Ölkəmiz Rusiyada
milli teatrlar konqresi və yay festivalında təmsil olunub
Rusiyanın Suzdal şəhərində (Vladimir vilayəti)
28–30 iyun tarixlərində keçirilən II Rusiya Milli
Teatrları Konqresində və Rusiya Milli Teatrlarının
Birinci Yay Festivalında ölkəmiz fəxri qonaq qismində
təmsil olunub.
Tədbirlərdə mədəniyyət nazirinin
müşaviri Əməkdar artist Oleq Əmirbəyov, Akademik
Milli Dram Teatrının direktoru Əməkdar mədəniyyət
işçisi İlham Əsgərov və teatrın ədəbi
hissə müdiri Cavid Zeynallı iştirak ediblər.
Konqres və festival Suzdal şəhərinin 1000 illik
yubiley tədbirləri çərçivəsində Rusiya
Milli Dram Teatrının (Aleksandrinski Teatrı) təşkilatçılığı,
RF Mədəniyyət Nazirliyi, Mədəniyyət Təşəbbüsləri
Prezident Fondu, Vladimir Vilayəti Hökuməti və Suzdal
Muzey-Qoruğunun dəstəyi ilə reallaşıb.
Azərbaycan mədəniyyət nazirinin
müşaviri Oleq Əmirbəyov “Maarif və təhsil: milli
teatrlar yeni mənaların doğuş nöqtələri
kimi”, Akademik Milli Dram Teatrının direktoru İlham Əsgərov
“Milli teatrın gələcəyi: ənənə və
innovasiyanın balansı” mövzusunda panel-müzakirələrdə
çıxış ediblər.
Konqres çərçivəsində Aleksandrinski
Teatrı, Tatarıstan Dövlət Akademik Milli Teatrı,
Başqırd Dövlət Akademik Milli Dram Teatrı və
Kalmıkiya Milli Dram Teatrının rəhbərləri ilə
qarşılıqlı qastrol səfərləri, festivallarda
iştirak və master-klasların təşkili haqqında
müzakirələr aparılıb.
Qeyd olunub ki, ötən il Azərbaycan Dövlət
Akademik Milli Dram Teatrı və Aleksandrinski Teatrı
arasında yaradıcılıq proqramı hazırlanıb və
Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu zamanı
iki teatrın əməkdaşlığına dair memorandum
imzalanıb. Bu çərçivədə Akademik Milli Dram
Teatrında “Rusiya səhnəsinin seçilmiş
obrazları” adlı sərginin açılışı
olub. Aleksandrinski Teatrının təşəbbüsü və
Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə
təhsil proqramı həyata keçirilib.
Bu ilin sentyabr ayında iki teatr arasında mübadilə
qastrolu təşkil olunacaq. Aleksandrinski Teatrında Azərbaycan
teatrının tarixindən bəhs edən sərgi də
açılacaq.
Mədəniyyət.- 2024.- 5 iyul,¹50.- S.3.