“İlmələr və
düşüncələr” – Masallıda ustad dərsi
Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Gənclərin
İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astata
Regional nümayəndəliyi Masallı bölməsinin birgə
təşkilatçılığı ilə “İlmələr
və düşüncələr” adlı ustad dərs
keçirilib.
Dərsin məqsədi Azərbaycanda tətbiqi incəsənətin
qədim növü olan xalça sənətinin yeni nəsillərə
tanıdılmasıdır.
Muzeyin direktoru Əntiqə Tağıyeva xalça sənəti
haqqında danışıb. Diqqətə
çatdırılıb ki, Azərbaycanda
xalçaçılığın tarixi çox qədimdir.
Onun ilk nümunələri eramızdan əvvələ aiddir.
Azərbaycan mədəniyyətində xalça, sadəcə,
bir ev bəzək elementi deyil, o həm də bir-birini əvəz
edən tarixi dövr və üslubları cəmləşdirən,
bədii zövqü əks etdirən incəsənət
nümunəsidir.
Sonra təcrübəli xalçaçı Tünzalə
Abuzərova iş prosesi, istifadə olunan alət və məmulatlar
haqqında geniş və ətraflı məlumat verib. Dərs
zamanı iştirakçıların sualları ətrafında
maraqlı diskussiya aparılıb. Yeniyetmə və gənclər
özlərini xalça dəzgahı arxasında sınayaraq
bir neçə ilmə vurublar.
Mədəniyyət.-2024.- 3 iyul,№49.- S.4.