Musiqinin “İpək Yolu” – görüş yeri yenə
Şəkidir
2010-cu ildə əsası qoyulan və ötən
müddətdə Azərbaycanın mədəniyyət təqvimində
xüsusi yer tutan, eyni zamanda ölkəmizin hüdudlarından
kənarda da tanınmağa başlayan Şəki “İpək
Yolu” Beynəlxalq Musiqi Festivalı bu il növbəti dəfə
müxtəlif musiqi mədəniyyətlərini bir araya gətirəcək.
5–7 iyul tarixlərində zəngin qədim mədəniyyət
diyarı Şəkidə XIII “İpək Yolu” Beynəlxalq
Musiqi Festivalı keçiriləcək. Ənənəvi
festival Azərbaycan Bəstəkarlar İttifaqı (ABİ) və
Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı
ilə gerçəkləşəcək. Festivalın bədii
rəhbəri ABİ-nin sədri Xalq artisti, professor,
AMEA-nın müxbir üzvü Firəngiz Əlizadədir.
Bəstəkarlar İttifaqının Mətbuat xidmətindən
verilən məlumata görə, builki festivalın da
proqramı zəngindir. Bu il festival, həmçinin ABİ-nin
90 illiyinə təsadüf edir. Bu çərçivədə
ittifaqın yubileyi Şəkidə də qeyd olunacaq.
Qeyd edək ki, indiyədək 12 dəfə
keçirilən Şəki “İpək Yolu” festivalına
ümumilikdə 35 ölkədən musiqi kollektivləri,
ifaçılar dəvət olunub.
Sayca 13-cü festivalda İndoneziyanın “Mila Art” və
“Hamdani” musiqi qrupları, Hindistanın “Bhangra” rəqs qrupu,
Türkiyədən İnegöl Xalq rəqsləri qrupu
(Bursa), Rusiyadan bayan ifaçısı Aydar Salaxov, eləcə
də Qazaxıstan və Qırğızıstandan
musiqiçilər çıxış edəcəklər.
Ənənəvi olaraq, festival Xalq artisti Ağaverdi
Paşayevin rəhbərliyi ilə M.Maqomayev adına Azərbaycan
Dövlət Akademik Filarmoniyasının Xalq
Çalğı Alətləri Orkestri və F.Əmirov
adına Mahnı və Rəqs Ansamblının
çıxışı ilə başa çatacaq.
Mədəniyyət.-2024.- 3 iyul,№49.- S.1.