Doha Ekspo”da Azərbaycanın Milli Günü

 

Fevralın 22-də Qətərdə “Doha Ekspo – 2023” Beynəlxalq Bağçılıq Sərgisində (International Horticultural Expo – 2023 Doha) Azərbaycanın Milli Günü keçirilib.

2023-cü il oktyabrın 2-də başlayan və bu il martın 28-dək fəaliyyət göstərəcək “Doha Ekspo” “Yaşıl səhra, daha yaxşı ətraf mühit” mövzusunda təşkil edilib. Məqsəd davamlı innovasiyaları təşviq etmək və səhralaşma ilə mübarizə aparmaqdır. “Doha Ekspo”da fəaliyyət göstərən pavilyonlar sırasında Heydər Əliyev Mərkəzinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə yaradılan Azərbaycan pavilyonu da yer alıb.

Milli Gün çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərovun rəhbərlik etdiyi nümayəndə heyəti Qətərin dövlət naziri Həməd bin Əbdüləziz əl-Kuvari, bu ölkənin mədəniyyət naziri Şeyx Əbdülrəhman bin Həməd əl-Tani və digər rəsmilərlə görüşdə ölkəmizin Ekspo sərgilərindəki təcrübəsi, eləcə də “Doha Ekspo 2023”də uğurlu iştirakı barədə müzakirələr aparıb.

Daha sonra Milli Günün açılışı olub, Azərbaycanın Dövlət Himni səsləndirilib və Dövlət Bayrağı qaldırılıb.

Tədbirdə Azərbaycanın və Qətər Dövlətinin rəsmiləri, bu ölkədə akkreditasiya olunmuş 60-a yaxın ölkənin səfiri iştirak edib.

Mərasimdə çıxış edən Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Azərbaycan-Qətər münasibətlərinin qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslandığını, sıx təmasların iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verdiyini bildirib.

Ölkəmizin dünyanı narahat edən iqlim dəyişmələri ilə bağlı qlobal məsələlərin həllinə böyük önəm verdiyini və bu istiqamətdə əməli işlər görməkdə davam etdiyini diqqətə çatdıran Anar Ələkbərov bu baxımdan Azərbaycanın noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a ev sahibliyi edəcəyini xüsusi vurğulayıb.

Prezidentin köməkçisi Dohada belə uğurlu və vacib platformanı təşkil etdiyi üçün Qətər Dövlətinə təşəkkürünü bildirərək deyib: “Ölkələrin bir araya gəlməsi humanitar əlaqələrin və əməkdaşlığın inkişafı üçün çox önəmlidir. Qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan xalqlarımız tarixən dini və mədəni əlaqələrlə bir-birinə bağlı olub. Hazırda iki ölkə arasında münasibətlər qarşılıqlı dostluq prinsiplərinə əsaslanır. Hesab edirəm ki, münasibətlərimiz bundan sonra da uğurla davam edəcək”.

“Doha Ekspo – 2023”ün baş komissarı Bader bin Omar əl-Dafa bildirib ki, sərgi bizi dünya ölkələrinə maraqlı “səyahət”ə aparır. Bu gün isə qardaş Azərbaycan Respublikasının Milli Gününü qeyd etmək üçün bir araya gətirib: “Azərbaycanın “Doha Ekspo – 2023”də iştirakı bu sərginin hədəfləri ilə səsləşir, bu da dost dövlətin beynəlxalq əməkdaşlığa, faydalı tərəfdaşlıqlara və investisiyalara töhfəsidir. Ona görə Qətərdəki dövlət və özəl sektoru deyil, ümumiyyətlə, Ekspoda iştirak edən digər dövlətlərin də Azərbaycandakı investisiya mühitindən, bu ölkənin iqtisadiyyatın bir çox sahəsindəki uğurlu təcrübəsindən istifadə etməsini gözləyirik”.

Daha sonra Xalq artisti Azər Zeynalovun ifasında “Azərbaycan” mahnısı, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında isə “Uzundərə” rəqsi təqdim edilib. Mərasim çərçivəsində, həmçinin Azərbaycanın təbiəti və tarixi abidələrini əhatə edən fotosərgi təşkil olunub.

Açılışdan sonra tədbir iştirakçıları “Doha Ekspo – 2023” Beynəlxalq Bağçılıq Sərgisindəki Qətər pavilyonuna baxış keçiriblər.

Qeyd edək ki, ərazisi 1,7 milyon kvadratmetr olan “Doha Ekspo 2023” Qətər paytaxtının ən böyük parklarından biri olan Al Bidda parkında keçirilir. Sərgidə 70-dən çox ölkə və 20-yə yaxın beynəlxalq təşkilat iştirak edir.

Qonaqlar daha sonra Azərbaycan pavilyonunu ziyarət ediblər. Burada “Doha Ekspo”nun ümumi mövzusuna uyğun Azərbaycan florasının zənginliyi göstərilir və iqlim zonalarına uyğun olaraq bitkilərdən kompozisiyalar yaradılıb. Pavilyonda Qarabağ florasının tacı olan xarıbülbül gülünün gözəlliyi də ziyarətçilərə çatdırılır.

Pavilyonda, həmçinin Azərbaycan mədəniyyətinə dair eksponat və məlumatlar yer alıb. Burada xalçaçılıq, misgərlik, şəbəkə kimi xalq sənətkarlığı, milli geyimlər, eləcə də muğam triosu nümayiş olunur.

Qonaqların pavilyona ziyarəti zamanı muğam triosunun ifası olub, kvartetin ifasında Azərbaycan bəstəkarlarının əsərlərindən nümunələr, milli mətbəximiz təqdim edilib.

“Doha Ekspo – 2023”də Azərbaycanın Milli Günü axşam saatlarında Azərbaycan Mədəniyyət Nazirliyi ilə birgə təşkil olunan konsert proqramı ilə davam edib. Qeyd edək ki, fevralın 21-dən 24-dək Qətərdə Azərbaycan Mədəniyyəti Günləri keçirilir.

 

Mədəniyyət .- 2024.- 23 fevral,¹(15).- S.1.