Musiqilərdə əbədiləşən
ömür
Mən bu həyat yollarında
İlkin addım atıram.
Günlər keçir, əməlimlə
Mən arzuma çatıram.
Bu misralar Xalq şairi Fikrət Qocaya məxsusdur. Bəstəkar
Adil Bəbirov bu sözlərə və Fikrət Qocanın
bir neçə başqa şeirinə mahnılar yazıb. Bu
mahnılar bir çox müğənnilərin ifasında
dillər əzbəri olub.
Şeirdə qeyd olunduğu kimi hər bir insan
addım atdığı həyat yolunda əməlləri ilə
arzusuna çatır. Arzulara isə heç də asanlıqla
çatmaq olmur. Enişli-yoxuşlu yollarla keçən
ömür yaradıcı insan üçün keşməkeşli
olsa da, maraqlı və sevindiricidir. Belə maraqlı
yaradıcılıq yolu keçmiş unudulmaz bəstəkarımız,
Əməkdar incəsənət xadimi Adil Bəbirovun bu il
anadan olmasının 90 illiyidir.
Adil Musa oğlu Bəbirov 1934-cü il fevralın 15-də
Bakıda anadan olub. Musiqi təhsilini tar sinfində alan gənc
istedadı ilə ətrafdakılardan seçilirdi. Daha sonra təhsilini
A.Zeynallı adına Bakı Musiqi Texnikumunda
tanınmış tarzən Əhməd Bakıxanovun sinfində
davam etdirir. 1954-cü ildə texnikumu bitirir və elə həmin
ildə də Ü.Hacıbəyli adına Azərbaycan
Dövlət Konservatoriyasının Bəstəkarlıq
fakültəsinə daxil olur.
Sonralar tələbəlik illərindən bəhs edərkən
müəllimləri haqqında xoş xatirələrlə
söz açardı: “Mən ilk bəstəkarlıq dərslərimi
Əşrəf Abbasovdan almağa başladım. Əşrəf
müəllim konservatoriyanın rektoru idi, həm də bəstəkarlıq
kafedrasında çalışırdı. Sonra o, mənə
təhsilimi Qara Qarayevin sinfində davam etməyimi məsləhət
gördü. Mən Qara Qarayevin rəhbərliyi ilə 5-ci
kursa qədər bir çox əsərlərimi yazdım,
lakin səhhətimlə əlaqədar son kursdan getməli
oldum. Yalnız bir xeyli müddət sonra, 1978-ci ildə
konservatoriyaya yenidən qayıdıb, simfonik əsərlə
təhsilimi bitirərək diplomumu aldım”.
Bu xatirədən bəlli olur ki, həqiqətən də,
sənət yolu çox enişli-yoxuşludur. Amma sənətdə
də hər bir insanın ömrünə düşən
qismət payıdır. Bəstəkar olmaq niyyəti ilə
yaşayan Adil Bəbirov hər çətinlikdən keçərək
bu sənətə peşəkarlıqla nail oldu və
musiqinin müxtəlif janrlarına müraciət etdi.
Onun yaradıcılıq irsi rəngarəngdir.
Fortepiano üçün prelüdlər, variasiyalar, skripka
üçün sonata, violonçel və fortepiano
üçün pyeslər, romans və mahnılar, filmlərə,
teatr tamaşalarına (S.Vurğunun “İnsan”, B.Vahabzadənin
“İz qalır”) yazılmış musiqilər, “Yer tutanlar”
müzikli, konsert pyes, kamera orkestri üçün 5 pyes, balet
süitası, Azərbaycan xalq
mahnılarının işləmələri və s.
Bəstəkarın 1966-cı ildə nəşr
olunan fortepiano üçün sonatası, eləcə də
4 mahnıdan ibarət (“Mən anayam”, “İlk addımlar”,
“Yollar”, “Xoşbəxt olsunlar”) not məcmuəsi (1968), “Azərbaycan
bəstəkarlarının pyesləri” adlı fortepiano məcmuəsi
(1975) özünəməxsusluğu ilə seçilir.
Adil Bəbirovun yaradıcılığında 1980-ci
ildə yazdığı estrada üçün I hissəli
konsert-pyesi də böyük maraqla
qarşılanmışdı. Konsertin ritm və
intonasiyaları bir qədər caz musiqisinə xas olan elementləri
özündə büruzə verir. Bu əsərlər
peşəkar ifaçıların repertuarlarında xüsusi
yer alıb.
O, mahnı janrında da dəyərli nümunələr
yaradıb. Qeyri-adi melodizmi ilə fərqlənən
mahnıları Ş.Ələkbərova, O.Ağayev, Y.Səfərov,
Y.Rzazadə, E.Rəhimova, A.İslamzadə, M.Əhmədov
kimi müğənnilərimizin ifasında “qızıl fond”a
daxil olub. “Oyan”, “Bilirsən özün”, “Taleyim olar”,
“Görüşə gəl”, “Çiçək açar
ömrümüz”, “Ana laylası”, “İncitmə məni”, “El
üçün”, “Özünlə apar”, “Ceyran
baxışlı yar”, “Bənövşə”, “Salam olsun”, “Ey
Vətən”, “Yurd yeri” mahnıları gözəl sənət
inciləridir. Bu mahnılar B.Vahabzadə, F.Qoca, V.Səmədoğlu,
Y.Həsənbəy və başqa şairlərin şeirlərinə
bəstələnib.
Adil Bəbirov yaradıcılığında iri
janrlı əsərlərə də müraciət edib.
1982-ci ildə “Yer tutanlar” müzikli Musiqili Komediya Teatrında
səhnəyə qoyulmuş, “Melodiya” səsyazma firması tərəfindən
2 valdan ibarət alboma yazılmışdı.
Bəstəkar kino musiqisi sahəsində də məhsuldar
çalışıb. Sənədli televiziya və cizgi filmlərinə
(“Oxu tar”, “Sevinc”, “Azərbaycan ipəyi”, “Pəncə...
qulaq... palaz... tikan”, “Sağ ol, dostum” və s.) filmlərini
sadalamaq olar.
Adil Bəbirov hələ gənc yaşlarından təhsillə
paralel olaraq, televiziya və radioda səs rejissoru, sonralar isə
musiqi verilişləri baş redaktoru kimi fəaliyyət
göstərib.
2000-ci ildə Adil Bəbirov Kanadanın Toronto şəhərinə
köçüb və 26 sentyabr 2021-ci ildə orada
dünyasını dəyişib.
Hər bir yaradıcı insanı yaşadan
özündən sonra qalan əməlləridir. Sənətkarların isə əbədi
ömrü həm də əsərlərində öz əksini
tapır. Bu mənada unudulmaz bəstəkarımız Adil Bəbirov
da öz əsərlərinin sayəsində daim yaşayacaq.
Çünki onun musiqisi yaddaqalan və gözəl
melodiyalardan rişələnir. Bu əsərlər daim bəstəkarı
xatırladacaq.
Ruhu şad olsun.
Fidan Nəsirova-Əhmədova
Ü.Hacıbəyli adına BMA-nın elmi
laboratoriyasının əməkdaşı
Mədəniyyət.- 2024.- 28 fevral,¹(16).- S.6.