Dərbənddə
yeni “Kral ölür”
İyunun 30-da Dərbənd Dövlət Azərbaycan
Dram Teatrında (Dağıstan Respublikası, RF) dramaturq Arif Mədətovun
“Sezarın qətli” əsəri əsasında hazırlanan
“Kral ölür” tamaşasının premyerası olub.
Tamaşaya teatrın baş rejissoru Azərbaycanın
Əməkdar artisti Sərvər Əliyev quruluş verib.
Tamaşaçıları qədim Romaya, antik dövrə
aparan əsərin səhnə tərtibatçısı isə
Dağıstanın Əməkdar rəssamı Naidə
Alimetovadır.
Demokratiya ilə diktaturanın mübarizəsinin
ön planda olduğu tamaşada rolları Səbuhi Əhmədov
(Sezar), Sərxan Səmədov (Brut), Hörmt Aslanov (Siseron),
Tamella Mehrabova (Kleopatra), Mədinə Hacıəliyeva
(Sevilya), Orxan Əliyev (Kimvar) və b. ifa edirlər.
Səhnə işi yerli teatrsevərlər tərəfindən
maraqla qarşılanıb.
***
Onu da qeyd edək ki, S.Əliyev Dərbənd teatr
mühitinə yaxşı bələddir və bundan öncə
də orada bir neçə səhnə əsərinə
quruluş verib. Bu günlərdə isə teatra baş
rejissor təyin olunub.
Rejissor qəzetimizə açıqlamasında Dərbənd
teatrının yeni mövsümdə maraqlı, yeni üslub
və janrlarda tamaşalarla teatrsevərlərin
görüşünə gələcəyini dedi:
“Yaradıcılıq planları çoxdur və
düşünürəm ki, artıq bu teatrın fərqli
mövzulu tamaşalar qoymaq üçün aktyor potensialı
da formalaşır. Dərbənd tamaşaçıları,
təəssüf ki, daha çox komediya janrına meyillidirlər
və bu zamanadək yaradıcı heyət də əsas
etibarilə tamaşaçı tələbinə
uyğunlaşmaq üçün bu janra üstünlük
verib. Amma artıq yeni mövsümdən digər janrlarda da
tamaşalar hazırlayacağıq. Bunun üçün
şərait də var. Dövlət hər il üç tamaşanın
hazırlanması üçün vəsait ayırır.
Qalır keyfiyyətli, səmərəli və yenilikçi
düşüncə ilə işləmək. Biz bu fürsətdən
istifadə edərək həm də dəvətli rejissorlarla
işə üstünlük verəcəyik. Həm
aktyorlarımız fərqli texnikaya malik rejissorları
tanıyacaq, həm də tamaşaçılarımız
maraqlı səhnə əsərlərini izləmək
imkanı qazanacaqlar”.
Mədəniyyət.-2024.- 3 iyul,№49.- S.5.