“Şirvanda kino
günləri”
Regional idarə və AKİ-nin birgə təşkilatçılığı
ilə
Azərbaycan Kinematoqrafçılar İttifaqı
(AKİ) və Şirvan-Salyan Regional Mədəniyyət
İdarəsinin (RMİ) birgə təşkilatçılığı
ilə “Şirvanda kino günləri” layihəsinə
başlanılıb.
Layihə çərçivəsində ilk filmlərin
nümayişi iyulun 2-də Biləsuvar rayon Heydər
Əliyev Mərkəzində gerçəkləşib.
Kinosevərlər əvvəlcə İlqar Nəcəfin
“Suğra və oğulları” tammetrajlı bədii filminə
baxıblar. Həmçinin Şirin Əhmədovun “Qütb
ulduzu”, Amil Amalın “Titrəmə” qısametrajlı bədii,
Pərviz Həsənovun “Uşaqlıq fotosu” və İntiqam
Hacılının “İlkin şəhid” qısametrajlı sənədli
filmləri nümayiş etdirilib.
Biləsuvar Rayon İcra Hakimiyyətinin
başçısı Faiq Qürbətov, Şirvan-Salyan
RMİ-nin rəis müavini Emin Mustafayev də
tamaşaçılar arasında olublar.
İyul ayının birinci yarısınadək davam
edəcək layihə üzrə Şirvan şəhəri,
Neftçala, Salyan və Hacıqabul rayonlarında da
adıçəkilən filmlərin nümayişi təşkil
olunacaq.
Xatırladaq ki, AKİ tərəfindən bundan əvvəl
2022-ci ildə “Cənubda kino günləri”
başlığı ilə Lənkəran, Biləsuvar və
Lerik rayonlarında film nümayişləri təşkil
edilmişdi.
Mədəniyyət.- 2024.- 5 iyul,¹50.- S.4.