Mədəniyyətimizin böyük hamisi  

 

 

Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçmələrin dərcini davam etdiririk.

(əvvəli ötən sayımızda)

2002-ci il 8 dekabr

Prezident Heydər Əliyev Uşaqların Beynəlxalq Televiziya və Radio Gününə həsr olunmuş şənlikdə iştirak edib.

2002-ci il 12 dekabr

Prezident Sarayında Xalq artistləri Fidan və Xuraman Qasımovaları qəbul edib.

2002-ci il 20 dekabr

Musiqi mədəniyyətimizin görkəmli nümayəndələri Fidan və Xuraman Qasımovaların yaradıcılığının 25 illiyinə həsr olunmuş təntənəli mərasimdə çıxış edib.

“...25 il ərzində Fidan xanım və Xuraman xanım Azərbaycan musiqi sənətinin, opera musiqisinin, klassik musiqi sənətinin tarixinə böyük, gözəl, qızıl səhifələr yazmışlar.

Bilirsiniz, mən bu gün bu salonda böyük qürur hissi keçirirəm. Dinləyirəm, baxıram və düşünürəm: dünyada Azərbaycan xalqı var, qədim tarixə malik olan, özü də çox zəngin tarixə malik olan Azərbaycan xalqı var. Dünyada müstəqil Azərbaycan dövləti var. Ölkəmizin gözəl təbiəti, təbii sərvətləri var, böyük iqtisadi potensialı var. Böyük intellektual potensialı var. Gözəl, zəngin mədəniyyətimiz var. Bizim müxtəlif janrlarda çox zəngin teatr tariximiz var...

Bunları düşünərkən deyirəm, ilahi, biz nə xoşbəxtik. Ancaq bizim bu xoşbəxtliyimizi, bizim xalqın bu gözəl mədəniyyətini belə yüksəklərə qaldıran Azərbaycanın dəyərli insanları olubdur.

...Mən Fidan xanımı hələ səhnədə olmadan görmüşdüm, tanıyırdım. Biz bu yaxınlarda görüşüb söhbət edəndə mənim xatirimə saldı. Amma mənim hafizəm var. Mən onsuz da bunu Fidan xanıma deyəcəkdim, o, məni qabaqladı. 1970-ci illərin əvvəlləri idi. Opera teatrına getmişdim. Orada “Koroğlu” operası gedirdi və fasilə zamanı mən teatrın foyesində gəzirdim. Bir də gördüm ki, kənarda Fidan xanımın atası, anası durublar, qız da onların yanında. Tanış idim, bunlara yanaşdım, salamlaşdım. Mən dedim, Fidan, sən nə vaxt operada çıxış edəcəksən, Nigarın rolunu oynayacaqsan? O, çox təvazökar şəkildə başını aşağı saldı. Amma mənim sözlərimdə məna var idi. Mən bilirdim, gün gələcək ki, bəli, Fidan xanım səhnədə bizim Azərbaycan operasının ən şah əsərinin – “Koroğlu” operasının ən gözəl rolu olan Nigarın partiyasını ifa edəcəkdir. Biz bu gün burada ekranda Fidan xanımın “Koroğlu” operasında Nigar rolunda oxumağını gördük. Nə qədər gözəl, nə qədər məlahətlidir, nə qədər də həqiqətən, Üzeyir Hacıbəyovun nəzərdə tutduğu Nigardır...

1937-ci ildə “Koroğlu” əsərini səhnəyə qoyanda Nigar rolunu ifa edən Azərbaycan millətindən deyildi. Siz bunu bilirsiniz. Yəni bu sənət o qədər çətin və o qədər də böyük iradə tələb edən sənətdir ki, o vaxt bizim Azərbaycanda belə müğənnilər tapılmırdı. Ondan xeyli müddət sonra bizim böyük aktrisamız Firəngiz Əhmədova bu rolu oynadı. Daha sonra növbə Fidan xanıma çatdı. Görürsünüz, tarix böyükdür, illər çoxdur.

Amma ifaçılar bir-iki-üçdür... Onları həmişə ayrıca saymaq lazımdır. Allah eləsin ki, çox olsun. Fidan xanım, Xuraman xanım indi Qərb klassik operalarının ən çətin, ən ağır partiyalarını məharətlə ifa edirlər. Biz bunu opera teatrımızda görmüşük. Bu gün göstərilən kino lentlərində də gördük. Nəhayət, bunu canlı olaraq burada Fidan xanım və Xuraman xanım öz çıxışları ilə nümayiş etdirdilər.

Beləliklə, bizim zəngin mədəniyyətimizin ən dəyərli inciləri var. Bu incilər çox deyil və çox olsa, onlar heç vaxt qiymətli olmaz. Bax, onlardan ən dəyərliləri Fidan xanımdır, Xuraman xanımdır... Yüksək mədəniyyətli Avropa ölkələrində bu qədər yüksək ada malik olan sənətkarları hamı, doğrudan da, böyük hörmətlə qarşılayır. Bu, bizdə də olmalıdır. Biz bu mədəniyyəti yaratmalıyıq. Mən bunu təkcə Fidan xanım, Xuraman xanım haqqında demirəm. Ümumiyyətlə, mədəniyyət xadimlərinə xüsusi diqqət göstərilməlidir...

Bir sözlə, bu, bizim xalqın mədəniyyətinin nümunəsi olacaqdır. İndi biz müstəqil Azərbaycanda Qərb ölkələri ilə, Avropa ölkələri ilə inteqrasiya haqqında danışırıq. İnteqrasiya deyəndə, daha çox iqtisadi məsələləri nəzərdə tuturlar. Amma bu, belə deyildir. İnteqrasiya bütün sahəni əhatə edir. O cümlədən, mədəniyyət, incəsənət, musiqi sahəsini əhatə edir...

Yenə də deyirəm, böyük Üzeyir Hacıbəyov hələ yüz il bundan qabaq bunun əsasını qoyubdur. Biz artıq on illərdir ki, öz musiqimizə, mədəniyyətimizə görə Avropa səviyyəsindəyik. Bəlkə iqtisadiyyatda onlardan geridəyik, amma mədəniyyətdə yox. Çünki biz onlara da, özümüzünkülərə də baxırıq və müqayisə etmək imkanımız da var... Doğrudan da, təəssüf ki, biz vaxtilə bu işlə yaxşı məşğul ola bilməmişik. Ancaq indi məşğul olmaq lazımdır. Bunu deyərək, mən ümumiyyətlə, istedadı olan hər bir gəncə xüsusi münasibət göstərilməsini istəyirəm. Çünki bu istedadlardan bizim gələcəyimizin mədəniyyət xadimləri yaranacaqdır...”.

2002-ci il 21 dekabr

Fidan və Xuraman Qasımovaların yaradıcılığının 25 illiyinə həşr olunmuş mərasimdə iştirak etmək üçün Bakıya gəlmiş SSRİ və Azərbaycanın Xalq artistləri Müslüm Maqomayevi və onun xanımı Tamara Sinyavskayanı qəbul edib.

2002-ci il 24 dekabr

Mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında fərman imzalayıb.

Fərmanla “Xalq artisti” fəxri adı alanlar: Bağırzadə Məmmədbağır Məmmədəli oğlu, Hüseynov Elxan Ağahüseyn oğlu, Əhmədov İlham Namiq-Kamal oğlu, Əliyeva Mədinə Vaqif qızı, Əyyubova Mələkxanım Yadigar qızı, İbrahimova Səfurə Ağabala qızı, Quliyev Nurəddin Əzulla oğlu, Mustafayeva Laləzar Bəşir qızı, Nemətov Azər Paşa Zəfər oğlu, Perlova İrina Aleksandrovna.

Bundan əlavə, 41 nəfərə “Əməkdar artist”, 4 nəfərə “Əməkdar incəsənət xadimi”, 5 nəfərə “Əməkdar mədəniyyət işcisi” fəxri adları verilib.

 

Hazırladı: V.Orxan

(davamı var)

Mədəniyyət.- 2024.- 28 fevral,¹(16).- S.5.