Mahmud Kaşğarinin türk dili
lüğətinin 950 illiyi münasibətilə
AMEA-da daha bir beynəlxalq elmi konfrans
Məlum olduğu kimi, Türk dünyasının
böyük alimi və mütəfəkkiri Mahmud
Kaşğarinin “Divanü lüğat-it-türk” əsərinin
950 illiyi UNESCO-nun 2024–2025-ci illər üzrə yubileylər
proqramına daxil edilib. Yubiley münasibətilə ölkəmizin
elm ocaqlarında da tədbirlər təşkil olunur.
İyunun 28-də AMEA-nın Nəsimi adına
Dilçilik İnstitutunun təşkilatçılığı
ilə “Mahmud Kaşğari “Divanü lüğat-it-türk” –
950” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Konfransda çıxış edən AMEA-nın
prezidenti akademik İsa Həbibbəyli Türk
dünyasının ən qiymətli kitablarından biri olan
“Divanü lüğat-it-türk” əsərinin Azərbaycanda
çap edilməsini əhəmiyyətli hadisə kimi dəyərləndirib.
O, ana dilimizdə işıq üzü görən
qaynağın bundan sonra daha geniş tədqiqat obyektinə
çevriləcəyini vurğulayıb.
1926-cı ildə Bakıda Birinci Türkoloji Qurultayın
keçirildiyini xatırladan akademik bildirib ki, qurultayda
türkoloji elmi-mədəni mühitin aktual məsələlərinə
toxunulub, latın qrafikalı əlifbaya keçidlə
bağlı qərar qəbul edilib. O, türk dövlətlərinin
ortaq əlifbasının yaradılması, türkoloji elmlər
sisteminin inkişaf etdirilməsi kimi məsələləri
2026-cı ildə keçirilməsi nəzərdə tutulan
İkinci Türkoloji Qurultaya töhfə kimi dəyərləndirib.
AMEA prezidenti “Divanü lüğat-it-türk” əsərinin
ilk dəfə ərəb dilindən Azərbaycan dilinə
özbək əsilli Azərbaycan alimi Xalid Səid Xocayev tərəfindən
tərcümə edildiyini diqqətə çatdırıb.
Bildirib ki, Xalid Səid Xocayev bu kitabın tərcüməsinə
görə “əks-inqilabi pantürkist təşkilatın
üzvü” ittihamı ilə 1937-ci ildə repressiya edildikdən
sonra bu tərcümə də itmiş hesab olunurdu. Əsər
86 il sonra – 2023-cü ildə Dilçilik İnstitutunun arxivindən
tapılıb və nəşr edilib.
Mart ayında ADA Universitetində kitabın təqdimatının
keçirildiyini, iyun ayında Qırğızıstanın
Bişkek şəhərində “Yazılışının
950-ci ildönümündə “Divanü lüğat-it
türk: Türk dünyasının ortaq dəyəri”
mövzusunda beynəlxalq konfransın təşkil
olunduğunu deyən AMEA rəhbəri dekabrda “Divanü
lüğat-it-türk”ün 950 illik yubileyinin UNESCO səviyyəsində
qeyd olunacağını bildirib.
Daha sonra çıxış edən Dilçilik
İnstitutunun direktoru professor Nadir Məmmədli “Divanü
lüğat-it-türk” əsərini Türk dünyası ilə
bağlı möhtəşəm yazılı abidə kimi
xarakterizə edib. Bildirib ki,
kitabda XI əsrdə türklərin yaşaması haqqında
məlumatlar yer alıb, bugünkü türk
xalqlarının tarixi geniş əks olunub. Əsər
türk dillərinin qrammatikası, zamanın
ensiklopediyasıdır. Direktor kitabın tərcüməsini
Azərbaycan türkologiyasının tarixində yeni mərhələnin
başlanğıcı kimi dəyərləndirib.
Diqqətə çatdırılıb ki, Mahmud
Kaşğari “Divanü lüğat-it-türk”
ensiklopediyasında türksoylu xalqların dil-ağız
özəlliklərini, ləhcələrini, milli-mədəni
varlığını toplayıb, dövrünə uyğun
qrammatika və yazı qaydalarını müəyyənləşdirib.
Bu yalnız lüğət deyil, türk tayfalarının
dil-ləhcə fərqlərini, yayılma areallarını, həyat
tərzini, tarixini, mifologiyasını, folklorunu, mədəniyyətini
öyrənməyə imkan verən dialektoloji-etnoloji
kitabdır.
Türk Dil Qurumunun rəhbəri professor Osman Mert və
Özbəkistan Elmlər Akademiyası Əbu Reyhan Biruni
adına Şərqşünaslıq İnstitutunun direktoru
professor Bahrom Abduxalimov çıxış edərək
“Divanü lüğat-it-türk”ü keçmişimizi,
dilimizi, kimliyimizi, tariximizi öyrənmək baxımından
qiymətli əsər kimi səciyyələndiriblər.
Sonra akademik Nizami Cəfərovun, professorlar Mahirə
Hüseynova və İsmayıl Kazımovun mövzu ilə
bağlı məruzələri dinlənilib.
Konfransda şair-tərcüməçi Elxan Zal
Qaraxanlı, ədəbiyyatşünas Əsəd Cahangir və
başqaları da çıxış ediblər.
Mədəniyyət.-2024.- 3 iyul,¹49.- S.1;3.