Bakıdan keçən
sənət yolu
Leopold Rostropoviç Azərbaycanda violonçel məktəbinin
yaranmasına mühüm töhfə verib
Dünyaşöhrətli violonçelist Mstislav
Rostropoviç deyirdi ki, atam mənim ilk müəllimim və
dostumdur. 7 yaşında violonçeldə ifaya
başladığıma baxmayaraq, mən onun dərslərini
ömrüm boyu xatırlayıram, mən ifa etməyə tənbəllik
edirdim, daha çox atamın ifasını dinləməyi
xoşlayırdım. O hərtərəfli musiqiçi idi...
Görkəmli violonçel ifaçısı,
dirijor, pedaqoq Saratov və Azərbaycan
konservatoriyalarının professoru Leopold Rostropoviçi anadan
olmasının 132-ci ildönümündə yad edirik.
Leopold Rostropoviç 1892-ci il fevralın 26-da Voronejdə
anadan olmuşdu. Atası Vitold Rostropoviç Peterburq
Konservatoriyasında təhsil almış və Voronejə
işləməyə gələn istedadlı musiqiçi
idi. Leopold kiçik yaşlarında atasından fortepianoda ifa
etməyin, musiqi bəstələməyin
yollarını öyrənirdi, lakin onun peşəkar gələcəyini
violonçelist Aleksandr Lukiniçlə görüşü
müəyyən etdi. Çex əsilli musiqiçi,
Rusiyanın musiqi sənətində aparıcı rola malik
olan A.Lukiniç V.Rostropoviç ilə bir ansamblda ifa edirdi. Məşqlərdə
iştirak edən Leopold violonçel alətinə heyran olur.
A.Lukiniç ona violonçeldə ifa etməyi öyrətməyə
başlayır.
1904-cü ildə 12
yaşlı Leopold konsertlərdə çıxış etməyə
başlayır. Onun yüksək eşitmə qabiliyyəti,
gözəl yaddaşı və artistizmi vardı. Əgər
zalda tamaşaçılar çox olurdusa, o daha da
yaxşı ifa edirdi. 1905-ci ildə atası onu Peterburq
Konservatoriyasına imtahan verməyə aparır. Leopoldun
ifasına Peterburq violonçel məktəbinin rəhbəri
Aleksandr Verjbiloviç qulaq asır və onu öz sinfinə
götürür. Leopold fortepiano ilə də məşğul
olmağı qərara alır və
Anna Yesipovanın sinfinə qəbul olunur. Görkəmli
pianoçu və pedaqoq olan Anna Yesipova tələbələrini
xüsusi tələbkarlıqla seçməyinə baxmayaraq,
Leopolda etiraz etmədi. Çünki o, təkcə
violonçeldə deyil, fortepianoda da peşəkar səviyyədə
ifa edirdi. L.Rostropoviç sonralar deyirdi ki, fortepiano hər bir
peşəkar musiqiçinin təkmilləşməsi
üçün əsasdır.
Maddi vəziyyətin yaratdığı çətinliklərə
görə Leopold 18 yaşından dərs deməyə
başlayır. 1910-cu ildən N.Bıstrov adına Peterburq
Musiqi məktəbində müəllimlik edir. Həmin il
konservatoriyanı qızıl medalla bitirən L.Rostropoviç
qastrol səfərlərinə çıxır. Bir çox
şəhərlərdə, o cümlədən də Parisdə
uğurlu çıxışı haqqında fransız və
ingilis mətbuatında məlumat verilir. “Violonçelist solist
– L.Rostropoviç” başlıqlı xüsusi reklam bukleti
buraxılır.
Konsert turnelərindən biri L.Rostropoviçi
Orenburqla bağlayır.
Buradakı konsertlərin birində o, istedadlı musiqiçi
Sofya Fedotova ilə tanış olur. İki gənc arasında
yaranmış məhəbbət
tezliklə onların ailə qurmasına səbəb olur.
Saratovda qızları Veronika dünyaya gəlir.
1925-ci ilin ortalarında
görkəmli bəstəkarımız Üzeyir
Hacıbəyli L.Rostropoviçi Bakıya, Azərbaycan
Dövlət Konservatoriyasına (ADK) işləməyə dəvət
edir. Burada violonçel sinfində dərs deməyə
başlayan L.Rostropoviç Azərbaycanda professional
violonçel məktəbinin yaranmasına əvəzolunmaz
töhfələr verib. O, ADK-nın nəzdində ilk simli
kvarteti yaradanlardan biri olub. Kvartetin üzvləri Y.Eydlin,
H.Simberov, V.Adamski və L.Rostropoviç idilər.
Konservatoriyada L.Rostropoviçin çoxlu tələbələri
vardı. Onlardan görkəmli Azərbaycan bəstəkarı
A.Zeynallının, eləcə də Ə.Kərimov, H.Veysov,
Ə.Daşdəmirov, Q.Krupkinin və başqalarının
adlarını çəkmək ola.
Həyat yoldaşı, gözəl pianoçu Sofya
Nikolayevna da 1929-1931-ci illərdə ADK-da Fortepiano fakültəsində
dərs deyib. Bakıda yaşadığı dövrü L.
Rostropoviç həyatının ən maraqlı illəri
hesab edib. Qeyd edək ki, o ilk dəfə Bakıda
1914-1916-cı illərdə olmuş, burada konsertlərlə
yanaşı, xüsusi dərslər də vermişdi.
1927-ci il martın 27-də Rostropoviçlərin
oğlu Mstislav Rostropoviç dünyaya gəlir. Evdə olan
musiqi ab-havası, S.Fedotova və L.Rostropoviçin gözəl
ifası Mstislavın hələ kiçik yaşlarından
musiqini sevməsinə səbəb olur. Uşaqlarının
daha da yaxşı musiqi təhsili alması fikri ilə
Rostropoviç ailəsi 1931-ci ildə Bakıdan Moskvaya
köçür. Orada
L.Rostropoviç tez-tez konsertlər verir və Qnesinlər
adına Musiqi liseyində dərs deyir.
Müharibə başlayanda (1941) ailəsi ilə
birlikdə Orenburqa köçür. 1942-ci ildə Leopold
ağır xəstələnir. Müharibə səbəbi
ilə dərman tapılmadığına görə ürək
xəstəliyini müalicə etmək mümkün deyildi.
Öləcəyini hiss edən Leopold həyat yoldaşına
və uşaqlarına vəsiyyətini açıqlayır.
O, ailəsinə nə qədər maddi çətinlik
yaşasalar da violonçeli və royalı satmamağı,
Slavanın S.Kozolupovdan violonçel dərsləri
almasını tapşırır. Leopold Rostropoviç 31 iyul
1942-ci ildə Orenburqda ürək tutmasından vəfat edir...
Azərbaycan musiqi sənəti tarixində
mühüm töhfələri olan Rostropoviçlərin xatirəsi
onların Bakıdakı evində 1998-ci ildə yaradılan
muzeydə yaşadılır.
Rəhimə Həsənova
L. və M.Rostropoviçlərin Ev-Muzeyinin elmi
işçisi
Mədəniyyət.- 2024.- 28 fevral,¹(16).- S.6.