Azərbaycanın
şərabçılıq mədəniyyəti İtaliyada
sərgidə
Azərbaycanın qastroturizm və enoturizm
imkanlarının təbliğatının bir hissəsi olaraq
icma əsaslı şərabçılıq ənənələri
İtaliyanın Bolonya şəhərində keçirilən
“Slow Wine” yarmarkasında təmsil olunur.
Dövlət Turizm Agentliyindən bildirilib ki, “Slow Food”
hərəkatının tərkib hissəsi kimi “Slow Wine” hər
bir şərab bölgəsinin unikal üzüm
sortlarının xüsusiyyətlərini əsas götürərək
mədəni və bioloji müxtəlifliyi, ətraf mühitə
təsirlərin azaldılmasına, dayanıqlı istehsala və
aqroekoloji təcrübəyə əsaslanan ənənələrin
qorunmasını təbliğ edir.
Mindən çox şərabçının
iştirak etdiyi yarmarkada ölkəmizi “Slow Wine” tələblərinə
uyğun şəkildə istehsalı həyata keçirən
“F.A. Valley” və “Meyvi Spirits” şərab
istehsalçıları təmsil edirlər.
Yarmarka zamanı şərabların dequstasiyası
üçün milli istehsal nümunələrindən olan
biomüxtəliflik məhsulları qonaqlara təqdim edilir.
Ölkəmizin İtaliyadakı səfiri Rəşad
Aslanov milli stendi ziyarət edib.
Azərbaycan Turizm Bürosunun baş icraçı
direktorunun müavini Rəşad Əliyev “İcma
üzümləri: yerli üzüm sortlarının gücləndirilməsi
və şərab turizmi” mövzusunda olan panel müzakirələrdə
çıxış edərək yerli üzüm sortları
üzərində aparılan işlər barədə
danışıb.
“Slow Wine” şəbəkəsinin rəhbəri
Ludoviko Rokatello ilə işgüzar görüşdə beynəlxalq
təcrübənin öyrənilməsi və ölkəmizdə
bu sahədə həyata keçirilməsi
planlaşdırılan işlər haqqında fikir mübadiləsi
aparılıb.
Mədəniyyət.- 2024.- 28 fevral,¹(16).- S.1.