonda Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoru sənətşünaslıq
üzrə fəlsəfə doktoru Ülkər Talıbzadə
tədbir iştirakçılarına təşəkkürünü
bildirdi.
S.Fərəcov