Ağstafada qədim ibadətgah
aşkar edilib
Ağstafa rayonundakı Tavatəpə abidəsində
Azərbaycan-İtaliya beynəlxalq arxeoloji ekspedisiyası tərəfindən
tədqiqat işləri aparılır. Üç ildir davam
edən tədqiqatlar artıq öz nəticəsini verib.
Araşdırmalar zamanı məlum olub ki, Son Tunc – İlk Dəmir
dövrünə aid abidədə ibtidai ritual məkanı –
ibadətgah qalıqları aşkar olunub. Bu tapıntı
öz unikallığına görə bütövlükdə
Qafqazda bu qəbildən ilk nümunə hesab edilir.
3500 yaşı olan Tavatəpə abidəsi Ağstafa
rayonunun Aşağı Kəsəmən kəndində,
Kür çayından 1,5 km aralıda yerləşir. Son Tunc
– İlk Dəmir dövrünə, Xocalı-Gədəbəy
mədəniyyətinə aid abidə coğrafi yerləşmə
mövqeyinə görə diqqəti cəlb edir. Strateji əhəmiyyətli
abidənin Kür çayına yaxın olması bura
insanların daha çox gəliş-gedişi
üçün səbəblərdən biri olub.
İtaliyadan gələn arxeoloji ekspedisiyanın rəhbəri
Nikola Laneri deyir ki, abidə onları unikallığı ilə
təəccübləndirib. Üçillik birgə
qazıntıların bəhrəsini görməyə
başlayan arxeoloqlar builki qazıntılar zamanı maraqlı
tapıntı aşkar ediblər.
Qazıntılar zamanı Tavatəpədən ərzaq
və çörək istehsalı mərkəzi, quyular,
böyük ərzaq ehtiyatlarının saxlanılması
üçün yerlər, ocaq qurğuları, yüksək
temperaturda bişmiş gil və torpaq hissələri, dən
üyüdən alətlər, çörəyin üzərinə
xüsusi naxışlar vurmaq üçün gil
möhürlər üzə çıxarılıb.
Hazırda ərazidə aşkar olunan saxsı
qabların bərpası və restavrasiyası, onların
qrafik təsviri həyata keçirilir. Analiz üçün
çoxsaylı nümunələr götürülərək
İtaliyanın qabaqcıl laboratoriyalarına göndərilib.
Həmçinin ağac qalıqları və torpağın
polinoloji analizləri aparılır.
Mədəniyyət.- 2024.- 5 iyul,№50.- S.4.