Qəbələ qoruğunda yeni
arxeoloji qazıntılar
Qəbələ Dövlət Tarix-Bədii
Qoruğunun “Səlbir” adlanan ərazisində arxeoloji
qazıntı işlərinə başlanılıb.
Qazıntı işlərində yerli arxeoloqlarla
yanaşı, Cənubi Koreyadan olan arxeoloqlar da iştirak edirlər.
Qoruğun direktoru Zahir Kərimovun sözlərinə
görə, AMEA Arxeologiya və Antropologiya İnstitutunun
antropoloqu, ekspedisiyanın rəhbəri Vüsal Həsənov
və Cənubi Koreyadan olan arxeoloqlara rəhbərlik edən
Seul Milli Universitetinin professoru Kim Jongun iştirakı ilə
görüş keçirilib. Qazıntı zamanı əldə
olunan arxeoloji materialların mühafizəsi və təhlükəsizliyinin
təmin edilməsi, həmçinin qoruq tərəfindən
arxeoloji ekspedisiyaya zəruri köməkliyin göstərilməsi
istiqamətində fikir mübadiləsi aparılıb.
Direktorun bildirdiyinə görə, qoruq ərazisində
ilk qazıntılar 1926-cı ildə arxeoloq Davud Şərifovun
rəhbərliyi ilə aparılıb. Son illər tarix elmləri
doktoru, professor Qafar Cəbiyev tərəfindən Qala ərazisində
geniş arxeoloji tədqiqatlar aparılıb, müxtəlif mədəni
təbəqələrə aid tikili qalıqları və
istehsalat ocaqları müəyyən edilib. Bundan əlavə,
professor İlyas Babayev tərəfindən Antik şəhər
yerində oval planlı yeni bina qalıqları aşkar edilərək
bu tip tikililərin sayı beşə
çatdırılıb. 2018–2019-cu illərdə isə tarix
üzrə fəlsəfə doktoru Ceyhun Eminlinin rəhbərliyi
ilə Antik və İlk Orta əsrlər Qəbələ
arxeoloji ekspedisiyası tərəfindən Səlbir ərazisində,
həmçinin qoruğun xaricində Antik dövrə aid qəbir
abidələri və yaşayış yerləri tədqiq
olunub. Azərbaycan-Koreya arxeoloji ekspedisiyası tərəfindən
Səlbir ərazisində şimal və qərb müdafiə
divarları və müxtəlif tikili qalıqları da tədqiq
edilib.
Mədəniyyət.-2024.- 3 iyul,№49.- S.4.