“Cəfər
Cabbarlı yaşasaydı, repressiyadan kənarda qala bilərdi...”
Asif Rüstəmli: “Cabbarlı 1929-cu ildə
Şuşada olmuş, orada Pedaqoji Texnikumun tələbələri
ilə görüşmüşdü”
Bu il böyük yazıçı və dramaturq Cəfər
Cabbarlının (1899–1934) anadan olmasının 125 illiyidir.
Müsahibimiz Cabbarlı irsinin tanınmış tədqiqatçısı,
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
baş elmi işçisi, filologiya üzrə elmlər
doktoru, professor Asif Rüstəmlidir. 2024-cü il Asif müəllim
üçün də əlamətdardır – 70 illiyini qeyd
edir.
Asif Rüstəmli 1954-cü il fevralın 16-da
Ağcabədi rayonunun Qiyaməddinli kəndində anadan olub.
Azərbaycan Dövlət Universitetini (indiki BDU) bitirib. 15
kitabın, 350-dən çox elmi, publisistik məqalənin
müəllifidir. Araşdırmalarının əsas istiqamətini
cabbarlışünaslıq təşkil edir.
C.Cabbarlının kitablarına salınmamış 6 pyesini, 4
hekayəsini, 30-dək lirik və satirik şeirini, 60 ədəbi-tənqidi
məqaləsini ilk dəfə toplayıb, ərəb
qrafikasından transliterasiya və tərtib edib, ön söz,
qeydlər və şərhlər yazaraq “Ədirnə fəthi”
adı ilə 1996-cı ildə çap etdirib.
– Asif müəllim, 70 illik yubileyiniz münasibətilə
təbrik edirik! Necə oldu elmi-tədqiqat işinə maraq
göstərdiniz?
– Təbrikə görə çox sağ olun. Orta təhsilimi
bitirib ali məktəbə hazırlaşırdım.
Oxuduğum kitablara nəzər yetirdikdə gördüm ki, bəzən
eyni əsər fərqli müəlliflərə aid edilir. Bəs,
görəsən, əslində, əsərin müəllifi
kimdir? Məhz bu tip suallar məni arxivlərə apardı. Beləliklə,
bu ziddiyyətləri aradan qaldırmaq üçün tədqiqatlara
başladım. Onu da qeyd edim ki, Cabbarlı mənim ilk tədqiqat
sahəm deyildi. Ədəbiyyat İnstitutunda işlədiyim
ilk vaxtlarda mollanəsrəddinçi şair “Bayraməli
Abbaszadənin həyat və yaradıcılığı”
mövzusunda namizədlik işi (fəlsəfə
doktorluğu dissertasiyası – red.) götürdüm.
Doğrudur, o dövrdə tanınmış alimlərimiz mənə
məsləhət görürdülər ki, bu mövzunun
çərçivəsi çox dardır, namizədlik
işinin tələblərinə cavab verə biləcək nəticə
ortaya qoya bilməyəcəksən. Ancaq mən yenə də
bu mövzu üzərində israr etdim. Beləliklə,
çox maraqlı bir monoqrafiya alındı. Monoqrafiyanın
maraqlı alınmasının səbəbi orada gizli
imzaların üzə çıxarılması idi. Mənə
görə, bu dissertasiya işi mətnşünaslıq
baxımından da dəyərlidir.
Tələbələrimin xoş sorağını
eşidəndə sevincimin həddi-hüdudu olmur
– Pedaqoji fəaliyyətiniz də elə bu sahə ilə
bağlıdır...
– Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetində kafedra müdiri işləyən
yaxın dostum, professor Nizaməddin Şəmsizadə
1996-cı ildə məni bu təhsil ocağında mətnşünaslıqdan
dərs deməyə dəvət etdi. Mən də
böyük məmnuniyyətlə bu təklifi qəbul elədim.
Həmin ildən 2019-cu ilə qədər Mədəniyyət
və İncəsənət Universitetində işlədim. Fəxr
edirəm ki, tələbələrimdən bir qismi elmi yolu
seçdilər. Onların içərisində elmlər və
fəlsəfə doktorları var. Bu gün dövlət
qulluğunda, mədəniyyət sahəsində
çalışan tələbələrim var ki, onların
xoş sorağını eşidəndə sevincimin həddi-hüdudu
olmur.
– Bildiyim qədər, bir müddət naşir kimi də
fəaliyyət göstərmisiniz. Nə əcəb bu sahədə
işlərinizi davam etdirmədiniz?
– Bəli, vaxtilə “Ozan” nəşriyyatını təsis
etmişdim. Çox dəyərli nəşrlərimiz oldu.
Ancaq həm pedaqoji, həm də elmi fəaliyyətimlə əlaqədar
nəşriyyatdakı işimi davam etdirə bilmədim.
2009-cu ildə fəaliyyəti dayandırıldı.
– Ssenariləriniz əsasında bir sıra sənədli
filmlər də çəkilib...
– Cümhuriyyətin ideoloqlarından biri, publisist,
dramaturq, tərcüməçi Mirzə Bala Məmmədzadənin
həyat və fəaliyyətinə həsr edilən
“İstiqlal fədaisi” adlı sənədli film ssenarim əsasında
çəkildi. Filmin bəzi hissələri onun
doğulduğu Zirə qəsəbəsində lentə
alındı. Orada M.B.Məmmədzadənin qohumları ilə
görüşdüm, hətta onun doğulduğu evi də
çəkdik. Ssenarim əsasında çəkilən digər
bir sənədli film Gənclər və İdman Nazirliyinin
sifarişçisi olduğu “Bir kərə yüksələn
bayraq. Azərbaycan Cümhuriyyəti – 100” adlı ekran
işidir.
Cabbarlının mədəniyyətimizdəki izləri
əsrlər sonra da xatırlanacaq
– İndi isə gələk əsas elmi-tədqiqat sahənizə
– Cəfər Cabbarlı mövzusuna. Onun Azərbaycan ədəbiyyatı
və mədəniyyətində yerini necə xarakterizə edərdiniz?
– Cəfər Cabbarlı həm çar Rusiyası, həm
Cümhuriyyət, həm də sovetlər dövründə
yaşayıb-yaradıb. Biz əgər onun əsərlərinin
daxili rəmzi əlaqələrini nəzərdən
keçirsək, bu üç epoxanı birləşdirən
bir vəhdət olduğunu görərik. Mənə elə gəlir
ki, C.Cabbarlı Azərbaycan mədəniyyəti ilə həm
ölkələri, həm də şüurları,
düşüncələri fəth etməyi
qarşısına məqsəd qoymuşdu. O, əsərlərinin
tamaşalarına bir sıra musiqiləri özü bəstələmişdi.
Ümumiyyətlə, Cabbarlı Azərbaycan mədəniyyətində,
incəsənətində elə dəyərli izlər qoyub
ki, hesab edirəm, əsrlər sonra da xatırlanacaq. Ulu
öndər Heydər Əliyev onun irsini həmişə
yüksək qiymətləndirmiş, haqqında dəyərli
fikirlər səsləndirmişdi.
– Cabbarlı yaşasaydı, qarşıdan gələn
repressiya dalğasından sağ qurtula bilərdimi?
– Fikrimcə, əgər Cabbarlı yaşasaydı,
repressiyadan kənarda qala bilərdi. Çünki o, repressiyaya
qədər iki dəfə həbs olunmuşdu. Birinci dəfə
müsavatçı olduğuna görə 1923-cü ilin iyun
ayında 20-yə yaxın şəxslə birlikdə həbs
edilmiş, təxminən iki aydan artıq həbsxanada
qalmışdı. İkinci dəfə oktyabr ayında gizli
“İstiqlal” qəzetinin nəşrində iştirak etdiyinə
görə həbs edilmişdi. Hər iki həbsdə yetərincə
yoxlanılıb süzgəcdən keçirilmişdi. Onu həbs
edənlər görmüşdülər ki, C.Cabbarlı
ölkəsini, mədəniyyətini, incəsənətini
sevən və bu yolda özünü fəda edən vətənpərvər
insanlardan biridir. Məsələn, gəlin paralel nəzərdən
keçirək. C.Cabbarlı kasıb bir ailədəndir.
Atası kömürçü işləyirdi. Çox gənc
yaşlarından yetim qalmışdı. Böyük bir ailəni
əzab-əziyyətlə saxlayırdı. Lakin Üzeyir
Hacıbəyli bəy nəslindən idi. O, Cümhuriyyət
dövründə Ceyhun Hacıbəylidən sonra “Azərbaycan”
qəzetinin baş redaktoru olmuşdu. Buna baxmayaraq, 1937-ci ildə
repressiya olunmadı, güllələnmədi, sürgün
edilmədi. Bu nöqteyi-nəzərdən mənim şəxsi
fikrimdir ki, C.Cabbarlı repressiyaya məruz qalmaya bilərdi.
Ancaq, məsələn, 1937-ci ildə dindirilmə zamanı
müstəntiqin “Siz müsavatçılardan kimi
tanıyırsınız” sualına cavabında
Böyükağa Talıblı birinci dəfə
C.Cabbarlının adını çəkir. Burada bir sual
maraq doğurur. Görəsən, B.Talıblı niyə onun
adını çəkib? Bəlkə, ona görə çəkib
ki, Cabbarlı artıq üç il idi həyatda yox idi. Bəlkə
də, C.Cabbarlı sağ olsaydı, onun adını yenə
də birinci çəkə bilərdilər. Hər halda
bunlar ehtimallardır.
“Ədəbi məhkəmələr” repressiyalara zəmin
oldumu?
– Onun rəhbərliyi ilə təşkil edilmiş “ədəbi
məhkəmələr”in Azərbaycan ədəbiyyatı
tarixində yerini necə görürsünüz? Bu müzakirələr
barədə fərqli düşünənlər də var.
– Bəzi həmkarlarım belə hesab edirlər ki, “ədəbi
məhkəmələr” ədibi, sənətkarı gözdən
salmaq, ifşa etmək məqsədilə
yaradılırdı. Ancaq mən onlardan fərqli
düşünürəm. “Ədəbi məhkəmələr”in
üzvləri istəyirdilər ki, əsərin disputunu,
müzakirəsini elə keçirsinlər ki, buna savadlı
insanlarla yanaşı, fəhlə də maraqla qulaq assın.
Əslində, “ədəbi məhkəmə”, adından da
göründüyü kimi, “ədəbi mübahisələr”
mərkəzi idi. Mən belə hesab edirəm ki, bu müzakirənin
son dərəcə o dövr üçün tamam fərqli və
yeni bir variantı idi. Yəni əsərin həm
güclü, müsbət tərəfi, həm də mənfi
və zəif tərəfi bu “məhkəmə”lərdə
üzə çıxarılırdı. Məsələn,
ilk “ədəbi məhkəmə”si olan əsərlərdən
biri Hüseyn Cavidin “Şeyx Sənan” əsəridir. “Şeyx
Sənan”da Cabbarlı özü də gənc bir dramaturq
olaraq “müddəiyi-ümumi” irəli sürən qiyafəsində
(ittihamçı – red.) çıxış etmişdi.
Cabbarlının “Şeyx Sənan” əsərinin müzakirəsindəki
çıxışını ilk dəfə mən
1996-cı ildə “Ədirnə fəthi” kitabında çap
etdirmişəm. Mən o çıxışı oxuduqdan
sonra bir daha Hüseyn Cavidin “Şeyx Sənan” əsərində
Cabbarlının irad tutduğu məqamlara baxdım. Bu
iradların heç biri əsərdə qalmamışdı.
Deməli, Cavid o iradları qəbul edərək əsərində
düzəlişlər etmişdi.
Bundan başqa, Cabbarlının “Aydın”, “Almaz” əsərləri
də “ədəbi məhkəmə”də müzakirə
edilmişdi. Doğrudur, xatirələrdən,
Cabbarlının münasibətlərindən hiss olunur ki, o
bu cür təhlildən, müzakirədən narazı
qalıb. Nəticə olaraq, düşünürəm ki, XX əsrin
20-ci illərində, 30-cu illərin əvvəllərində
“ədəbi məhkəmələr” deyilən, əslində
isə “ədəbi mübahisələr”dən ibarət olan
həmin dövrün əsərlərinin təhlili və
müzakirəsi ədəbiyyatımıza təsir etdi.
Çünki əsl sənətkarlarla yanaşı, o
dövrdə çox zəif şairlər,
yazıçılar, dramaturqlar da var idi ki, onlar
üçün bu “ədəbi məhkəmələr” həm
də bir məktəb idi.
– Həmin “məhkəmələr” sonrakı illərdə
ədiblərimizin repressiya burulğanına düşməyinə
müəyyən dərəcədə təkan vermişdimi?
– Mənim fikrim repressiya dövrünü tədqiq edənlərin
fikirlərindən tamamilə fərqlidir. Elə
düşünmürəm ki, “ədəbi məhkəmələr”
birbaşa həmin yazıçılarımızı
repressiyaya təhvil verdi. Çünki mən həm
repressiyanı, həm “ədəbi məhkəmələr”
dövrünü arxiv materialları əsasında
araşdırmışam. Repressiya siyasi sifariş idi. Bizdə
olan “ədəbi məhkəmə” Özbəkistanda da
vardımı? Xeyr. Qazaxıstanda da vardımı? Xeyr. Bəs
onlarda niyə görkəmli insanlar, sənətkarlar repressiya
olundu, güllələndi? Repressiya savadlı insanları
aradan qaldırmaq və kütləni asan idarə etmək
üçün o dövrkü rejimin siyasəti idi. Ona
görə də hesab edirəm ki, “ədəbi məhkəmələr”lə
repressiyanı əlaqələndirmək düzgün deyil.
“Ədəbi məhkəmələr”in əvvəldən-axıracan
məramı müəllifi, sənətkarı, şair,
yazıçı və dramaturqu yox, əsəri təhlil etmək,
onun zəif və güclü cəhətlərini göstərmək
idi. Bu, repressiya üçün hazırlıq deyildi...
– Cabbarlının Cümhuriyyət dövrü fəaliyyəti
barədə nə deyə bilərsiniz?
– Mənə elə gəlir ki, Cümhuriyyət illəri
Cabbarlı yaradıcılığının məhsuldar
dövrüdür. Cabbarlı həmin dövrdə çox
sanballı əsərlər yaratdı. Bunlara “Aydın”,
“Bakı müharibəsi” əsərlərini misal göstərə
bilərəm. O həmin dövrdə bir sıra hekayələr
də yazmışdı. Məsələn, “Parapetdən
Şamaxı yoluna qədər” satirik əsəri o dövrdə
“Azərbaycan” qəzetində rus dilində dərc
olunmuşdu. İlk dəfə o əsəri də 1996-cı
ildə çıxan “Ədirnə fəthi” kitabına daxil
elədim. Cabbarlının “Əhməd və Qumru” hekayəsini
də Cümhuriyyət dövründə yazıb. Əsər
1918-ci ilin mart soyqırımına, xüsusilə,
Şamaxıda və Bakıda baş verən o qanlı hadisələrə
həsr edilib. Onun bu dövrdə yazdığı “Sevimli
ölkəm” şeiri bu gün də dillər əzbəridir.
Bildiyiniz kimi, Asəf Zeynallı həmin şeirə “Ölkəm”
romansını bəstələyib.
Ümumiyyətlə, C.Cabbarlının əsərlərinin
böyük əksəriyyəti sovet dövründə
çap olunmadı. Ona görə ki, həmin əsərlər
bizim milli istiqlalımızla bağlı idi. 1991-ci ildə
müstəqilliyimizi bərpa etdikdən sonra o əsərləri
toplayıb nəşr etdirdik.
Rəsulzadə Cabbarlının fəaliyyətinə
böyük dəyər verirdi
– Mənbələr görkəmli ədiblə Rəsulzadənin
münasibətləri barədə nə deyir?
– Sənədlərə əsasən deyə bilərik
ki, Cabbarlı ilə Rəsulzadənin dostluğu 1917-ci ildən
başlayıb. 1917-ci il yanvarın 4-də Rəsulzadənin rəhbərliyi
ilə “Ədiblər və mühərrirlər cəmiyyəti”
adlı bir təşkilat yaratdılar. Bu cəmiyyət iki il
yaşadı. Cəmiyyətdən qalan ən böyük iz
“Qardaş köməyi” adlı ədəbi toplu oldu. Həmin
toplunu tərtib edən və ön söz yazan Rəsulzadə
idi. Topluda Cabbarlının “Qürub çağı bir yetim”
şeiri də çap olunmuşdu. Cümhuriyyətin
süqutuna qədər onların çox yaxın, mehriban
dostluq və yaradıcılıq əlaqələri olub. Bu
yaradıcılıq əlaqələri həm də onunla
bağlı idi ki, artıq mühacirətə gedəndən
sonra Rəsulzadə Cabbarlının Azərbaycandakı fəaliyyətini,
əsərlərini həm təhlil edirdi, həm də
çox yüksək qiymətləndirirdi. Bunlar da onu deməyə
əsas verir ki, onların sırf insani dostluq münasibətlərindən
əlavə, həm də bir yaradıcılıq əlaqələri
var idi.
– Cabbarlının 125 illiyi münasibətilə hansı
yeniliklər, layihələr olacaq?
– 2015-ci ildən Azərbaycan Yazıçılar
Birliyində Cəfər Cabbarlı komissiyasının sədriyəm.
Ədibin yubileyi ilə bağlı Yazıçılar
Birliyi tərəfindən Mədəniyyət Nazirliyinə məktub
ünvanlanıb. Nəticəsini gözləyirik. İl ərzində
Cabbarlı ilə bağlı özüm bir neçə
kitab çap etdirməyi nəzərdə tutmuşam.
Ədibin həyat yoldaşı Sona xanım Cabbarlının
onun haqqında yığıb tərtib etdiyi xatirələrdən
əlavə yeni xatirələr də toplamışıq.
İstəyirik ki, bunların hamısını birlikdə
çap etdirək. Dramaturqla bağlı çoxsaylı elmi
məqalələrim var, onları da toplayıb kitab halında
nəşr etdirməyi planlaşdırırıq. Bundan əlavə,
Cabbarlının hekayələri ilə bağlı Türkiyədə
Seda Arıkan və Süleyman Kaan Yalçının bir yerdə
hazırladığı monoqrafiya var. Həmin kitabı da
türkcədən azərbaycancaya uyğunlaşdırıb
nəşr etdirməyi düşünürük.
Cabbarlı haqqında Xalq yazıçısı
Anarın Mədəniyyət Nazirliyinə təqdim etdiyi bir
kinossenarisi var. Çox istəyərdik ki, Anar müəllimin
həmin ssenarisi əsasında Cabbarlı haqqında film
çəkilsin.
Həmçinin arzumuz budur ki,
yazıçının 125 illik yubileyini Şuşada
keçirək. Çünki Cabbarlı 1929-cu ildə
Şuşada olmuş, orada Pedaqoji Texnikumun tələbələri
ilə görüşmüşdü. Hesab edirəm ki, ədibin
125 illiyi Şuşada qeyd edilsə, onun ruhu da şad olar.
Ümumiyyətlə, yubileylə bağlı Bakıda,
Xızıda və ali məktəblərdə
çoxsaylı tədbirlər nəzərdə tutulub.
– Son olaraq gələcək planlarınız
haqqında məlumat verərdiniz...
– Hazırda pedaqoq, ictimai xadim Cəmo bəy Cəbrayılbəylinin
həyatı və bədii yaradıcılığı
mövzusunda monoqrafiya üzərində işləyirəm.
Monoqrafiyanın böyük bir hissəsi artıq bitib.
Güman edirəm ki, onun həyat və
yaradıcılığı müasir oxucularımız
üçün çox maraqlı olacaq. Bundan əlavə,
son on ildə çap etdirdiyim, müxtəlif mətbuat
orqanlarında çıxan məqalələrimi seçib
“Cümhuriyyət məfkurəsi” adı ilə çap etdirəcəyəm.
Nurəddin Məmmədli
Mədəniyyət.- 2024.- 28 fevral,¹(16).- S.7.