İllər öncə qəzetlər
nədən yazırdı?
Milli Kitabxananın dövri mətbuat arxivindən (19)
1978-ci ildə görkəmli şair Mikayıl
Müşfiqin 70 illiyi Azərbaycanda geniş şəkildə
qeyd edildi. Dövrün mətbuatı da bu mövzuya
böyük yer ayırdı.
Mətbuat xronikasından budəfəki seçmə
həmin yubileylə bağlıdır. Repressiya qurbanı
şair o dövrdə rəsmi mətbuatda oxucuya necə təqdim
edilirdi? Yazıda dövrün orfoqrafiyası da
saxlanılıb...
Ədəbi-bədii gecə
İyunun 30-da M.Maqomayev adına Azərbaycan Dövlət
Filarmoniyasında Mikayıl Müşfiqin anadan
olmasının 70 illiyi münasibətilə ədəbi-bədii
gecə keçirilmişdir.
Respublika yubiley komitəsinin sədri, Azərbaycanın
xalq şairi, Sosialist Əməyi Qəhrəmanı
Süleyman Rüstəm gecəni açaraq demişdir:
Mikayıl Müşfiq Azərbaycan sovet ədəbiyyatına
bu ədəbiyyatın təməlinin qoyulduğu gözəl
bir zamanda gəlmişdir. Gənc Sovetlər respublikasına
inqilabı onun böyük işinin təntənəsinin tərənnüm
etmək, həyatın sosialistcəsinə yenidən dəyişdirilməsindən
danışmaq üçün yeni gənc qüvvələr
lazım idi. Müşfiq belə nəğməkarlardan biri
oldu.
Partiyaya hədsiz sədaqətli olan, əhatəsində
yaşadığı aləmi sevən Müşfiq öz
yaradıcılığında inqilabi mübarizə pafosunu,
beşilliklərin əmək qəhrəmanlığını,
xalqın misilsiz hünərini böyük ilhamla əks
etdirmişdir. Görkəmli rus sovet
yazıçılarından inqilabi ədəbiyyat dərsi
alan alovlu vətənpərvər Mikayıl Müşfiq
öz qələmi ilə Vətənə, xalqa yorulmadan xidmət
etmiş, xalq isə bunun müqabilində ona hörmət və
məhəbbətini bildirmişdir.
Zaman keçdikcə Müşfiq poeziyası öz təravətini
itirmir. Bu gün də şair bizimlə birlikdədir,
mübariz sıralarımızdadır. Onun alovlu şerləri,
əvvəllər olduğu kimi, indi də bizi kommunizmin təntənəsi
naminə mübarizəyə ruhlandırır.
Süleyman Rüstəm öz
çıxışının axırında Müşfiq
haqqında yeni şerlərini oxumuşdur.
Azərbaycan Yazıçılar İttifaqı idarə
heyətinin katibi Elçin Mikayıl Müşfiq haqqında
danışmışdır. O demişdir: Müşfiq
inqilabi sovet poeziyasının elə nümayəndələrindən
biri idi ki, onlar yeni proletar incəsənətinin mahiyyətini
dərhal başa düşmüşdülər. O
özünün bütün yaradıcılığı ilə
fəhlə və kolxozçunun əməyini tərənnüm
etməyə, onu ilhamlandırmağa
çalışırdı. Müşfiq öz ölkəsinin,
zəmanəsinin vətəndaşı idi. Həm də bu təkcə
onun müasir mövzuda əsərlər yazmasına təzahür
etməmişdi. Bu yüksək vətəndaşlıq hissi
onun yazdığı bütün əsərlərin leytmotivi
olmuşdur.
Gecədə Azərbaycanın xalq şairi, SSRİ
Dövlət mükafatı laureatı Rəsul Rza, SSRİ
Dövlət mükafatı laureatı Nəbi Xəzri,
professor Abbas Zamanov, Samvel Qriqoryan, Hüseyn Arif, Söhrab Tahir,
moskvalı şair Valentin Protalin, Mirvarid Dilbazi, Qabil
çıxış etmişlər.
Gecənin axırında Azərbaycan incəsənət
ustalarının konserti olmuşdur.
“Kommunist” qəzeti, 1 iyul 1978-ci il
Mədəniyyət.-2024.- 3 iyul,¹49.- S.7.