Muğam sənətinin tədqiqatçısı
Gülhüseyn Kazımlı vəfat edib
Muğam sənətinin tanınmış tədqiqatçısı,
şair, publisist, filologiya üzrə fəlsəfə doktoru
Gülhüseyn Kazımlı fevralın 24-də, 74
yaşında vəfat edib.
Gülhüseyn Mərdan oğlu Kazımlı 4 fevral
1950-ci ildə Cəbrayıl rayonunun Kavdar kəndində anadan
olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU)
Filologiya fakültəsində oxuyub, Moskvadakı İctimai
Elmlər Akademiyasında mədəniyyət tarixi və mədəniyyət
nəzəriyyəsi üzrə təhsil alıb.
1973–1981-ci illərdə Azərbaycan Dövlət
Televiziya və Radio Verilişləri Komitəsində redaktor,
daha sonra dövlət qulluğunda, o cümlədən Nazirlər
Kabinetinin İşlər İdarəsində, Daşınmaz Əmlakın
Dövlət Reyestri Xidmətində məsul vəzifələrdə
işləyib.
Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan
Jurnalistlər Birliyinin üzvü olan Gülhüseyn
Kazımlının 20-yə yaxın kitabı işıq
üzü görüb. “Vətən sevgisi” (1978), “Yollarda
ömür” (1981), “Mənə inan” (1983), “İnsanın dərki”
(1995), “Ümid yeri” (2003), “Heydər Əliyevin yadigarları”
(2004), son illərdə Beynəlxalq Muğam Mərkəzi
(BMM) tərəfindən nəşr olunan “Bülbülcan”,
“Salam, Məşədi”, “Kor Əhəd” və başqa
kitabların müəllifidir.
Bədii yaradıcılıqla da məşğul olan
G.Kazımlının şeirlərinə görkəmli bəstəkarlar
Şəfiqə Axundova, Azər Rzayev, Oqtay Rəcəbov,
Əfsər Cavanşirov, Nəriman Məmmədov musiqilər
yazıblar. Həmin mahnıları Baba Mirzəyev, İlhamə
Quliyeva, Flora Kərimova, Oqtay Ağayev kimi sevilən sənətkarlar
ifa ediblər.
O, eyni zamanda görkəmli xanəndələr, mədəniyyət
xadimləri haqqında tədqiqat əsərlərinin müəllifidir.
Ömrünün son illərini BMM-də muğam sənətinin
təbliği ilə bağlı layihələrə həsr
edən G.Kazımlı görkəmli xanəndələr
Bülbülcan, Seyid Şuşinski, Hacıbaba Hüseynov,
Şövkət Ələkbərova, Həqiqət Rzayeva, məşhur
qarmon ifaçıları Kor Əhəd, Teyyub Dəmirov və
digər sənətkarların həyat və
yaradıcılığına həsr olunmuş musiqili gecələrin
təşkilində xüsusi rol oynayıb. BMM-in böyük
maraqla izlənilən “Unudulmayanlar” və “Dəyirmi masa” layihələrinin
koordinatoru idi.
Gülhüseyn Kazımlının xatirəsi onu
tanıyanların qəlbində yaşayacaq.
Allah rəhmət eləsin.
Mədəniyyət.- 2024.- 28 fevral,¹(16).- S.6.