“Qara Qarayevin violin
konserti dünya musiqi mədəniyyəti kontekstində”
Sənətşünaslıq üzrə fəlsəfə
doktoru Yavər Neymətlinin “Qara Qarayevin violin konserti dünya
musiqi mədəniyyəti kontekstində” kitabı çapdan
çıxıb.
Fevralın 24-də Azərbaycan Musiqi Mədəniyyəti
Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev-Muzeyində
Bakı Müasir Musiqi Cəmiyyəti ilə birgə nəşrin
təqdimatı keçirilib.
Musiqi Mədəniyyəti Dövlət Muzeyinin
direktoru Alla Bayramova, Qara Qarayevin qızı Züleyxa
Qarayeva-Bağırova tədbirdə açılış
nitqi söyləyiblər.
Nəşrin ərsəyə gəlməsi
haqqında danışan müəllif Yavər Neymətli
apardığı araşdırmalar, əldə olunan
maraqlı faktlar, arxiv materialları, topladığı rəylərdən
söz açıb. Onun çıxışı Musiqi Mədəniyyəti
Dövlət Muzeyi və Azərbaycan, Rusiya, Ukrayna, Estoniya və
başqa respublikaların arxivlərindən əldə
edilmiş materiallar əsasında hazırlanmış
slayd-şou ilə müşayiət olunub.
Təqdimat zamanı Qara Qarayevin 60 illiyi münasibətilə
çəkilmiş “Emalatxana” sənədli filmindən,
“Violin və orkestr üçün konsert” əsərindən
videofraqmentlər nümayiş etdirilib.
Kitabın elmi redaktoru, Ü.Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının (BMA) elmi işlər üzrə
prorektoru professor Gülnaz Abdullazadə, kitabın rəyçisi,
bəstəkar, professor Elnarə Dadaşova, BMA-nın
professoru Zümrüd Dadaşzadə və “Mədəniyyət/Culture”
jurnalının baş redaktoru Zöhrə Əliyeva
çıxış edərək müəllifə təbriklərini
çatdırıblar.
Mədəniyyət.- 2024.- 28 fevral,¹(16).- S.2.