Xarakterik obrazların
bənzərsiz ifaçısı
Mustafa Mərdanov-130
Aktyor plastikası, yaraşıqlı çöhrəsi
və fərdi yaradıcılıq keyfiyyətləri ilə
yaddaşlarda əbədiləşən sənətkarlarımızdan
biri də Xalq artisti Mustafa Mərdanov olub. Səhnədə və
ekranda yaratdığı rəngarəng obrazlar qalereyası sənətsevərlər
tərəfindən maraqla qarşılanıb. Çünki
o, obrazı, sadəcə, oynamır, onunla yaşayır, həyat
verdiyi qəhrəmanlarının hisslərini ustalıqla
tamaşaçıya ötürməyə çalışırdı.
Bu gün görkəmli sənətkarın anadan
olmasının 130 illiyi tamam olur.
Mustafa Həşim oğlu Mərdanov 28 fevral
1894-cü ildə Cənubi Azərbaycanın Mərənd
şəhərində dünyaya göz açıb. Uşaq
ikən ailələri Tiflisə köçür. Şəhərin
mədəni mühiti onun həyata baxışlarına
böyük təsir edir. Gimnaziyada oxuya-oxuya teatra da maraq
göstərir. 1910-cu ildən şəhərin müsəlman
dram dərnəklərində yaxından
çıxış edir. Çox keçmir, bir aktyor kimi
tanınır. 1921–1922-ci illərdə Tiflis Azərbaycan Dram
Teatrının direktoru işləyir. Sonra ali təhsil
ardınca Rusiyaya gedir. Moskva Dövlət Teatr Sənəti
İnstitutuna qəbul olunur. Təhsilini başa vurub Bakı
şəhərinə gəlir. Azərbaycan Dövlət Dram
Teatrında aktyor kimi fəaliyyət göstərir. Yüksək
aktyorluq texnikası, obrazı qavramaq, obraza girmək
bacarığı və yumşaq yumor onun sənəti
üçün çox xarakterik olub.
Dövrün böyük aktyorları ilə birgə
işləmək Mustafa Mərdanov üçün əsl təcrübə
məktəbinə çevrilir. Abbas Mirzə Şərifzadə,
Sidqi Ruhulla, Ağasadıq Gəraybəyli, Ələsgər
Ələkbərov və digər sənət korifeylərindən
öyrəndikləri onun sənət yoluna işıq tutur.
Tiflis teatrında “Hacı Qara”da Kərəməli,
“Yağışdan çıxdıq, yağmura
düşdük”də Qəmbər kimi daha çox komik
rollar oynayan M.Mərdanov Bakı teatrında daha ciddi obrazlar
yaradır: “Sevil”də İmamverdi, “Həyatın dibində” əsərində
Luka, “Günahsız müqəssirlər”də Şmaqa,
“Hamlet”də Poloni və s.
Araşdırmalarda qeyd edilir ki, onun teatr
yaradıcılığı böyük bir dövrü əhatə
edib. O, Azərbaycan Dövlət Dram Teatrına gəlişi
ilə milli aktyorluq sənətimizi zənginləşdirib,
ona yeni çalarlar bəxş edi.
M.Mərdanov teatrda işləməklə bərabər,
filmlərə çəkilməyə də dəvət
olunur. İlk rolu “Bismillah” filmində muzdur Qulu olur. Bu film səssiz
kinomuzun dəyərli nümunələrindən
sayılır. Görkəmli aktyorun kinoda ilk baş rolu
“Hacı Qara” filmindəki Kərəməli idi. O, nökər
obrazını çox sənətkarlıqla oynayır.
1929-cu ildə “Sevil” filmində Atakişi rolu ona verilir. O,
çox ciddi psixoloji vəziyyətlərlə
qarşılaşır. Düşdüyü mühit,
oğlu Balaşın azğınlığı onu
sarsıdır. Aktyor öz oyununda bu detalları bacarıqla təqdim
edir. 1932-ci ildə kinorejissor Nikolay Şengelaya “Azərbaycanfilm”də
çəkdiyi “İyirmi altı komissar” filmində M.Mərdanovu
menşevik roluna çəkir. Bu rol kinoda epizodik olsa da, öz
hərəkətləri və jestləri ilə yadda
qalır.
Səsli kino yarandıqdan sonra aktyor yeni filmlərə
dəvət olunur. 1940-cı ildə “Yeni horizont” (trest
müdiri), 1941-ci ildə “Səbuhi” (akademiya rəisi) filmlərində
maraqlı rollar oynayır. Sonra bir müddət kinoya dəvət
edilmir. 1955-ci ildə “Görüş” filmində
(kolxozçu), bir il sonra isə “Qara daşlar”da Dəmirov kimi
çox ciddi rolda çəkilir.
Böyük sənətkarın kinomuzda ən
uğurlu rollarından biri “O olmasın, bu olsun” filmindəki
“intelligent” Həsən bəydir. Bu obraz onun yeni aktyorluq keyfiyyətlərini
üzə çıxarır. Sənətkar filmdəki
çox güclü aktyor ansamblı içərisində
öz ifa tərzi ilə seçilir. Xüsusilə,
qonaqlıq səhnəsində Məşədi İbadla
dialoqu tamaşaçıda xoş əhvali-ruhiyyə
yaradır. Aktyor filmdə tamamilə özgələşir,
ifası tamaşaçını, sözün əsl mənasında,
heyrətləndirir
“Əhməd haradadır?” filmində Məhəmməd
kişi rolu da onun yaradıcılığında özünəməxsus
yer tutur. Bu, aktyorun ömrünün yetkin çağında
yaratdığı son rollardan biridir. Bundan sonra o, 1968-ci ildə
“Qanun naminə” filmində müstəntiq Murtuzov roluna çəkilir.
Filmdə müstəntiq Murtuzov çox böyük səylə
Mehmandan qisas almağa çalışır. Çünki bu
rüşvətxor müstəntiqin əməllərinə
Mehmanın gəlişi ilə son qoyulur. Doğrudan da, M.Mərdanov
bu rolu çox təbii yaradıb. O, mənfi bir obraz olsa da,
tamaşaçının diqqətini çəkir.
Azərbaycan mədəniyyətinin
inkişafındakı xidmətləri yüksək qiymətləndirilən
M.Mərdanov 1935-ci ildə “Əməkdar artist”, 1943-cü ildə
“Xalq artisti” fəxri adları ilə təltif edilib. Sənətkar
bir neçə il Teatr Xadimləri İttifaqının rəhbəri
olub.
Mustafa Mərdanov 12 dekabr 1968-ci ildə, 74
yaşında vəfat edib. Qeyd edək ki, görkəmli sənətkarın
hələ sağ ikən “50 il Azərbaycan səhnəsində
xatirələrim” kitabı 1959-cu ildə işıq
üzü görüb. 1973-cü ildə “Mənim müasirlərim”
adlı xatirə kitabı nəşr edilib.
Savalan Fərəcov
Mədəniyyət.- 2024.- 28 fevral,¹(16).- S.6.