Türkiyə və
Azərbaycan muzeyləri arasında əməkdaşlıq
müzakirə olunub
Türkiyədəki səfirliyimizin nəzdindəki
Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasov Türkiyə
Prezidentinin Milli Saraylar İdarəsi Topqapı Sarayı dairə
başçısı İlhan Kocamanla görüşüb.
Görüşdə İ.Kocaman Osmanlı
imperiyasının altı əsrlik tarixinin 400 ilində
sultanların yaşadığı və dövlətin
inzibati mərkəzi kimi istifadə edilən sarayın
strukturları, memarlığı, kolleksiyaları barədə
məlumat verib. Bildirib ki, 300 minə yaxın arxiv sənədi
ilə dünyanın ən böyük muzey-saraylarından
olan bu mədəniyyət ocağı Türkiyə
Cümhuriyyəti qurulduqdan sonra 1924-cü il aprelin 3-də
ölkənin ilk muzeyi olaraq fəaliyyətə
başlayıb. O, Topqapı Saray-Muzeyinin Azərbaycan muzeyləri
ilə əməkdaşlığa açıq olduğunu
vurğulayıb.
AMM-in direktoru Samir Abbasov da bu əməkdaşlığın
əhəmiyyətini diqqətə çatdıraraq Azərbaycanda
muzey sahəsində həyata keçirilən işlər,
ölkənin aparıcı muzeyləri haqqında məlumat
verib.
O, Topqapı Saray-Muzeyində Azərbaycan tarixi
üçün də əhəmiyyətli eksponatların yer
aldığını və gələcəkdə birgə
layihələr əsasında bu əsərlərin ölkəmizdə
nümayiş etdirilməsi, eləcə də Azərbaycan mədəniyyətinə
dair sərgilərin Topqapının qalereya və
salonlarında sərgilənməsinə dair təkliflər
irəli sürüb.
Azərbaycan muzeyləri ilə
qarşılıqlı əməkdaşlıq, Topqapı
sarayının kitabxanasında saxlanılan Azərbaycana dair əlyazmaların
tədqiqata cəlb olunması, Saraylar İdarəsinin ixtisas
kitabxanasına Azərbaycana dair nəşrlərin hədiyyə
olunması, bu tarixi məkanda Azərbaycan mədəniyyəti
həftəsinin keçirilməsi ilə bağlı
razılıq əldə olunub.
Samir Abbasov İstanbuldakı muzey sahəsində
qabaqcıl təcrübə olan Rəqəmsal Təcrübə
Muzeyi (Dijital Deneyim Müzesi) ilə də tanış olub.
Burada ziyarətçilər üçün yaradılan
imkanlar, müxtəlif guşələr, rəqəmsal
otaqlar, dəhlizlər, məlumat sensorlarına baxış
keçirib. Muzey rəhbərliyi ilə Azərbaycanın
müvafiq qurumları arasında əməkdaşlıq məsələləri
müzakirə edilib.
Qeyd edək ki, İstanbul Rəqəmsal Təcrübə
Muzeyində yenilikçi addımları və müasir yanaşmaları
sayəsində ənənəvi muzeyşünaslıq
anlayışını texnologiyanın imkanları ilə birləşdirərək
mədəniyyət və incəsənətin universal dili
yaradılıb. 3D və 4D təcrübələri ilə
muzey hər ziyarətdə yeni hekayə və macəra təqdim
edir. Muzey hər yaşdan və hər təbəqədən
olan ziyarətçilərə sənət və
texnologiyanın sehrli dünyasını kəşf etməyə
və yaradıcılıqlarını üzə
çıxarmağa imkan verir.
Mədəniyyət.-2024.- 3 iyul,№49.- S.1;2.