Azərbaycançılıq
məfkurəsini ədəbiyyatımıza gətirən ədib
Fevralın 22-də görkəmli yazıçı,
dramaturq, publisist, naşir, maarif xadimi Cəlil Məmmədquluzadənin
(1869–1932) anadan olmasının 155 illiyi tamam oldu.
Yazıçı realist hekayələri, povest və
dram əsərləri (“Ölülər”, “Anamın kitabı”,
“Dəli yığıncağı”, “Danabaş kəndinin məktəbi”)
ilə milli maarifçi düşüncənin
inkişafına misilsiz töhfələr verib.
Tanınmış maarif və mətbuat xadimi Ömər
Faiq Nemanzadə ilə birgə əsasını qoyduqları
“Molla Nəsrəddin” (1906–1931) jurnalı Azərbaycanda satirik
jurnalistikanın bayraqdarı olub, tənqidi realizmin
formalaşması və inkişafında mühüm rol
oynayıb.
C.Məmmədquluzadənin
yaradıcılığı sənətkarlıq cəhətdən
novatorluğu və demokratik mahiyyəti ilə seçilir. O, ədəbi
əsərləri, publisistikası ilə ədəbiyyat və
mətbu fikir salnaməmizi həm məzmun, həm də
formaca zənginləşdirib. Kiçik hekayənin
böyük ustası kimi tanınan Mirzə Cəlilin hekayələri
çox mühüm sosial mətləbləri son dərəcə
yığcam bir şəkildə, məharətlə əks
etdirmək baxımından dünya ədəbiyyatının
kamil nümunələri ilə bir sırada dayanır.
Azərbaycançılıq məfkurəsini ilk dəfə
ədəbiyyatımıza gətirən böyük ədibin
dram əsərləri bir əsrdən çoxdur
teatrlarımızın repertuarını bəzəyir.
Mədəniyyət .-
2024.- 23 fevral,¹(15).- S.1.