İstanbulda “Zəfər
müjdəsi”
Rəssam Eldəniz Babayevin sərgisi
İstanbulda istedadlı azərbaycanlı rəssam Eldəniz
Babayevin “Zəfər müjdəsi” adlı fərdi sərgisi
açılıb. İlk dəfə ötən il Bakıda
nümayiş etdirilən sərgi Azərbaycan Xalq Cümhuriyyətinin
105, Türkiyə Cümhuriyyətinin və Azərbaycan
xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illiyinə
həsr olunub.
Atatürk Mədəniyyət Mərkəzinin
qalereyasında açılan sərgidə rəssamın həyat
və yaradıcılığını, ictimai və
maarifçilik fəaliyyətini əks etdirən “Eldəniz
Babayev. Zəfər müjdəsi” kitab-kataloqun (müəllif
Mirzə Talıbov) təqdimatı olub.
Tədbir Azərbaycanın İstanbuldakı Baş
konsulluğu, Türkiyə Mədəniyyət və Turizm
Nazirliyi, TÜRKSOY, Ankaradakı səfirliyimizin nəzdindəki
Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) və digər
qurumların birgə təşkilatçılığı
ilə gerçəkləşib.
Rəssamın yaradıcılığının
müxtəlif dövrlərini əks etdirən sərgidə
portret, natürmort, məişət və tarixi janrlarda əl
işləri, o cümlədən Azərbaycanın Vətən
müharibəsində qazandığı şanlı Zəfəri,
“Bir millət, iki dövlət” anlayışı üzərində
möhkəmlənən Azərbaycan–Türkiyə qardaşlığını,
xalqımızın adət-ənənələrini, mədəniyyətini
tərənnüm edən boyakarlıq və qrafika əsərləri
nümayiş olunur. Ümumilikdə 80-dək əsərin sərgiləndiyi
ekspozisiyada ulu öndərlər Heydər Əliyev və
Mustafa Kamal Atatürkün, eləcə də iki qardaş
dövlətin ölkəmizin müstəqillik tarixində
müstəsna rol oynamış hərbi komandanlarının
portretləri də yer alıb.
Tədbirdə ölkəmizin İstanbuldakı
baş konsulu Nərminə Mustafayeva, Atatürk Mədəniyyət
Mərkəzinin rəhbəri Zeki Eraslan, TÜRKSOY-un baş
katibinin müavini Sait Yusuf, AMM-in direktoru Samir Abbasov, TBMM-də
Türkiyə-Azərbaycan dostluq qrupunun rəhbəri Şamil
Ayrım, Azərbaycanın Xalq rəssamı Arif Hüseynov və
başqa çıxış edənlər Türkiyə-Azərbaycan əlaqələrinin
daima qardaşlıq telləri üzərində daha da
inkişaf edəcəyini vurğulayıblar.
Sərginin mövzusuna toxunan natiqlər Azərbaycanın
tarixi Zəfərinin türk tarixinin şanlı səhifələrindən
biri olduğunu qeyd ediblər.
Bədii hissədə AMM nəzdindəki “Xəzər”
Azərbaycan xalq rəqsləri ansamblının rəqqasları
tərəfindən milli rəqslərimiz ifa edilib, müğənni
Vüsalə Əsgərovanın ifasında musiqilərimiz səsləndirilib.
Sonra əsərlərə baxış keçirilib.
Sərgi iyulun 5-dək nümayiş olunacaq.
Qeyd edək ki, Eldəniz Babayev 1990-cı ildə
Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq
Məktəbini, 1997-ci ildə də Azərbaycan Dövlət
İncəsənət Universitetinin Boyakarlıq fakültəsini
bitirib. 1989–1991-ci illərdə Azərbaycan Musiqi Mədəniyyəti
Dövlət Muzeyində rəssam kimi fəaliyyət göstərib.
1989-cu ildən Bakı İncəsənət Mərkəzi
Yaradıcılıq Birliyinin və 2005-ci ildən Azərbaycan
Rəssamlar İttifaqının üzvüdür.
1998-2006-cı illərdə Bakı Şəhər Mədəniyyət
İdarəsinin “Qala” Rəsm Qalereyasının müdiri vəzifəsində
çalışıb. 2006-cı ildən “Bakı” rəsm
qalereyasının müdiridir. O, ötən müddət ərzində
yaradıcılıq uğurlarına görə bir çox
yerli və beynəlxalq mükafatlara layiq görülüb.
Mədəniyyət.-2024.- 3 iyul,¹49.- S.5.