“Fərqli
dünyalar” – tələbələrin qrup sərgisi
Azərbaycan Rəssamlar İttifaqının (ARİ)
Vəcihə Səmədova adına sərgi salonunda “Fərqli
dünyalar” adlı qrup sərgisi açılıb.
Sərgi Mədəniyyət Nazirliyi, ARİ və Azərbaycan
Dövlət Rəsm Qalereyasının dəstəyi,
“Ülvi Art” studiyasının təşkilatçılığı
ilə keçirilir.
Açılış mərasimində Xalq rəssamları
– ARİ-nın katibi Ağaəli İbrahimov və Aydın Rəcəbov
gənc rəssamların əsərləri ilə bağlı
düşüncələrini bölüşüblər.
Bildirilib ki, rəsmlərin məna və məzmunu
müasir Azərbaycan gəncliyinin sənətə
bağlılığından xəbər verir. Sərginin əsas
məqsədi müasir rəngkarlığımızı zənginləşdirən,
rəngarəng əsərləri ilə diqqətləri cəlb
edən rəssamlarımızı önə çıxarmaq
və onları geniş ictimaiyyətə tanıtmaqdan ibarətdir.
Burada rəssamların nümayiş olunan müxtəlif
üslublu əsərləri onların fərqli dünyalara məxsus
olduqlarını aydın şəkildə əks etdirir.
Sərginin kuratoru, sənətşünas Xanım
Rzayeva iştirakçılara təşəkkür edib. Qeyd
olunub ki, nümayiş olunan işlər sənətsevərləri
möcüzəvi sənət aləminə səyahətə
dəvət edir. Ekspozisiyada “Ülvi Art” studiyasının 24 tələbəsinin
ümumilikdə 48 əsəri yer alıb.
İştirakçılara diplomlar təqdim edildikdən
sonra qonaqlar sərgi ilə tanış olublar.
“Fərqli dünyalar” qrup sərgisi bir ay davam edəcək.
Lalə Azəri
Mədəniyyət.-2024.- 3 iyul,¹49.- S.5.