Rusiyalı teatr mütəxəssislərinin
Bakıda ustad dərsləri başa çatdı
“Öyrənək və bilgilərimizi peşəmizdə
daha da mükəmməl tətbiq edək”
Xəbər verdiyimiz kimi, 18-21 fevral tarixlərində
Rusiya teatr təmsilçiləri ölkəmizdə səfərdə
olublar. Sankt-Peterburq Aleksandrinski Teatrı (Rusiya Milli Dram
Teatrı) və Azərbaycan Dövlət Akademik Milli Dram
Teatrı arasında imzalanmış əməkdaşlıq
memorandumu çərçivəsində ustad dərsləri
keçirilib.
Azərbaycan Mədəniyyət Nazirliyi, Aleksandrinski
Teatrı, Azərbaycan Teatr Xadimləri İttifaqının və
Akademik Milli Dram Teatrının təşkilatçılığı,
RF Mədəniyyət Nazirliyi və MDB Dövlətlərarası
Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə həyata
keçirilən “Aleksandrinski Teatr Məktəbi” təhsil
layihəsinin uğurlu olduğunu deyə bilərik.
Üç gün (19–21 fevral) sürən ustad dərsləri
Aleksandrinski Teatrının direktoru Sergey Yemelyanovun rəhbərliyi
ilə gerçəkləşdi.
Rusiya və Azərbaycan arasında mədəni əlaqələrə
töhfə olan bu səfər və sözügedən
memorandum ustad dərslərindən savayı
qarşılıqlı qastrol səfərlərinin,
dəyirmi masaların, konfransların, bir sözlə, teatr sahəsində
çoxşaxəli mübadiləni ön plana
çıxarır.
Akademik Milli Dram Teatrında “Müasir milli teatrda idarəetmənin
əsasları” və “Müasir kontekstdə fəaliyyət”
proqramları üzrə intensiv proqramda paytaxt teatrları və
Mədəniyyət və İncəsənət Universiteti tələbələrindən
ibarət iki qrup iştirak etdi.
Birinci proqram menecment məsələlərini, ikinci
proqram isə aktyor sənətini əhatə edirdi. Hər iki
istiqamət üzrə dərsləri Sankt-Peterburq Dövlət
Universiteti və Rusiya Teatr Sənəti İnstitutunun müəllimləri,
həmçinin Aleksandrinski Teatrının mütəxəssisləri
aparırdı.
***
Fevralın 21-də “Aleksandrinski Teatr Məktəbi”
layihəsinin bağlanış mərasimi keçirildi və
dərslərin iştirakçılarına sertifikatlar təqdim
olundu
Akademik Milli Dram Teatrının baş rejissoru Əməkdar
incəsənət xadimi Mehriban Ələkbərzadə,
Aleksandrinski Teatrının direktoru Sergey Yemelyanov və
Sankt-Peterburq Dövlət Universitetinin strateji inkişaf və
tərəfdaşlıq üzrə prorektoru Anastasiya
Yarmoş iştirakçıları təbrik etdilər,
onlara teatr sənəti sahəsində yeni
yaradıcılıq uğurları arzuladılar. Qısa zamanda
da olsa, əldə etdikləri biliklərin müəyyən mənada
istiqamətverici olacağına əminlik ifadə etdilər.
İki qrupda dərslərə qatılan ümumilikdə
70 nəfərə sertifikatlar təqdim olundu.
***
Onlardan bir neçəsinin təəssüratını
öyrəndik.
“Müasir milli teatrda idarəetmənin əsasları”
proqramının iştirakçısı olmuş Akademik
Milli Dram Teatrının truppa müdiri Elnur Məmmədov:
“Öyrənmək heç vaxt gec deyil. Dünya sürətlə
inkişaf edir və biz mütləq hər gün nə isə
öyrənməyə məcburuq. Məşğul olduğum
teatr sahəsi, onun yeni forma və məzmunu barədə
böyük təcrübəyə, zəngin məktəbə
malik rusiyalı teatr təmsilçiləri və teatr sənəti
üzrə mütəxəssislərdən yeni bilgilər əldə
etdim. Ən azı, onların iş prinsipi,
tamaşaçı-teatr münasibətləri barəsində
atdıqları addımlarla tanışlıq imkanı
qazandım”.
“Müasir kontekstdə fəaliyyət” üzrə dərsə
qatılan Akademik Milli Dram Teatrının əməkdaşı,
ADMİU-nun müəllimi, teatrşünas Aygün
Süleymanova: “Marketinq-menecment üzrə müxtəlif
mühazirələr dinlədik. Yeni teatr prosesi, texnikası,
teatra tamaşaçı cəlbi, teatr sosiologiyası kimi
müxtəlif maraqlı istiqamətlərdə məlumatlar
çox faydalı idi. Xüsusən teatr prosesi haqqında
mühazirələr mənim üçün daha maraqlı
oldu. Beləcə, Sankt-Peterburq
teatr məktəbinin təcrübəsi barədə məlumatlanmış
olduq. Çünki oradakı teatr məktəbinin
böyük tarixi var və məncə, öyrənməyə,
tətbiq etməyə dəyər”.
Menecment və aktyor sənəti üzrə hər iki
dərsə qatılan Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrının aktrisası Səbinə
Məmmədzadə: “Mənim üçün öyrənmək
daim öncüllük təşkil edəcək. Buna qədər
də müxtəlif dərslərdə iştirak etmişəm.
Bu da mənim üçün bir mərhələ idi və
sevinirəm ki, uğurla başa çatdı. Aktyor, müasir
dövrün sənətçisi hərtərəfli
olmalı, təkcə səhnə, ifaçılıq ilə
yox, sahəsindəki bütün ixtisaslarla əlaqədə
çalışmalıdır. Çağdaş zaman da bunu
tələb edir: öyrənək və bilgilərimizi
peşəmizdə daha da mükəmməl tətbiq edək.
Bu zamanın aktyoru təkcə səhnədə hansısa
rolu ifa edən deyil. Layihə ilə çıxış
etdiyim bu dinləmələr mənə məşğul
olduğum sahə üzrə fərqli istiqamətlərdə
yaxşı bələdçilik elədi”.
Gənc Tamaşaçılar Teatrının
aktrisası Aygün Fətullayeva: “Əvvəla, zəngin və
dolğun bu üç gün üçün təşkilatçılara
təşəkkür edirəm. Doğrudan da, çox şey
öyrəndim və bu məni məmnun etdi. Nəzəri
bilgilərin praktiki icrası, bundan sonra səhnədə
istifadə edə biləcəyim nələrsə öyrəndim.
Məsələn, öyrəndiyimiz texnikalar, onu hiss etmək,
tərəf-müqabilində tətbiq vərdişləri
izah olundu. Onların metodikası ilə bizə öyrətdikləri,
təbii ki, az zamanda çox şey idi. Sözsüz ki, bildiklərimiz
də vardı. Amma onların icrası, tətbiqi ilə
bağlı səlis, maraqlı, real imkanlar verildi. Sevinirəm
ki, təkcə sertifikatla bitmədi bu iş, daha da effektli
oldu. Belə layihələrin davamlı olmasını arzu edərdim”.
Həmidə
Mədəniyyət .-
2024.- 23 fevral,¹(15).- S.3.