Mikado – fəxri, uca
deməkdir...
“Teatr binaları” silsiləsindən növbəti
yazı
Hər şey ondan başladı ki, milyonçu
Hacı Haşım bəy Kərimovun oğlu Əliheydər
bəy Yaponiya və Çin səyahətindən Bakıya
qayıtdı. Səfərdən dönərkən
özü ilə yəqin nələrsə, yəni hədiyyə,
suvenir-filan gətirməmiş olmazdı. Amma zaman göstərdi
ki, zəngin bəyzadənin Uzaq Şərq səyahətindən
gətirdiyi ən böyük və ən maraqlı xatirə
oralarda gördüyü memarlıq üslubuna heyranlıq və
qulağına xoş gələn kəlmələr imiş.
O zaman təqvimdə 1916-cı il idi…
Bəyzadənin səfər təəssüratından
o illərdə artıq neft bumunun adiləşdiyi Bakı da
qazandı. Bu qazancın nədən ibarət olduğunu bilmək
üçün təqvimi təxminən otuz-qırx il geri
çevirmək lazımdır...
XIX əsrin yetmişinci illərində şəhər
hökuməti Rusiyadan sürgün edilmiş molokanların
Bakının lap ortasındakı daxmalarını, tövlələrini
şəhərdən kənara köçürüb
boşalan ərazini abadlaşdırmağa qərar verdi.
Sonradan “Molokan bağı” (sovet dövründə “9 Yanvar”,
indisə “Xaqani bağı” adlanan park) adını alacaq yer
yaşıllaşdırıldı və onun ətrafında
müxtəlif tikililər yağışdan sonra göbələk
kimi artmağa başladı. Əsrin sonuna yaxın bu ətraf
nizamsızlıq üzündən bir növ Bakıdakı
bütün memarlıq üslublarının bir-birinə
qarışdığı məkan idi. Yaşayış evləri,
ticarət obyektləri ilə yanaşı, burada fərqli
binalar da inşa edilmişdi. Elə həmin vaxtlarda, Molokan
(indiki Xaqani) küçəsi ilə Praçeçnaya, yəni
Camaşırxana (indiki Qoqol) küçəsinin tinində
Bakı milyonçusu, tacir Hacı Haşım bəy Kərimov
da anbar kimi istifadə edilmək üçün bina
tikdirmişdi. Bina görkəmindəki heç bir bəzəyi,
detalı ilə diqqəti çəkmirdi. Adi anbar binası
idi. Yəqin ki, nə zamansa bu anbar binası söküləcəkdi
və ondan da bir xatirə qalmayacaqdı, əgər…
Əgər Əliheydər bəyin ideyası
olmasaydı. Səyahət etməyi xoşlayan Əliheydər
bəy Çin və Yaponiya səyahətindən
aldığı təəssüratın təsiri ilə belə
qərara gəlir ki, zamanla ayaqlaşmaq lazımdır, bu niyyətlə
də anbarı sinematoqrafa çevirdi. Əslində, buna yenidənqurma
demək günah olardı, dəbdəbəli üslub dəyişikliyindən
sonra bina yapon-Çin üslubunda paqodaya (Uzaq Şərq
memarlığında geniş yayılan, hər mərtəbəsinin
karniz-damı olan çoxmərtəbəli tikili – red.)
çevrildi. Düzdür, binanın ölçüləri
dəyişməmişdi, tikilinin “Molokan bağı”na
çıxan tinin damı paqoda kimi həll edilmişdi.
“Mikado” 1916-cı il dekabrın 26-da açıldı.
Bina rəsmi olaraq “Mikado” böyük bədii kino-teatrı
adlandırıldı. O zamanlar kinolentlərin nümayiş
olunduğu teatrları məhz kino-teatr adlanlırır və
bu söz defis ilə yazılırdı. Dövrün populyar
qəzetlərindən olan “Kaspi”də “Mikado”da
tamaşaların göstərildiyi barədə elanlar dərc
olunurdu.
***
1917-ci ildə Bakıda ilk dəfə “Mikado”da
kiçikyaşlı məktəblilər üçün
elmi-öyrədici kinematoqrafik seans keçirildi.
Azərbaycan Cümhuriyyəti dövründə
(1918–1920) “Mikado” binasında qismən klub, qismən teatr kimi fəaliyyət
göstərən “Pel-Mel” (qat-qarışıqlıq,
nizamsızlıq, necə gəldi mənasında işlədilir)
klubu fəaliyyət göstərdi. Burada Rusiyadan və digər
ölkələrdən gələn həvəskar aktyorlar və
musiqiçilər çıxış edirdilər.
1920–1923-cü illərdə binada yeni yaradılan və
sovet təbliğatına xidmət edən Bakı Azad Tənqid
və Təbliğ Teatrı fəaliyyət göstərdi.
Yazının mövzusu başqa olduğu üçün
bircə bunu qeyd edək ki, 1923-cü ildə teatrın adı
dəyişdirilib Bakı İşçi Teatrı
adlandırıldı. Məhz bu kollektiv sonradan Azərbaycan
Dövlət Rus Dram Teatrı ismini daşıyacaqdı. Elə
buradan məlum olur ki, maraqlı tamaşaları ilə Azərbaycanın
ikidilli teatrallarını özünə cəlb edən,
yaxın-uzaq xaricdə milli teatr sənətimizi layiqincə təmsil
edən bu kollektiv nə az, nə çox, düz 104 ildir ki,
bu binada məskunlaşıb.
Hələliksə, təqvimdə 1928-ci ildir və
Bakı İşçi Teatrının binasına əl gəzdirilir.
Deyəsən, bizim olmayan bu paqoda sovet rəhbərliyinin
gözlərini yaman yorurmuş. Binanın Şərq
üslublu fasadı tamamilə dəyişdirilir, eksteryerə
bəzi hissələr artırılır və… bu bərpadan
sonra tikilini görənlər onu ən yaxşı halda fabrikə,
ən pis halda isə həbsxanaya oxşadırlar. Yapon dilində
fəxri, uca anlamı verən mikadoya oxşarlıqdan əsər-əlamət
qalmır.
Kərimovun anbarından yadigar qalmış birinci mərtəbənin
köhnə tağ pəncərələrinə toxunmasalar
da, onları ya daşla hördülər, ya da ağır
taxta qapılarla qapadılar. İkinci mərtəbənin də
pəncərələri ixtisara düşdü. Təkcə
küncdəki paqodanın yerində üçlaylı pəncərə
qoyuldu, bir də fasada baxan hissəyə şüşə
salındığı üçün pəncərəyə
oxşayan dörd dəlik açıldı.
Binaya artırılan üçüncü mərtəbə,
sadəcə, daşla hörülmüş mənasız
divardan başqa bir şey deyildi. Əlbəttə, təxminən
yüz ildən sonra o illərin eksperimental layihələri barədə
fikir yürütmək asan görünür. Hər şeyi
ideallaşdırmağa meyilli olanlar bu dəyişikliyi
hansısa futuristik layihə kimi də dəyərləndirə
bilərlər.
Şükürlər olsun ki, binanın xaricinə
edilən qəribə və kobud dəyişiklik binanın
içində, xüsusən də səhnəsində təkrarlanmırdı.
Düzdür, bütün Sovet İttifaqındakı teatrlarda
olduğu kimi, burada da dövrün ideoloji tələblərinə
cavab verən pyeslər oynanılırdı, amma hər halda,
kollektivin peşəkarlığı, repertuarda daim Azərbaycan
və dünya klassiklərinin əbədiyaşar
mövzularda qələmə aldıqları əsərlərin
olması tamaşaçıları teatrdan uzaqlaşmağa
qoymurdu.
***
…1945-ci ildə müharibə başa çatandan sonra
teatrda təmir işləri görülür. Təəssüf
ki, həmin təmir barədə heç bir fakt qalmayıb. Nəhayət,
1962–64-cü illərdə binada köklü rekonstruksiya
işləri görülür. O zaman Bakıda modernizm cərəyanını
yaxşı tətbiq etməyi bacaran xeyli memar
çalışırdı. Rus Dram Teatrının
binasının təmir və bərpa işləri onlardan
ikisinə – Xanım Rəhmanovaya və İvan Sarkisova həvalə
edilir. Binanın özülü və ana divarları XIX əsrdə
inşa edilmiş anbardan qalsa da, onun xarici görkəmində
nəzərəçarpacaq dəyişiklik edilir. Teatr
binası o illərin sovet moderni görkəmini alır. Tamaşa salonunda da xeyli dəyişiklik
edilir: lojalar, beletaj, benuar-loja götürülür.
Əslində bu, teatr rəhbərliyinin istəyi idi.
Çünki tamaşaçılar davamlı olaraq
sütunların arxasına düşən yerlərdən və
benuar lojalardan səhnəni rahat seyr edə bilməməkdən
şikayətlənirdilər.
O zaman postsovet ərazisində sovet konstruktivizmi
dövrü başlamışdı və Rus Dram
Teatrının tamaşa salonu müvafiq ruhda tərtib edilir:
ciddi, sadə, qondarma zərifliksiz. Əvvəlki interyerdən
qalan amfiteatr, bir də salonun hər iki tərəfində, səhnəyə
yaxın iki loja olur. Yeri gəlmişkən, Rus Dram
Teatrının salonu bu gün də məhz bu görkəmdə
tamaşaçılarını qarşılayır.
Binanın eksteryerinə gəlincə, o, nə
milyonçu Kərimovun anbarına, nə “Mikado” teatrına, nə
də onların iyirminci illərdəki eybəcər
oxşarına bənzəyirdi. Simasız, düzbucaqlı,
paytaxt teatrından daha çox hansısa şirkət nəzdindəki
Mədəniyyət evinə oxşayan tikili ortaya
çıxmışdı.
***
Nəhayət, 2006-cı ildə Rus Dram Teatrı iki il
müddətinə təmirə bağlanır. Dövlət
başçısı İlham Əliyevin teatr
binalarının əsaslı təmiri barədə
müvafiq sərəncamına əsasən, binanın tam
texniki yenilənməsini nəzərdə tutan əsaslı təmir
başlanır.
Fasadın yenilənməsindən
işıqlandırma avadanlıqlarınadək müasir bina
atributlarından istifadə olunur. Əslində, 80-ci illərdə
teatr binasında aparılan cari təmirdə də fasada
müasir görkəm verilmişdi, amma hər halda, o keyfiyyət
2008-ci ildəki texnologiyadan uzaq idi.
Təmir başlayanda binanın təkcə
divarları və dam örtüyü saxlanılır.
Əslində, binanın tavanı da
çürümüşdü. Bu səbəbdən də
görüləcək işlərin həcmi
artırılır. Dam örtüyü, xidməti otaqlar, səhnənin
texniki təchizatı yenilənir. Əsaslı təmir
müddətində kollektiv teatrın qonşuluğundakı
Xəzər Dənizçiləri Mədəniyyət evinin
binasında çalışıb, tamaşalarını
oynayırdı.
Nəhayət, 26 may 2008-ci il tarixində Azərbaycan
Dövlət Rus Dram Teatrının əsaslı təmirdən
çıxmış binasının
açılışı oldu. Mərasimdə Prezident
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva
iştirak etdilər.
***
Səyahətlərin maddi xatirələri müxtəlif
olur: suvenir, geyim, yol qısadırsa, lap ləziz bişmiş,
şirniyyat da bir xatirədir. Amma əllə toxunulası,
istifadə ediləsi hər nə varsa, işlənir,
dağılır, hətta qarət də edilir. Eynilə cavan
Əliheydər bəy Kərimovun uzaq Yaponiya, Çin səyahətindən
gətirdikləri kimi. O səfərdən bu
günümüzə gəlib çatan bircə teatr
binasıdır ki, o da dəfələrlə məruz
qaldığı yenidənqurmalardan sonra görkəmini dəyişib.
Amma ad… Mikado – yapon dilində fəxri, uca mənasını
verən bu kəlmə məhz sənətə yaraşan
sözdür.
Gülcahan Mirməmməd
Mədəniyyət.- 2024.- 5 iyul,¹50.- S.6.