Avstriyada Millətlər Festivalında Azərbaycan guşəsi maraqla qarşılanıb

 

Avstriyanın tanınmış kurort turizmi məkanlarından olan Bad Hofqaştayn qəsəbəsində (Zalsburq əyaləti) 4-cü Millətlər Festivalı (29 iyun) keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə festivalda ölkəmizi Zalsburq şəhərində fəaliyyət göstərən Avstriya Azərbaycanlıları Cəmiyyəti və Azərbaycan Evi təmsil edib.

Qırxdan çox millətin birgə yaşadığı, yay və qış turizmi, kurortları və füsunkar təbiəti ilə tanınan qəsəbədə ənənəvi olaraq keçirilən festivalın məqsədi müxtəlif xalqların mədəni müxtəlifliyi, milli mətbəxi, musiqi və rəqslərini nümayiş etdirmək, regionun multikultural dəyərlərini zənginləşdirməkdir.

Festivalda Azərbaycan guşəsi maraqla qarşılanıb. Guşədə Azərbaycan milli xörəkləri və şirniyyatları, eləcə də Azərbaycan istehsalı olan məhsul və suvenirlər sərgilənib. Yerli sakinlərə və turistlərə ölkəmiz, onun zəngin mədəniyyəti, musiqisi, mətbəxi barədə məlumat verilib, kitab və broşürlər hədiyyə olunub.

Müxtəlif ölkələrin nümayəndələri öz milli musiqi və rəqslərini də təqdim ediblər. Festivala milli geyimdə qatılan soydaşlarımızın ifasında “Uzundərə“ və ”Naz eləmə” rəqsləri xüsusi maraqla qarşılanıb.

Təşkilatçılar ən maraqlı təqdimata görə Azərbaycan guşəsini birinci yerlə mükafatlandırıb, regionun mədəni müxtəlifliyinin tanıdılmasına həsr olunmuş festivala verilən töhfəyə görə təşəkkürlərini bildiriblər.

Yerli telekanala müsahibə verən Avstriya Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Fərid Əzizov milli-mənəvi dəyərlərimizdən danışıb, jurnalistlərə ölkəmiz haqqında kitablar təqdim edib.

 

Mədəniyyət.- 2024.- 5 iyul,¹50.- S.8.