“CINEMO”
festivalının qalibləri mükafatlandırılıb
Mədəniyyət Nazirliyi tərəfindən ötən
ilin dekabrında keçirilən “Yaradıcı həftə”
çərçivəsində Azərbaycan Respublikası
Kino Agentliyinin dəstəyi ilə “CINEMO” Mobil Film Festivalı
təşkil olunmuşdu.
“Fikir çəkmə, telefona çək!” devizi
altında keçirilən festivalın məqsədi gənclərin
yaradıcı fəallığının dəstəklənməsi,
onlar arasında mobil telefon vasitəsilə film
istehsalının daha geniş tanıdılması, mobil
çəkiliş sahəsində biliklərinin
artırılması, istedadlı mobiloqraf və
kinematoqrafların üzə çıxarılması, mobil
filmin geniş imkanları vasitəsilə sosial dəyərlərin
təbliği və istedadlı gənclər arasında
yaradıcı əlaqələrin qurulmasıdır.
Fevralın 23-də Nizami Kino Mərkəzində
“CINEMO” festivalının mükafatlandırma və
bağlanış mərasimi olub.
Mərasimdə çıxış edən layihənin
təsisçisi və rəhbəri, aktyor Ruslan Sabirli
festivala 150 filmin təqdim edildiyini və onlardan 70-nin
seçildiyini diqqətə çatdırıb. İşlər
Emin Mirabdullayevin rəhbərliyi ilə kino mütəxəssisləri
Əli İsa Cabbarov, Fehruz Şamıyev, Sevinc Əliyeva və
Orxan Ağazadədən ibarət münsiflər heyəti tərəfindən
dəyərləndirilib.
Sonra festivalın qalibləri
mükafatlandırılıb. Tanınmış kino xadimlərinin
iştirakı ilə qaliblərə mükafatlar təqdim
olunub.
Festivalın “Sosial çarx” nominasiyası üzrə
Məmmədəli Əbilovun “Qismət” filmi I, Fikrət
Gündüzlünün “Gəlincik” filmi II, Azər
Kazımovun “Mənim adım autizmdir” filmi III yerə layiq
görülüb.
Birinci yerin qalibinə mükafatı mədəniyyət
nazirinin müavini Səadət Yusifova təqdim edib, yeni
yaradıcılıq uğurları arzulayıb. Bildirib ki,
qalib adlar yaxın gələcəkdə Azərbaycan kinosunun
yeni dalğasını təşkil edəcək.
“Sənədli film” nominasiyasında Taleh Urfansoyun
(“Urfansoy prodakşn” – Şəki) “Alovla savaşanlar”ı
1-ci, Sabir Nurullayevin “Şərqiyyə”si 2-ci, Emin Həsənovun
“Daşların sirri” filmi 3-cü yerləri
bölüşüblər.
“Bədii film” nominasiyasında isə birinci yeri “44
ölçü” (Dilavər Əzimov), ikinci yeri “Bayram hədiyyəsi”
(Şirin Əhmədov), üçüncü yeri
“Bağlıdır-açıqdır” (Aydan Qafarova) filmləri
tutub.
Həmçinin festivalın yaşca ən kiçik
(Səma Abdullayeva, 14 yaş, Şəki) və ən
böyük (Oleq Namazov, 64 yaş, Gəncə)
iştirakçıları diplomla təltif olunublar.
Mükafatlandırmadan sonra qalib filmlərə
baxış olub və qısa bədii hissədə Bakı
Xoreoqrafiya Akademiyasının tələbələri Xalq
artisti Yusif Qasımovun quruluşunda milli rəqslərimizi təqdim
ediblər.
Lalə Azəri
Mədəniyyət.- 2024.- 28 fevral,¹(16).- S.1;5.