Süleyman Ələsgərovun xatirəsi
məzarı başında anılıb
Fevralın 22-də görkəmli bəstəkar,
pedaqoq, Xalq artisti, professor Süleyman Ələsgərovun
(1924–2000) anadan olmasının 100 illiyi tamam oldu.
Bu münasibətlə sənətkarın Fəxri
xiyabandakı məzarı ziyarət edilib.
Mədəniyyət nazirinin müavini Murad Hüseynov
bəstəkarın musiqi mədəniyyətimizə verdiyi
töhfələrdən danışıb. Bildirib ki,
Süleyman Ələsgərovun 100 illiyi mədəniyyət
ocaqlarında müxtəlif tədbirlərlə qeyd olunur.
Xalq yaradıcılığına dərin maraq göstərən,
bəhrələnən bəstəkar özünəməxsus
üslubu, fərdi yaradıcılıq prinsipləri ilə
seçilib. Mədəniyyət xəzinəmizə rəngarəng
sənət əsərləri bəxş edən sənətkarın
yaradıcılığı xalq tərəfindən hər
zaman sevilib. Süleyman Ələsgərov böyük
Üzeyir Hacıbəylinin tələbəsi olub, öz fəaliyyətində
dahi bəstəkarın ideyalarına daim sadiqlik nümayiş
etdirib, onun ənənələrini qoruyub, yaşadıb.
Görkəmli musiqi xadiminin səmərəli
yaradıcılıq fəaliyyəti dövlətimiz tərəfindən
yüksək qiymətləndirilib.
Milli Konservatoriyanın rektoru Xalq artisti Siyavuş Kərimi
deyib ki, ömrünü həm də pedaqoji fəaliyyətə
həsr edən bəstəkar Ü.Hacıbəyli adına Azərbaycan
Dövlət Konservatoriyasında kafedra müdiri, sonra isə
Şuşa filialının direktoru, Asəf Zeynallı
adına Musiqi Kollecinin direktoru vəzifələrində
işləyib.
Əməkdar artist Tahir İmanov babasının xatirəsini
yad etməyə gələnlərə ailələri adından təşəkkür
edib. Bildirib ki, babası Süleyman Ələsgərov
Qarabağ nisgili ilə dünyadan köçsə də,
indi ruhu şaddır. Çünki doğma Şuşa şəhəri
artıq işğal altında deyil.
Qeyd edək ki, geniş yaradıcılıq
imkanlarına malik olan Süleyman Ələsgərov “Ulduz”,
“Özümüz bilərik”, “Milyonçunun dilənçi
oğlu”, “Sevindik qız axtarır”, “Həmişəxanım”,
“Hərənin öz ulduzu” musiqili komediyaları, “Bahadır və
Sona”, “Solğun çiçəklər” operaları,
“Bayatı-Şiraz” simfonik muğamı, bir çox simfoniya və
kantata, tar ilə xalq çalğı alətləri orkestri
üçün konsert, “Vətənimdir”, “Yada
düşdü”, “Sərvi xuramanım mənim” romansları və
iki yüzdən artıq mahnısı ilə zəngin bir
miras qoyub.
Lalə Azəri