Hindistandan
kinoçıxardanlar gəliblər...
Görəsən, kino ölkəsinin sənətçiləri
niyə burada film çəkirlər?
Bu günlərdə “Azərbaycanfilm”
kinostudiyasının həyətində qələbəlikdir.
Çəkiliş meydançası, əlbisələr,
pavilyon çəkilişi üçün avadanlıq,
dekorasiyalar və s. Maraqlısı da budur ki, bütün heyət
də hindistanlılardır. Bir sözlə, Bakıda əsl
hind filmi əhvalı.
Baş verənlərdən xəbərdar olmaq
üçün kinostudiyaya üz tutdum. Məlum oldu ki,
çəkilişlər “Film Bridge Azerbaijan” şirkətinə
həvalə olunub. Filmin prodüseri Emin Quliyev layihə
haqqında ətraflı məlumat verdi:
– Hazırda Hindistanın cənubunda çox məşhur
olan aktyor Ajut Kumarın rol aldığı
“Vidaamuyarçı” (“Vidaamuyarchi”) filminin çəkilişləri
davam edir. Niyə davam edir deyirəm, çünki bu filmin
çəkilişləri ötən ilin oktyabr ayında
başlayıb, dekabrda fasilə verilib. Bu dövrdə təkcə
çəkiliş deyil, müəyyən hazırlıq
işlərini də qeyd etməliyəm. Sonra soyuqlar
düşdüyü üçün çəkiliş
dayandırıldı və indi yenidən davam etdirilir.
– Onda belə çıxır ki, regionlarda da çəkilişlər
olub?
– Bəli. Xızı, Qobustan, Ələt,
Şamaxı ərazisində çəkilişlər etdik.
– Bu, birgə layihədir, yoxsa təkcə məkan
çəkilişi?
– Əvvəla, onu deyim ki, indiyədək 30-dan
çox hind film layihəsini Azərbaycana gətirmişəm.
Onlar bizi tanıyaraq bura gəlirlər. Bu isə eyni tərəfdaşla
reallaşdırdığım dördüncü layihədir.
Onlar ilk növbədə, məkanlara gəlib baxıblar. Azərbaycan
Mədəniyyət Nazirliyi ölkəmizin təbliği məqsədilə
bu cür çəkilişlərin aparılmasına dəstək
olur.
– Bu layihədə bizim aktyorlar da rol alıblar?
– Xalq artisti Vidadi Həsənov, həmçinin
Cavanşir Hadıyev, Tural Əhməd, Vüsalə
Ağayeva, Svetlana Bulax filmdə çəkiliblər.
– Filmin çəkilişləri ilə bağlı
ötən il də sosial şəbəkələrdə
paylaşımlar olmuşdu...
– Bəli, Ajut Kumar bu müddət ərzində Azərbaycanı
çox sevdiyini deyir.
– Maraqlıdır, niyə məhz Azərbaycanı
seçiblər? Filmdə hadisələr bütünlüklə
Azərbaycanda baş verir, ya necə?
– Çəkilişlə bağlı səhralıq
məkan axtarışında olublar. Layihəyə
başlayanda seçimdə Birləşmiş Ərəb
Əmirlikləri (Abu-Dabi şəhəri), habelə Mərakeş
və Azərbaycan var idi. Hər üç ölkəni gəzib
Azərbaycanı seçdilər. Səhralığı
Qobustanda və Xızıda lentə aldılar. Bədii filmin
birinci hissəsində hadisələr bütünlüklə
Azərbaycanı əks etdirir. Sonradan Gürcüstanda da
çəkilişlər olmalı idi. Azərbaycana tam
uyğunlaşdıqları üçün Gürcüstan səhnələrini
də Azərbaycanda lentə aldılar. Bir məqamı da qeyd
edim ki, filmi lentə alan şirkət Hindistanın cənubunda,
Tamilnad ştatının Çennai şəhərində
yerləşir.
– Şirkətiniz indiyədək daha hansı ölkələrdən
istehsalçıları Azərbaycana gətirməyə nail
olub?
– Bu günə kimi Almaniya, Fransa, Serbiya, Pakistan,
Sinqapur və s. ölkələrdən kino şirkətləri
ilə 50-dən artıq layihədə
çalışmışam. Yerli istehsallarımız da olub.
Bunlar əsasən reklam xarakterli məhsullardır.
– Etiraf edim ki, sizin şirkət haqqında ilk dəfədir
məlumat alıram...
– Yerli film bazarını hamı tanıyır. Biz
xarici bazarla işləyirik deyə bir qədər kölgədə
qalmışıq. Təkcə Hindistanla sayca 36-cı layihəmizdir.
Bir ay əvvəl Hindistanla “Mister X” adlı layihəni başa
çatdırdıq. Azərbaycanda 10 günlük çəkiliş
oldu. Ağ şəhərdə lentə alındı. Mədəniyyət
Nazirliyimiz bu filmin çəkilişinə də məkan
sarıdan dəstək verdi.
– Siz sırf prodüser kimi
çalışırsınız?
– Bəli, şirkətin rəhbəri və
prodüser kimi.
***
Sonda isə onu da qeyd edim ki, “Vidaamuyarchi” (“Cəhd etmək”)
filmi rejissor Magizh Thirumeni tərəfindən
lentə alınan döyüş filmidir. “Lyca Productions” və
“Subaskaran Allirajah” tərəfindən istehsal olunur. Filmin
Hindistan premyerası 2024-cü ilin 31 oktyabr tarixinə nəzərdə
tutulub.
Lalə Azəri
Mədəniyyət.- 2024.- 5 iyul,¹50.- S.5.