Əməkdar artist, tarzən Səbuhi Cəfərov vəfat edib

 

Tanınmış tarzən, pedaqoq, Əməkdar artist Səbuhi Cəfərov 30 iyun 2024-cü il tarixində, 56 yaşında vəfat edib.

Səbuhi Aslan oğlu Cəfərov 16 iyun 1968-ci ildə Quba şəhərində anadan olub. 1995-ci ildə Bakı Musiqi Akademiyasını fərqlənmə diplomu ilə bitirib. Həmin bu təhsil ocağında pedaqoji fəaliyyətə başlayıb. 2011-ci ildə dosent elmi adı alan tarzən sonradan fəaliyyətini Azərbaycan Milli Konservatoriyasında davam etdirib.

1993-cü ildən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Səid Rüstəmov adına Xalq çalğı alətləri orkestrində konsertmeyster-solist kimi fəaliyyət göstərib.

Səbuhi Cəfərov tar ifaçılığı sənəti üzrə araşdırmalar aparıb, dərs vəsaiti və elmi məqalələri çap olunub. O, həmçinin bir sıra tədris proqramı və metodik tövsiyələrin müəllifidir.

Ölkəmizdə və xaricdə konsert proqramları ilə çıxış edən tarzənin tələbələri dəfələrlə respublika və beynəlxalq müsabiqələrdə uğur qazanıblar.

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2019-cu ildə “Əməkdar artist” fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin.

 

Mədəniyyət.-2024.- 3 iyul,¹49.- S.6.