“Xocalıya
qayıdış” – rəsm sərgisi
Xocalı soyqırımının 32-ci
ildönümü ilə əlaqədar Xətai Sənət
Mərkəzində “Xocalıya qayıdış” adlı sərgi
təşkil edilib.
Sərgidə tanınmış gənc rəssam,
pedaqoq Təhminə Əlinin 30-a yaxın yetirməsinin əsərləri
nümayiş olunur.
Layihə rəhbəri sənətşünas Əli
Rəşad bildirib ki, sərgilənən əsərlərdə
iki məqam əsas götürülüb: “2023-cü ilin
sentyabrında həyata keçirilən birgünlük lokal
antiterror tədbirlərindən sonra bütün ölkə ərazisində
dövlət suverenliyimiz bərpa olundu. Artıq Xocalıda da
üçrəngli bayrağımız dalğalanır. Bu sərgidə
nümayiş etdirilən əsərlərdə həm faciə,
həm də qələbə ruhu, Xocalıya
qayıdış sevinci göstərilir”.
Çıxış edən qonaqlar Vətənə
məhəbbət hissləri aşılamaq, məktəblilər
arasında milli vətənpərvərlik ruhunu yüksəltmək
və istedadlı şagirdləri aşkara çıxarmaqda
bu kimi sərgilərin əhəmiyyətini qeyd ediblər.
Vurğulanıb ki, bundan sonra rəssamlarımızın
mövzuları düşmənin viran qoyduğu yurd yerlərimizə
yeni həyatın qayıtmasına həsr olunacaq.
Sonda fərqlənən gənc rəssamlara fəxri fərmanlar
təqdim edilib.