“Yeni adlar”da mövsümün son
konserti
Mədəniyyət Nazirliyinin təşkilatçılığı
ilə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik
Filarmoniyasının həyata keçirdiyi “Yeni adlar” layihəsinin
mövsüm üzrə sonuncu konserti olub.
İyulun 1-də keçirilən konsertdə Azərbaycan
Dövlət Xalq Çalğı Alətləri Orkestrinin (bədii
rəhbər və baş dirijor – Xalq artisti Ağaverdi
Paşayev) müşayiəti ilə gənc istedadlar –
respublika və beynəlxalq müsabiqələr laureatları,
Prezident təqaüdçüləri Mahir Hacıyev
(kamança) və Mirəli Əlizadə (tar)
çıxış ediblər.
Proqramda Hacı Xanməmmədovun “Kamança və
orkestr üçün konsert”i və Tofiq Bakıxanovun “Tar və
orkestr üçün 1 nömrəli konsert”i səsləndirilib.
Gənclərin yüksək şövqlə ifa etdikləri əsərlər
tamaşaçılar tərəfindən alqışlarla
qarşılanıb.
Görkəmli bəstəkar, Xalq artisti, professor Tofiq
Bakıxanov gəncləri uğurlu ifa münasibətilə təbrik
edib, onlara yaradıcılıq uğurları arzulayıb.
Xatırladaq ki, “Yeni adlar” layihəsinin məqsədi
müasir Azərbaycan ifaçılıq sənətinin
inkişafına, bu sahədə yeni istedadlı nəslin
tanınmasına, parlaq ifaçıların yetişməsinə,
o cümlədən musiqini duyaraq böyük sevgi ilə ifa
edən ifaçıların sayının artmasına
töhfə vermək məqsədilə gerçəkləşir.
Gənc ifaçıların tanınmış dirijorların
rəhbərliyi altında simfonik, kamera və xalq
çalğı alətləri orkestrləri ilə konsertlərinin
keçirilməsi onların sənət yolunda
inkişafına mühüm zəmin yaradır.
Layihə çərçivəsində konsertlər
sentyabr ayında – yeni mövsümdə davam etdiriləcək.
Mədəniyyət.-2024.- 3 iyul,¹49.- S.3.