Cabbarlının ocağında Rəsulzadənin
yubileyi qeyd olunub
Cəfər Cabbarlının Ev-Muzeyində görkəmli
ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin
qurucularından Məhəmməd Əmin Rəsulzadənin
(1884–1955) anadan olmasının 140 illiyi münasibətilə tədbir
keçirilib.
İyunun 28-də təşkil olunan tədbirdə
çıxış edən muzeyin direktoru Qəmər Seyfəddinqızı
diqqətə çatdırıb ki, Prezident İlham
Əliyev 2023-cü ilin 30 dekabr tarixində M.Ə.Rəsulzadənin
140 illiyi haqqında sərəncam imzalayıb. Bildirib ki, bu
münasibətlə təşkil olunan tədbirdə Rəsulzadə
ilə Cəfər Cabbarlının siyasət və
yaradıcılıq yollarının harada və necə kəsişdiyinə
nəzər salınacaq: “Təsadüfi deyil ki, Cəfər
Cabbarlının yaradıcılığında milli-mənəvi
dəyərlər bir bütövlük təşkil edir.
Milli istiqlala və türkçülüyə bağlı
olan Cabbarlı Azərbaycan bayrağına həsr etdiyi
“Sevdiyim”, 1919-cu ildə “Azərbaycan” qəzetində dərc
olunan “Azərbaycan bayrağına” şeirləri onun
Cümhuriyyətə və Cümhuriyyət ideallarına
bağlılığının ən bariz nümunəsidir”.
Tədbirdə tarix elmləri doktoru, Əməkdar elm
xadimi Solmaz Rüstəmova-Tohidi, tarix üzrə fəlsəfə
doktoru, dosent Firdovsiyyə Əhmədova, filologiya elmləri
doktoru, professor Qulu Məhərrəmli, Əməkdar incəsənət
xadimi Zümrüd Dadaşzadə çıxış edərək
XX əsrin əvvəllərində olduqca mürəkkəb
tarixi dövrdə müsəlman Şərqində ilk
demokratik respublikanın məhz Azərbaycanda
yaradılmasının əhəmiyyətindən
danışıblar.
Professor Gülər Abdullabəyova Azərbaycan-Polşa
ədəbi əlaqələrinin tarixinə dair maraqlı
faktları diqqətə çatdırıb.
Rəsulzadənin Polşada nəşr edilən
kitabları, bu ölkədə mühacirətdə olduğu
zaman keçirilən tədbirlərdə iştirakı,
çıxışları və digər mövzularda fikir
mübadiləsi aparılıb.
Rəsulzadənin nəvəsi, Əməkdar rəssam
Rais Rəsulzadə tədbirin təşkilatçılarına
və iştirakçılara təşəkkürünü
bildirib.
Lalə
Mədəniyyət.-2024.- 3 iyul,¹49.- S.3.