“Naxçıvan istedadları” – festivalın qalibləri mükafatlandırılıb

 

Naxçıvan Dövlət Milli Dram Teatrında “Naxçıvan istedadları” incəsənət festivalının mükafatlandırma mərasimi keçirilib. Festival Naxçıvan Muxtar Respublikasının (NMR)   yaradılmasının 100 illiyinə həsr olunub.

NMR mədəniyyət nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Həsən Seyidov festival haqqında məlumat verib. Deyib ki, layihənin məqsədi muxtar respublikada fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri şagirdlərinin yaradıcılıq qabiliyyətlərini aşkarlamaq, onlarda milli musiqiyə marağı artırmaq və səhnə təcrübəsi aşılamaqdan ibarətdir. Festivalda fərdi nominasiyalar üzrə 378 şagird, kollektiv nominasiyalar üzrə isə 55 kollektiv iştirak edib. Onlardan fərdi nominasiyalar üzrə 126 şagird, kollektiv nominasiyalarda isə 17 kollektiv II turda iştirak haqqı qazanıb.

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Tükəzban Quliyeva və NMR Nazirlər Kabineti Aparatının Humanitar və sosial məsələlər şöbəsinin müdiri Sevinc Cabbarovanın çıxışlarından sonra festivalın qalibləri mükafatlandırılıb. Fərqlənən şagirdlərə diplom və fəxri fərmanlar təqdim olunub.

Sonda qalib şagirdlər konsert proqramı ilə çıxış ediblər.

 

 

Mədəniyyət.- 2024.- 5 iyul,¹50.- S.4.