Tabuları dağıdan qırmızı şərfli qadın

 

Əsrarəngiz plastikası ilə stereotipləri sındırmağı bacaran məşhur amerikalı rəqqasə Aysedora Dunkanın (1877–1927) həyat və sənət həqiqətləri bu dəfə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının monotamaşası (rus dilində) ilə izləyicilərə təqdim olundu.

Fevralın 21-də teatrın kiçik səhnəsində keçirilən premyera maraqla qarşılandı. Tanınmış rus yazıçı-dramaturqu Zinovi Saqalovun “Aysedoranın üç həyatı” pyesi əsasında hazırlanan “Aysedora” adlı tamaşanın rejissoru və bədii redaktoru teatrın baş rejissoru Cavid İmamverdiyevdir. Səhnə əsərinin bədii rəhbəri Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, musiqi rəhbəri Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, musiqi redaktoru Nigar Süleymanovadır.

Səhnə əsərində Aysedoranın dahi rus şairi Sergey Yeseninlə, məşhur teatr xadimi Qordon Kreq və o dövrün müəyyən görkəmli simaları ilə münasibətləri obrazlı şəkildə göstərilir. “Sevgi və yaradıcılıq” mövzusunun ön plana çəkildiyi tamaşada Aysedora obrazını teatrın istedadlı solisti Olqa Georgiyeva canlandırır.

S.Yeseninin şeirlərinin səsləndirildiyi tamaşada dünyaşöhrətli bəstəkarlar Sergey Raxmaninov, Lüdviq van Bethoven, Frederik Şopen, Entoni Nyuli, Artur Hamilton, Lesli Brikas, Astor Pyazzolla, Corc Gerşvin, İqor Stravinski, Tomas Albinoni, İsak Şvartsın (sözləri Bulat Okudjavanın) və Xalq artisti Sərxan Sərxanın (sözləri Yuri Rubtsovun) əsərlərindən istifadə olunub

Bir saat yarım müddətdə fərqli məkan təəssüratı yaratmaq üçün kiçik detallara üstünlük verilmişdi. Belə ki, gah hotel otağı, gah kulis, gah səhnə, gah da açıq hava təəssüratı yaratmaq üçün soyuq işıqlar, ehtiras, etiqad və azadlığı ifadə üçün boz, qırmızı geyim və sözsüz ki, Aysedoranın qatili qırmızı şərf hakim detal kimi seçilmişdi. Monitordan da istifadə edən quruluşçu müəyyən rəqs nömrələrini, az da olsa, həm də oradan çatdırdı. Beləcə, Aysedora Dunkanın həyatının müxtəlif dövrlərini öz dilindən “izlədik”.

Aktrisa sevinclə kədəri, səadətlə bədbəxtliyi bir anda yaşayan Aysedoranın həyəcan və həyat dolu obrazında bizə deyir: “Yəqin anadan olanda rəqs etmişəm. Bilmirəm, özümü dərk edəndən oynayıram. Niyə, nə üçün, kimin üçün kimi suallar heç vecimə də deyildi. Atam müflis olandan sonra biz anamla başqa şəhərə köçdük. O, yaxşı piano çalırdı. Məncə, o bizə təsəlli verirdi, keçmiş xoş günlərimizi unutmağa qoymurdu. Evdə yeməyə heç nə olmayanda anam pianonun arxasına keçər, Şuberti, Bethoveni ifa edərək bizi aclıqdan yayındırmağa çalışardı. Biz isə şənlənərək onun ətrafında ürəyimiz istədiyi formada rəqs edərdik. Rəqs ayaqqabım olmadığından mən həmişə ayaqyalın oynayardım. Aclığa rəqslə cavab verməyimiz bizi ruhən möhkəmləndirər, həyata hazırlayardı. Mən o vaxtdan ayaqyalın rəqs edirəm.

Onda da, indi də başqaları kimi olmaq istəmirdim. Çünki içimdə bir səs mənə daim hökm edirdi: Aysedora, dayanma, qollarını yana aç, sən azadsan, uç, pərvazlan, sənin yerin buralar deyil...”.

Biz səhnədən-səhnəyə şöhrəti çox erkən dadan, sevən, sevilən, itən, itirən, başqalarına görə zəngin, gerçəklikdə müflis qadının uğur nərdivanlarında necə zirvəyə dırmaşmağını həyəcanla izlədik. Rejissor tamaşaya gətirdiyi qadının ədəbi materialdan irəli gələn həyati təsvirinə bir az da obrazlı don biçmişdi: o, inadkar, həyat dolu və çox cəsarətlidir. Bir anda sevə də bilir, imtina etməyi də bacarır. Axı o, Qırmızı ulduzluların ölkəsini – Sovet İttifaqını seçir...

Rejissor rəqqasənin SSRİ həyatına, rus şairi, özündən yaşca xeyli kiçik olan S.Yeseninlə olan sevgi macəraları və evliliyinə ayrıca yer vermişdi. Aktrisa sevildiyində məsud, tərk edildiyində bir anda dünyadan qopub qırmızı şərfinə sarılan bət-bənizi solmuş qadını daha təsirli, daha inandırıcı ifadə edirdi. O, “qu quşunun son rəqsi” kimi səhnədə pərvaz edir, daxili kədərini, yorğun bədənini “dilə gətirərək” qolları yanına düşənə kimi rəqs edir və işıq gələn tərəfə yol alır.

Xəfif külək qırmızı şərfini yellədikcə avtomobilin uğultusu musiqini boğur və işıqlar sönür. Bu dəfə monitorda qırmızı geyimli gözəl bir qadın rəqs edir. O, yorulmaq nədir bilmir. Hey yalın ayaqlarını irəli ataraq tül əlbəsəsini azad bədənində həbs edir...

Aktrisa müəyyən mahnılarla, vokal parçaları ilə daha çox mətn və ifalara üstünlük verir. Nəticədə, təbii olaraq, biz rəqqasənin həyatına yalnız onun nəql etdiyi hadisələrin şərhi ilə “toxuna” bilirik. İkihissəli dramatik pyesi musiqili tamaşa ladına kökləyən rejissor aktrisanın təlatümlü həyatından detallara o qədər də girmək istəməyib. Doğrudur, tamaşaçı onun həyatının ayrı-ayrı məqamlarını – məsələn, hələ ilk zərbə kimi hotel otağında yanğın sayəsində bütün var-dövlətini, hətta rəqs geyimlərini, çətinliklə yaratdığı rəqs studiyasını, müəllim kimi tələbələrinə sevgisini, onları qorumaq üçün atdığı addımları, çoxsaylı qastrollarını “görür”. Ancaq nəqli şəkildə hər dəfə keçiddən-keçidə mövzunun ruhuna uyğun vokal nömrəsi seçilsə də, fraqmentar rəqs elementindən o yana keçilmir.

Tamaşa boyu biz məşhur aktyorlar, şairlər, yazıçılar, bəstəkarlar, rəssamlar, müğənnilər, qısacası, onun həyatından keçən adamları, onlarla bağlı xatirələrini, ən dramatik məqamlara, tragikomik situasiyalara ironiyalı baxışını, xüsusən SSRİ-ABŞ münasibətlərinə özünəməxsus münasibətini xatirələrin nəqlində izləmək imkanı da tapdıq.

Səhnə işi bir ifaçı, qadın ömrünə təsirli səyahət olsa da, rəqqasədən bəhs edən tamaşa kimi xoreoqrafiya baxımından kasad idi. Ola bilər ki, bu da məhdud məkan, daha doğrusu, plastik həllin dar məqam və məkana sıxışdırılmasından irəli gəlirdi. Amma bu mümkün vəziyyətdə də müəyyən manevrlər etmək olardı. Məsələn, tamaşada cəmi ikicə dəfə gözə dəyən monitorda ayrı-ayrı rəqs elementləri, teatrın balet artistlərinin ifasında daha estetik nümayişi izləyə bilərdik. Oyun zamanı səs tembri və yüklü mətnə fokuslanan vokal artisti ara-sıra ifa etdiyi rəqs parçalarında energetika və zərifliyi ötürə bilmədi. Bu mənada böyük səhnədə məkan işıqlandırması və üçüncü-dördüncü aktlarda balet truppasının qrup və fərdi oyunu daha baxımlı alınardı.

Bütün hallarda, ipə-sapa yatmayan Aysedora Dunkan dünyasına özünəməxsus baxışı təqdim edən tamaşanı alqışlamaq olar.

 

Həmidə Nizamiqızı

Mədəniyyət.- 2024.- 28 fevral,¹(16).- S.5.