Mədəniyyətimizin
böyük hamisi
Ümummilli lider Heydər Əliyev böyük siyasətdə
olduğu bir qərinədən artıq dövrdə,
doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər,
mədəni irsimizin qorunması və zənginləşdirilməsi,
milli incəsənətin, ədəbiyyatın
inkişafı, respublikada mədəni-maarif işinin
qabaqcıl səviyyədə təşkili sahəsində
müstəsna xidmətlər göstərib.
Heydər Əliyevin mədəniyyətə diqqət
və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin
bütün mərhələlərində – sovet Azərbaycanına
rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində
çalışdığı vaxtda və müstəqil Azərbaycana
onillik prezidentliyi dövründə tarixin yaddaşına
çoxsaylı səhifələrlə yazılıb. O hər
zaman və hər yerdə Azərbaycan mədəniyyətinin
böyük hamisi olub. Bununla bağlı illərin
xronikasından seçmələrin dərcini davam etdiririk.
(əvvəli ötən sayımızda)
2002-ci il 1 noyabr
Heydər Əliyev gənc rəssam Əli Vaqif
oğlu Cəfərovun adının “Qızıl kitab”a
yazılması və Prezidentin xüsusi təqaüdünə
layiq görülməsi haqqında sərəncam imzalayıb.
2002-ci il 7 noyabr
Azərbaycanın görkəmli musiqi xadimi, SSRİ
Xalq artisti, Dövlət mükafatları laureatı, bəstəkar
Fikrət Əmirovun 80 illik yubileyi haqqında sərəncam
imzalayıb.
***
Bakı Bələdiyyə Teatrının 10 illik
yubileyi ilə əlaqədar teatrın əməkdaşlarına
fəxri adların verilməsi haqqında fərman
imzalayıb.
Fərmanla Muxtar Həsən oğlu Avşarov, Vaqif Məzahir
oğlu Əliyev və Yusif Mehdi oğlu Muxtarov “Xalq artisti” fəxri
adına layiq görülüblər.
Teatrın əməkdaşlarından daha 15 nəfərə
“Əməkdar artist”, 2 nəfərə “Əməkdar incəsənət
xadimi”, 3 nəfərə “Əməkdar mədəniyyət
işçisi” fəxri adları verilib.
2002-ci il 8 noyabr
Şəki şəhərinə səfəri
zamanı Azərbaycan memarlığının incilərindən
olan Şəki Xan sarayını ziyarət edib.
2002-ci il 6 dekabr
Respublika Sarayında dirijor və görkəmli bəstəkar
Niyazinin 90 illiyinə həsr edilmiş yubiley gecəsində
çıxış edib.
“...Bəzən kimsə elə düşünür
ki, belə təntənəli yubileylər bəlkə də
lazım deyildir. Ancaq mən bu gün bir daha deyirəm ki, belə
yubiley gecələri bizi daha da zənginləşdirir, bizə
ruh verir, bizi daha da nikbin edir. Mən bu gün bu salonda Niyazi
haqqında deyilən sözləri dinləyərək, onun
musiqisini dinləyərək, dirijorluq sənətinin nümunələrini
yenidən xatırlayaraq, böyük hissiyyatlar keçirirəm.
Bu hissiyyatlar xalqımıza olan sevgidən gəlir. Mədəniyyət,
musiqi xalqımızın ən dəyərli sərvətlərindən
biridir.
Mədəniyyət hər bir xalqı dünyada daha
çox tanıdan, onu təbliğ edən vasitələrdən
biridir. Biz isə xoşbəxtik ki, xalqımızın belə
zəngin mədəniyyəti, musiqisi, incəsənəti var
və bunlar həm xalqımızın özünə mənəvi
qida verir, həm də onu dünya xalqları içərisində
fərqləndirir, tanıdır, başını ucaldır.
Niyazi Azərbaycan xalqının başını ucaldan ən
böyük şəxsiyyətlərdən biridir.
Azərbaycanda simfonik orkestrin yaranması Üzeyir
Hacıbəyovun fəaliyyəti ilə bağlıdır.
Üzeyir Hacıbəyov, Müslüm Maqomayev o illərdə,
ilk illərdə Azərbaycanda simfonik orkestrin inkişaf etməsi
üçün çox işlər görmüşlər.
Birincisi, simfonik orkestr üçün Azərbaycan musiqisi
nümunələri yaratmışlar. İkincisi, ümumiyyətlə,
dünya musiqisinin, dünyanın böyük bəstəkarlarının
əsərlərinin Azərbaycan səhnəsində, Azərbaycan
simfonik orkestrinin ifasında səslənməsində çox
iş görmüşlər. Ancaq mən bunu tam qətiyyətlə
deyirəm – əgər Niyazi olmasaydı, Azərbaycanın
simfonik orkestri bu səviyyəyə çatmazdı. Niyazi
olmasaydı, bizim Azərbaycanın görkəmli bəstəkarlarının
yaratdıqları gözəl opera əsərləri,
simfoniyalar bu qədər yüksək səviyyəyə
çatmazdı. Bunların hamısında Niyazinin xidməti
var...
Niyazi həyatdan gedib, amma Azərbaycan xalqı
üçün gözəl bir miras qoyubdur – simfonik orkestr.
Üzeyir Hacıbəyovun yaratdığı və Niyazinin fəaliyyəti
nəticəsində çox yüksəklərə
qalxmış, indi Niyazini əvəz edən Rauf Abdullayev kimi
dirijoru olan simfonik orkestr...
İndi burada eşitdik, əgər Niyazi olmasaydı,
Qara Qarayevin əsərləri o cür yüksək səviyyədə
təqdim edilə bilməzdi. Eləcə də Fikrət
Əmirovun əsərləri. Onların hamısı bu
simfonik orkestrdən və Niyazinin əlindən keçəndən
sonra biz gördüyümüz səviyyəyə gəlib
çatırdı...
...Millətimə, xalqıma görə fəxr edirəm
ki, belə insanlar yaradıbdır. Onlar bizim mədəniyyətimizi
yüksəldib və bizə böyük miras qoyub gediblər...”.
Konsertdən sonra Heydər Əliyev incəsənət
ustaları ilə görüşüb səmimi söhbət
edib.
“...Siz bilirsiniz, mən həmişə belə hesab
etmişəm və indi də bu fikirdəyəm ki, sənət
adamları tək-tək yetişir. İncəsənət
çətin və mürəkkəb işdir, həyatını
buna həsr etmiş insanlar həm cəmiyyətin və
xalqın, həm də dövlətin qayğılarından kənarda
yaşaya bilməzlər... Biz nə etsək də,
iqtisadiyyatda nə qədər uğurlarımız olsa da, mən
başa düşürəm ki, xalq incəsənətsiz
yaşaya bilməz, axı, o, xalqın simasıdır...”.
2002-ci il 7 dekabr
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında
Vilyam Şekspirin “Hamlet” faciəsinin yeni quruluşda ilk
tamaşasına baxıb.
“...Azərbaycan teatrı vaxtilə, onilliklər bundan
öncə Şekspirin əsərlərinə müraciət
edibdir. “Hamlet” Azərbaycan səhnəsində otuzuncu illərdə
çox uğurla göstərilibdir. Abbas Mirzə Şərifzadə
Hamlet rolunu ilk oynayan bizim görkəmli aktyorlarımızdan
biri olubdur... Elçin Əfəndiyev məlumat verdi ki,
“Hamlet” Azərbaycan səhnəsində dördüncü dəfədir
ki, qoyulur...
Dünyada, ola bilər, yüzə qədər
quruluşda “Hamlet” tamaşası olsun. Hər rejissor, hər
aktyor onu özünün bildiyi kimi göstərir. Amma bunun əsası
Şekspirin yaradıcılığıdır, onun fəlsəfəsidir.
Bu, böyük bir fəlsəfədir..
Bugünkü tamaşa haqqında indi nə deyə
bilərəm? Quruluşçu rejissora (Azərpaşa Nemətov
– red.) təşəkkür edirəm, əsərə
çox yaxşı quruluş veribdir..
O ki qaldı tamaşanın ifaçılarına,
hamınız çox yaxşı oynadınız... Ancaq bu
tamaşanın bütün ağırlığı, təbiidir
ki, Hamlet rolunun ifaçısının üzərinə
düşübdür... Fuad Poladovu mən 1970-ci illərdən
yaxşı tanıyıram. Elə bu səhnədə
çox gözəl rollar ifa edirdi. Çox məmnunam ki, yenə
də bu səhnədədir və deyə bilərəm ki, bu
rolu çox məharətlə oynadı. Fuad, mən səni
təbrik edirəm... Güman edirəm ki, gələcəkdə
də klassik əsərlərdə belə rolları ifa etməkdə
davam edəcəksən...
Əsərdə, əlbəttə ki, kral surəti
var. Rafael, çoxdandır ki, səni səhnədə
görmürdüm... Sonra eşitdim ki, “Hamlet”də
oynayırsan, dedim çox yaxşı ki, buraya gəlmisən...
Səyavuş, Yaşar... Siz həmişə çox
yaxşı oynayırsınız. Elə aktyorlarsınız
ki, sizin haqqınızda nə qədər desək, yenə
söz qurtarmayacaqdır... Gənclər də, təbiidir ki,
inkişaf edirlər. Mən bunu görürəm. Bu gün
tamaşada mən çoxlu gənc ifaçı
gördüm... Teatra gərək gənclər gəlsin. Gənclər
gəlsin ki, onlar Səyavuşun, Yaşarın, o birilərin
işlərini davam etdirsinlər...”.
Hazırladı: V.Orxan
(davamı var)
Mədəniyyət .-
2024.- 23 fevral,¹(15).- S.5.