İşıqlı
sabahlar üçün çalışan ədib
XX əsrin birinci yarısında Azərbaycan ədəbi-ictimai
və maarifçi fikir tarixində özünəməxsus
yeri olan ziyalılardan biri də Tağı Şahbazi Simurq
olub. O, ədəbi təxəllüsünün
daşıdığı mənaya uyğun olaraq, xalqın
maariflənməsi, elmi və səhiyyəsi yolunda yorulmadan
çalışıb.
Tağı Abbas oğlu Şahbazi (Simurq) 2 iyul 1892-ci
ildə Bakıda dünyaya göz açıb. İbtidai təhsilini
mollaxanada alıb, 1902–1905-ci illərdə Həbib bəy
Mahmudbəyovun müdir olduğu birinci rus-tatar məktəbində
təhsilini davam etdirib. Orta təhsilini başa vurduqdan sonra,
1913-cü ildə Ukraynanın Xarkov Universitetinin Tibb
şöbəsinə daxil olur. Tələbəlik həyatı
gərgin inqilabi hadisələr şəraitində
keçir. “Hümmət” təşkilatının
üzvü olan Tağı Şahbazi 1919-cu ildə Ukrayna
Kommunist Partiyası Mərkəzi Komitəsinin yanında
“Hümmət” müsəlman bürosuna sədrlik edir. Eyni
zamanda Xarkovda “Cənub türk-tatar işçisi” hərəkatında
fəaliyyət göstərir.
Sovetləşmədən sonra Tağı Şahbazi
SSRİ Xalq Milli İşlər Komissarlığının
Zaqafqaziya müsəlmanları şöbəsinə katib təyin
edilir. O, həmçinin Azərbaycan SSR xalq maarif
komissarının müavini, “Maarif və mədəniyyət”
jurnalının redaktoru, respublika Mərkəzi İcraiyyə
Komitəsinin katibi, 1926-cı ildən 1929-cu ilədək isə
Azərbaycan Dövlət Universitetinin (indiki BDU) ilk azərbaycanlı
rektoru vəzifələrində çalışır. Sonra
Tibb İnstitutunda müəllim, 1930–1937-ci illərdə xalq səhiyyə
komissarının müavini işləyir və bu onun son
iş yeri olur.
Tağı Şahbazi fəaliyyəti dövründə
bir sıra taleyüklü qərarların qəbul
olunmasına nail olur. Belə ki, 1920-ci il noyabrın 30-da
keçirilən Azərbaycan K(b)P MK Siyasi və Təşkilat
bürolarının birgə iclasının qəbul etdiyi qərarı
ilə iki yerə bölünən (bir hissə Ermənistana
verilir) Zəngəzur bölgəsinin Azərbaycanda qalan hissəsində
inzibati idarə mərkəzinin yaradılması zərurəti
meydana gəlir. İndiki Laçın və Abdallar kəndləri
arasındakı ərazidə rayon mərkəzinin
yaradılması qərara alınır. Rayonun adını
seçərkən yerli relyefi və əhalinin xarakterini nəzərə
alan T.Şahbazi təşəbbüs göstərərək
inzibati əraziyə Laçın adını təklif edir.
1930-cu ildə Laçına rayon statusu verilir.
T.Şahbazi fəal ictimai-pedaqoji fəaliyyətlə
yanaşı, “Simurq” (Şərq mifologiyasında
xeyirxahlığın, yeni həyatın və dirçəlişin
qədim rəmzi olan quş) təxəllüsü ilə
dövri mətbuat səhifələrində hekayə, povest və
publisistik yazılarla çıxış edir. Ədəbiyyat
tariximizdə daha çox kiçik realist hekayələri ilə
tanınır. Yaradıcılığında Azərbaycan həyatının
ziddiyyətlərlə dolu bir dövrünün rəngarəng
mənzərəsi canlanır. Onun hekayələrində milli
keçmişimizin bizə məlum olmayan acı səhifələri
və ibrətamiz hadisələri ilə tanış oluruq.
Bədii yaradıcılığa inqilabdan əvvəl
başlayan ədib “Quşlar kimi azadə”, “İyi aləm”,
“Südçü qız”, “Şəkərli çoban”,
“Aclar” və s. hekayələrində istismar dünyası,
dini fanatizm, xalqa yad “ziyalılar” tənqid olunur.
Müəllifin Sovet dövrü
yaradıcılığında isə yeni həyat
quruculuğu, qadın azadlığı mövzuları əsas
yer tutur. “Haqsızlıq dünyası”, “Hacı Salman”,
“Ağanın kənizi”, “Məşədi Qədimin evində
bədbəxtlik”, “Azadlıq üçün cinayət”, “Zərifə”,
“Küləkli bir axşam” və s. hekayələrində
öz əksini tapıb. 1932-ci ildə yazdığı
“Düşmənlər” povesti kollektivləşmə
dövründə kənddə gedən sinfi mübarizədən
bəhs edir.
Ancaq xalqının işıqlı gələcəyi
üçün çalışan, yazıb-yaradan ədibin
bu normal həyat yolu, yaradıcılıq fəaliyyəti uzun
sürmür. İctimai-siyasi və mədəni fəaliyyəti
onu 1930-cu illərin repressiyasından xilas edə bilmir. O,
1937-ci ildə “Milli təmayülçü nərimanovçular
cərəyanına rəğbətə görə”
mühakimə edilir. Sonra “gizli milli təmayülçülər”
qrupuna məxsus olmaqda, əksinqilabi millətçi
çıxışlar etməkdə
günahlandırılaraq partiya sıralarından xaric edilir və
iyulun 11-də həbs olunur.
Araşdırmalarda qeyd olunur ki, istintaqın ilk
dörd ayında müstəntiq ondan heç bir
özünü “ifşa edən”, “günahlarını səmimi
etiraf edən” ifadələr ala bilmir. 13 noyabr 1937-ci ildə
istintaq başa çatır. Ağır, məşəqqətli
və dözülməz günlərdən sonra 2 yanvar 1938-ci
il tariõində Hərbi Kollegiyanın qapalı məhkəmə
iclası keçirilir. Cəmi 15 dəqiqə çəkən
iclasda T.Şahbazi ən ağır cəzaya – güllələnməyə
məhkum edilir. Hökm elə həmin gün yerinə
yetirilir.
“Vətən xaini”nin ailə üzvü kimi səkkiz
il həbs cəzası çəkmiş ədibin həyat
yoldaşı Mariya Kirillovna Paşina-Şahbazi aidiyyəti təşkilatlara
ərizə ilə müraciət edir. Uzunmüddətli
yazışmalardan sonra, 25 sentyabr 1956-cı ildə
böyük maarif xadiminə bəraət verilir.
Savalan Fərəcov
Mədəniyyət.-2024.- 3 iyul,¹49.- S.7.