“Hər gün özümə sənət
hesabatı verirəm...”
Rəssamlar rəngləri mənalandıran sənət
sahibləridir. Onlar rənglərin dili ilə
tamaşaçılarla danışır, bir də rəsm əsərinə
tamaşa edəndə rənglər haqqında
düşünürük...
“Mədəniyyətə könül verənlər”
rubrikasının budəfəki qonağı rəssam Nəcməddin
Hüseynovdur. Azərbaycan Rəssamlar İttifaqı, Beynəlxalq
Müasir İncəsənət Akademiyasının fəxri
üzvü olan sənətkar 1955-ci il iyunun 12-də Qazax
rayonunun Çaylı kəndində anadan olub.
Sənətin ilk pillələrinə hələ kənd
orta məktəbinin üçüncü sinfində oxuyarkən
qədəm qoyub: “Məktubə adlı müəllimimiz bizə
ev tapşırığı vermişdi.
Tapşırığı yazan vaxt dərsliyin səhifəsində
Xürrəmilər hərəkatının rəhbəri Babəkin
şəkli vardı. Onun rəsmini çəkməyə
başladım. Rəsm gözlədiyimdən də
yaxşı alındı. Məktəbin yuxarı siniflərində
oxuyan zaman görkəmli alimimiz Xudu Məmmədov şagirdlərlə
görüşə gəlmişdi. Görüş zamanı
çəkdiyim rəsmlərlə tanış oldu. Təxəyyülümü
və qabiliyyətimi çox bəyənən Xudu rəssamlıq
məktəbində oxumağımı məsləhət
gördü. Hətta mənə söylədi ki, istəsən,
sənin yol biletini də mən alaram, yetər ki, gəlib rəssamlıq
məktəbində oxuyasan. X sinfi bitirdikdən sonra Xudu müəllim
istirahətdə olduğundan məni rəssamlıq məktəbinə
aparmağı Xalq şairimiz Bəxtiyar Vahabzadədən
xahiş etdi”.
Beləliklə, Nəcməddin Hüseynov 1977-ci ildə
Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq
Məktəbinə (indiki ADRA-nın nəzdində fəaliyyət
göstərən İncəsənət Kolleci) daxil olur.
Burada tanınmış fırça ustaları – Xalq rəssamı
Sirus Mirzəzadə, eləcə də Elxan Tahirov və
Rüfət Əsədullayevdən sənətin sirlərini
öyrənir, 1981-ci ildə təhsilini müvəffəqiyyətlə
başa vurur. Bir müddət Bədii Fondda tərtibatçı-rəssam
kimi çalışan Nəcməddin Hüseynov daha sonra
doğma kəndinə qayıdaraq öz sənətini burada
davam etdirir, müxtəlif sərgilərdə iştirak edir.
2006-cı ildə rəssamın “Üçüncülər”
adlı rəsm kataloqu işıq üzü görür. Qazax və Ağstafa rayonlarında
fərdi sərgiləri keçirilir. Əsərləri şəxsi
kolleksiyalarda, bir sıra muzey və qalereyalarda nümayiş
olunur.
Prezident İlham Əliyev 2008-ci ildə Qazax Dövlət
Rəsm Qalereyası binasının
açılışında iştirak edərkən rəssamın
burada nümayiş etdirilən əl işləri ilə də
tanış olur, dövlət başçısı onun
yaradıcılığını yüksək qiymətləndirir.
2018-ci ildə paytaxtdakı “NUR Art House” qalereyasında
rəssamın növbəti fərdi sərgisi təşkil
edilir. Rəngkarlıq və qrafika əsərləri maraqla
qarşılanır.
Hər bir rəssamın
yaradıcılığını fərqləndirən onun fərdi
üslubu və texnikasıdır. Nəcməddin Hüseynovun
da yaradıcılığı mövzu və janr
baxımından rəngarəngdir. Müəllifin
“Qaçqınlar”, “Hücumdan sonra”, “Xocalı faciəsi”, “Həlledici
an”, “Müharibəli Novruz”, “Mustafa kişi”, “Mənim babam”,
“Külək”, “Göyəzən”, “Sevinc”, “İblis”, “Bir
dünya” və s. əsərləri mövzu və sənətkarlıq
baxımından xüsusilə diqqəti cəlb edir. Bu əsərlərin
hər birində rəssam öz düşüncə və
duyğularını yüksək peşəkarlıqla əks
etdirməyə nail olub.
Rəssamın “Mənim babam” əsəri Rusiyada Beynəlxalq
Müasir İncəsənət Akademiyası və Rusiya
Peşəkar Rəssamlar İttifaqının birgə təşkilatçılığı
ilə keçirilən “Art excellence awards – 2020” müsabiqəsində
qızıl medala layiq görülüb.
Müsahibimiz dünya rəssamlarından Klod Mone,
Rembrandt, Pablo Pikasso, ölkəmizdən isə Sakit Məmmədovun
əsərlərinin ruhuna daha yaxın olduğunu bildirir.
Yaşın rəqəmlərdən ibarət olduğunu
söyləyən fırça ustası
yaradıcılığa hər gün zaman ayırmağa
çalışır: “69 yaşım var. Hər gün rəsm
çəkməyə çalışıram. Hər
günün sonunda nə çəkmişəm və necə
çəkmişəm deyə özümə hesabat verirəm”.
Nurəddin
Mədəniyyət.-2024.- 3 iyul,¹49.- S.7.