“Lokomotiv və
vaqonlar” hazırdır
Azərbaycan Dövlət Kukla Teatrında daha bir səhnə
işi tamamlanıb. Yeni tamaşa Sevinc Elsevərin “Lokomotiv və
vaqonlar” pyesi əsasında hazırlanıb.
Əsərə teatrın baş rejissoru Prezident
mükafatçısı Anar Məmmədov quruluş verib.
Birhissəli uşaq tamaşasının quruluşçu rəssamı
Rəvanə Yaqubova, bəstəkarı Əməkdar artist
Vüqar Camalovdur.
Tamaşada uşaqlara köhnə qatar
stansiyasındakı qoca və lovğa Lokomotivin timsalında
xudbinlik və kobudluğun lazımsız xüsusiyyət
olduğu, bu keyfiyyətlərin ətrafdakılar tərəfindən
daim mənfi qarşılandığı göstərilir.
Günlərin bir günü deyingən Lokomotivdən
bezən vaqonlar platformada peyda olan yeni Lokomotivin yanına gedirlər.
Gənc və mehriban, nəzakətli və işgüzar yeni
Lokomotiv onların çox xoşuna gəlir.
Təbii ki, köhnə dostlarını da unutmayan vaqonlar
bununla qoca Lokomotivə yaxşıca dərs verirlər. Sonra
yenidən onun yanına qayıdırlar. O da buna çox
sevinir. Onlar birlikdə sevinclə sərnişinlərə
xidmət etməyə davam edirlər.
Tamaşada Əməkdar artist Cəmilə
Allahverdiyeva, aktyorlar Səriyyə Mansurova, Cavid Telman, Yasin
Abbasov və Səbinə Məmmədova iştirak edirlər.
Premyera cari mövsümün sonunadək gerçəkləşəcək.
Mədəniyyət.-2024.- 3 iyul,№49.- S.5.