Yerin altındakı
kino
“Orada vaqonlar özü üçün o yana gedir, bu
yana gedir...”
Gülxar: Yaman kəmhövsələ olmusan, Tokay. Bu
stansiyaya qədər ötürməyə icazə vermişəm
ki sənə. Daha nə istəyirsən?
Tokay: Bezmişəm yerin altından.
Gülxar: Buranın nəyi pisdir?
Tokay: Ayı, ulduzu çatmır buranın. Parkı,
kinosu, teatrı. Qorxuram, xoşbəxtliyimiz elə həmişəlik
yer altında qalsın.
Gülxar: Ah Tokay, gecdir, mən qaçdım...
Növbəti kadrda Gülxar eskalatorla yuxarı
qalxır. Pilləkənlərdə qardaşı İbrahimi
görür. Nigaran halda Tokaya və qardaşına baxır.
İbrahim platformada, sütunun arxasından çıxaraq
Tokaya yaxınlaşır, çiyninə toxunaraq “Bura bax,
qadası, mən də o fikirdəyəm ki, sən yer
altından çıxasan. Amma başqa stansiyada. Başa
düşdün?...”.
***
Diqqətli oxucular (tamaşaçılar) yəqin
söhbətin nədən getdiyini bildi. Əlbəttə ki,
kinodan. Özü də bəzi səhnələri metroda
çəkilən filmlərimizdən.
“Xoşbəxtlik qayğıları” (1976) filmindən seçdiyim bu dialoqda
Bakı metrosunun indiki “Koroğlu” (o vaxt Əzizbəyov)
stansiyasında cərəyan edir. Sadə sovet gənclərinin
gizli görüş yerlərindən biri də metro idi...
Ümumiyyətlə, Bakıda ötən əsrin
60-cı illərində istismara verilən metro rahat və
sürətli nəqliyyat vasitəsi olmaqla yanaşı, həm
də bir neçə kinolentin yaddaşında yer alan təbii
pavilyon funksiyasını yerinə yetirib.
Metropoliten haqqında xüsusi filmə gəlincə,
hələlik, Bakı metrosu haqqında yeganə ekran işi
rejissor Süleyman Əhmədov tərəfindən 1997-ci ildə
çəkilən və paytaxtın yeraltı nəqliyyatının
30 illiyinə həsr olunan qısametrajlı filmdir.
Bakı metrosunda çəkilən və bizi
dövrün Bakısı ilə həm də bu yolla tanış
edən ekran nümunələrinin sayı da, əslində,
çox deyil.
Bunlardan yuxarıda adını çəkdiyim
“Xoşbəxtlik qayğıları”, “Uşaqlığın
son gecəsi”, “İstintaq”, “O qızı tapın”, “Var olun,
qızlar”, “Həyat bizi sınayır”, “Yaramaz”, eləcə də “Mozalan”
kinojurnalında hamımıza yaxşı tanış olan və
qəhqəhə ilə izlədiyimiz “Arzu” kinosüjetidir. Müstəqillik illərində
çəkilən “Günaydın, mələyim!” və
“Bakı gecələri” (almanax) filmlərində də metronun
ayrı-ayrı stansiyalarından müəyyən kadrlar var.
“Həyat bizi sınayır”
Sadə insanların hekayətini ekrana daşıyan ən
yaxşı kino nümunələrimizdən biri “Həyat bizi
sınayır” filmidir. Rejissor Şamil Mahmudbəyovun 1972-ci ildə
“Azərbaycanfilm” kinostudiyasında yazıçı Vidadi
Babanlının eyniadlı povesti əsasında çəkdiyi
film xeyirxah insanların köməyilə həyatın sərt
sınaqlarından çıxan gənc metallurqun taleyindən
bəhs edir.
Əsərin əsas qəhrəmanı Rəşidin
(Fikrət Quliyev) qardaşı qızı Laləni (Arzu Səfərova)
gəzintiyə apardığı epizod indi “Sahil” metrosunda lentə
alınıb.
Onu da qeyd edək ki, film 1972-ci ildə Rusiyanın Qorki
(indiki Nijni Novqorod) şəhərində fəhlə sinfi
haqqında filmlərin Ümumittifaq kinofestivalında SSRİ
Kinematoqrafçılar İttifaqının diplomuna layiq
görülüb.
“Xoşbəxtlik qayğıları”nın sərnişinləri
Həsən Seyidbəylinin rejissoru olduğu bu film
(1976) sadə Azərbaycan insanın ailə-məişət
qayğılarını göstərməklə
yanaşı, müəyyən adətlərə etirazı
da kinematoqrafik dillə ifadə edə bilir. İnsanın səadəti,
ailə xoşbəxtliyi təkcə maddi nemətlərlə
ölçülmür – ekran əsərində bir məqamlar
xüsusi vurğulanır.
Rüxsarə (Şəfiqə Məmmədova) ilə
oğlu İbrahimin (Firuz Babayev) qayğısı
böyükdür. Onları evdə böyüyən beş
qızın – Gülxar (Şükufə Yusifova), Xalidə
(Xalidə Quliyeva), Səkinə (Dilarə Hüseynova),
Zöhrə (Cəmilə Ağayeva) və Sevincin (Rəna Cəfərova)
gələcək taleyi çox narahat edir. Rüxsarənin
arzusu qızların hər birini el adəti ilə
köçürmək, onlara cehiz verməkdir. Ailədə
yeganə kişi xeylağı İbrahim isə, əslində,
ailə səadətinin cehizlə, par-par parıldayan mebellə
ölçülmədiyini yaxşı bilir. Lakin
anasının xətrinə bacılarına cehiz pulu
qazanmaqdan ötrü dəridən-qabıqdan
çıxır.
Bacılar da başa düşürlər ki, xoşbəxtliyin
təməli heç də cehizlə qoyulmur. Amma bunu
analarına izah edə bilmirlər. Beləcə, film boyu biz
bir ailənin timsalında gənc insanların öz sevgiləri
uğrunda mübarizələri ilə yanaşı, köhnə
düşüncəyə qarşı üsyanlarını
da görürük.
Yuxarıdakı təqdim etdiyimiz dialoqdan savayı
filmdə evdən küsüb gedən bacısını
axtaran İbrahimin baş çəkdiyi məkanlar sırasında
da metro stansiyalarını görürük.
“Uşaqlığın son gecəsi”
Milli kino tariximizdə xüsusi yeri olan Arif Babayevin
çəkdiyi bu filmin (1969) az qala bütün kadrları,
epizodları geniş tamaşaçı auditoriyasına
yaxşı tanışdır.
Filmdə Murad (Ənvər Həsənov) və
Rüstəmin (Səyavuş Şəfiyev) hekayəsi
danışılır. Orta məktəbi yeni bitirən Murad
ali məktəbə daxil ola bilməyib. Onun qohumu və dostu
Rüstəm isə institutu bitirərək təyinatını
mühəndis kimi ət kombinatına alır. Kombinatda onlar ət
oğurlayan, qazandıqları pullar hesabına dəbdəbəli
həyat keçirən dəstəylə toqquşurlar... Film
eyni zamanda hər iki qəhrəmanın ilk sevgisindən bəhs
edir. Birlikdə müxtəlif məkanlarda lentə alınan
Murad və Rüstəmin bir kadrda metroya daxil olduqları da
görünür.
“İstintaq”ın kasıb müstəntiqi
Rüstəm İbrahimbəyov (ssenari müəllifi)
və Rasim Ocaqov (rejissor) yaradıcılıq tandeminin möhtəşəm
nəticəsi olan “İstintaq filmi (1979) tamaşaçıda
sadə, rüşvət almayan, məvacibi ilə dolanan
dürüst sovet vətəndaşı müstəntiq
Seyfinin (Aleksandr Kalyagin) müsbət obrazını yaradır.
Böyük ailəsi və öz qayğıları var. Amma
bu həyat onu qane edir. Bircə reallıqla barışmayan, əslində,
ərinin də səlahiyyətlərindən
yararlanmasını istəyən arvadı Gülyadan (Şəfiqə
Məmmədova) başqa. O, ərinin xidməti avtomobilinin
olmasını, geniş evdə yaşamalarını istəyir.
Seyfi Qəniyev işə metro və avtobus ilə
gedir. Tələssə də, taksiyə minmir. Məvacibə
baxan dürüst müstəntiqin belə bir lüksü
yoxdur.
“Qız “Baksovet”in yanında metrodan çıxdı”
Unikal kino yaradıcılığına malik rejissor Həsən
Seyidbəylinin ekranlaşdırdığı “O qızı
tapın” filmi (1970) milis (indi polis) işçilərinə həsr
olunub. Kinolent avtomobil qəzası nəticəsində həlak
olmuş bir nəfərlə bağlı təhqiqat işindən
danışır.
Özünə “satış bazarı” axtaran əmtəəşünas
Kazımlı (Səyavuş Şəfiyev) ehtiyatsızlıq
edir. Milis işçiləri bundan şübhələnir və
onu izləməyə başlayırlar. Kazımlı və
gizli tikiş sexi təşkil etmiş əlaltıları
bundan duyuq düşürlər. Əgər Kazımlı ələ
keçsə, qorxusundan hamını ələ verəcək.
Ona görə də “dostları” Kazımlını
maşın qəzasına uğradırlar. Baş verən
şahid olan bir nəfər də var – Əminə (Sevil
Qasımova).
Filmdə metro ilə bağlı iki kadr var. Biri hadisəni
araşdıran milislərdən Dadaşın (Hamlet
Xanızadə) şahid qızı izləmə anı, digəri
isə Əminənin yağışlı gecədə metro
stansiyasından çıxmasıdır. Milislərdən
biri telefonla “Qız “Baksovet”in yanında metrodan (indiki
“İçərişəhər” stansiyası – red.)
çıxdı” məlumatını verir və biz beləcə,
məkanı müəyyən edə bilirik.
“Var olun, qızlar!”ın 37-ci dəqiqəsi
Real hadisə əsasında çəkilən bu film
(1972) rejissor Eldar Quliyevin milli kinomuza ərməğan etdiyi məhəbbət
dramlarındandır.
1958-ci ilin yayında Abşeron çimərliklərindən
birində dənizdə batan uşaqları xilas edərkən
özü həlak olan Bakı məktəblisi Tofiq Hüseynova
ithaf edilib. Kinolent həlak olmuş gəncin məhz kimləri
xilas etdiyi, xilas edilmiş qızların sonrakı taleyi barədə
söhbət açır.
Onu da qeyd edək ki, film aktyor Rafael Dadaşovun kinoda
ilk işidir. O, gənclərdən birini (İsa) rolunu
oynayır. Onun tərəf-müqabili isə Rüstəm
rolunun ifaçısı Ömür Nağıyevdir. Filmdə
müxtəlif məkan çəkilişləri, iri planlar
görürük və onlardan biri də iki gəncin metroda,
eskalatorda görüntüsüdür.
“Metroya kefli adamları buraxmırıq”
“Mozalan” kinojurnalının ən unudulmaz nümunələrindən
biri “Arzu” (1972) qısametrajlı bədii süjetidir.
Sərxoş adam (Fazil Salayev) metroya daxil olmaq istəyir.
Lakin hər dəfə ayıq olmadığı
üçün milis işçiləri onu metroya
buraxmırlar. Bu dəfə də sərxoşun bu arzusu
ürəyində qalır və milis işçisi (Bahadur
Əliyev) ilə arasında hər kəsi gülüşə
qərq edən dialoq yaşanır.
Çəkilişləri “Gənclik” stansiyasında
aparılmış qısametrajlı süjetin rejissoru Teymur Bəkirzadədir.
“Günaydın, mələyim!”
Kinorejissor Oqtay Mirqasımovun 2008-ci ildə
ekranlaşdırdığı filmin əsas ideyası
Qarabağ döyüşləri və onun ağır nəticələridir.
Müharibənin açmış olduğu fiziki yaralardan daha
çox mənəviyyatda buraxdığı izlər
tamaşaçıya fərqli xarakterli insanların
timsalında müxtəlif vəziyyətlərdə
açıq-aydın təsvirlərlə göstərilir.
Mədinənin (Ayan Mirqasımova) həyat
yoldaşı Qarabağda şəhid olur. Biz ayrı-ayrı
kadrlar və personajlar vasitəsilə Mədinənin keşməkeşli
həyatı, tənhalıq içərisindəki
iztirabları, ədalətsizliyə qarşı mübarizəsi
ilə tanış oluruq. Müxtəlif məkan çəkilişlərində
onu “Nizami” metro stansiyası və keçidlərdə də
görürük.
“Yaramaz” Hətəm
Özü qarışıq hamımızla əylənərək
kino çəkən və göstərən Vaqif Mustafayev
yaradıcılığının məhək daşı
hesab olunan “Yaramaz” (1988) filmində də metro kadrları var.
Tragikomediyada biz rejissorun yaşadığı dövrə
ironik üsyanını psixikası çoxdan pozulmuş Hətəmin
(Mamuka Kikaleyşvili) timsalında görürük. Həyatda
şansı və işləri düz gətirməyən Hətəm
sadəlövhlüyü ucbatından özünü
ağıllı göstərən əbləhlərin
lağlağı obyektidir. Artıq onunla edilən şit
zarafatlardan təngə gələrək
“ağıllanmağa” qərar verir. O, fəhləlikdən
suvenir fabrikinin direktoru vəzifəsinədək yüksəlir.
Eyni zamanda yalançılıq, amansızlıq,
satqınlıq onun iliyinə işləyir...
Filmin yaddaqalan epizodlarından biri Hətəmin metroda
psixoterapevtlə dialoqudur. Metroya minməkdən qorxan Hətəm,
nəhayət, bunu bacarır: qorxusuna qalib gəlmək
üçün metroya minir. Bu zaman psixiatr Petrovla
qarşılaşır. Onlar arasında gülməli dialoq
baş verir. Həkim onu müayinəyə dəvət edir, o
da həkimi 4-cü mikrorayondakı evinə...
Bizim “Bakı gecələri”
Çağdaş kino nümunələrindən olsa
da, geniş tamaşaçı auditoriyasına o qədər
də bəlli olmayan “Bakı gecələri” (2015)
almanaxında da metro ilə bağlı kadrlar var.
“Debüt” studiyasında istehsal olunan almanaxa 5 qısa
film (“Yeraltı keçid”, “Buludlar”, “İşıq yolu”,
“Beş dəqiqə”, “Skripkaçı”) daxildir.
“Beş dəqiqə” metroda lentə alınıb.
İlk epizodda jurnalist (Mehriban Zəki) aktyordan (Fəxrəddin
Manafov) müsahibə götürür və aktyor ona unuda
bilmədiyi arzusundan bəhs edir. Bunu göstərmək
üçünsə jurnalisti metroya aparır. Məlum olur
ki, onun arzusu “İçərişəhər” metrosunun
boş platformasına nə vaxtsa gələcək qatarda
uşaqlıq sevgisinin gəlişi ilə bağlıdır.
***
Məlumat xarakterli bu qeydlərdə biz milli kinomuzun
metro ilə bağlı kadrlarına qısa nəzər
saldıq. Qalır yeni nəsil kinomuzla bağlı
arzularımızın çiçəklənməsi.
Hə, onu da deyim ki, indi də “metroya kefli adamları
buraxmırlar”. Yenə “Orada vaqonlar yerin altında özü
üçün o yana gedir, bu yana gedir”. Qalır onları yeni
lentlərə köçürmək.
Kino işçilərinə kinodan bir xitab-sual daha:
“Bura bax, Bakıda neçə ildir metro işləyir, indiyə
qədər metroya minməmisən?...”.
Fotoların əldə olunmasında göstərilən
köməyə görə Azərbaycan Dövlət Film
Fonduna təşəkkür edirik.
Həmidə Nizamiqızı
Mədəniyyət.-2024.- 3 iyul,№49.- S.6.