Aləmdə əbədi səsi
qalan şair və maarifçi
Yeganə medal-mükafatını ölümündən
on gün əvvəl almışdı...
XIX əsrdə klassik Azərbaycan poeziyası ənənələrini
uğurla davam etdirən, maarifçi məfkurənin
inkişafında xüsusi xidmətləri olan söz sənətkarlarından
biri də Seyid Əzim Şirvanidir. O, ədəbi aləmdə
incə ruhlu lirik, cəmiyyətin sosial problemlərini tənqid
edən satirik, əxlaqi-tərbiyəvi mövzularda mənzum
hekayə və təmsillərin müəllifi kimi
tanınıb. Bənzərsiz yaradıcılığında
məhəbbəti nifrətə, sədaqəti xəyanətə,
elm və mədəniyyəti isə cəhalətə
qarşı qoyub. Şair oğluna yazdığı mənzum
nəsihəti ilə müəllim-ata obrazının gözəl
nümunəsini yaradıb:
Cəfər, ey nuri-dideyi-Seyyid!
Qönçeyi-növrəsideyi-Seyyid!
Üləma haqqını riayət qıl,
Əhli-elmə həmişə hörmət qıl.
Demə, bu kafər, ol müsəlmandır,
Hər kimin elmi var: o, insandır.
Seyid Əzim Seyid Məhəmməd oğlu Mir Cəfərzadə
1835-ci ildə Şamaxı şəhərində ruhani ailəsində
anadan olub. 7 yaşında atası vəfat edir, anası ilə
Dağıstanın Yaqsay kəndində yaşayan ana
babası Molla Hüseynin yanına gedirlər. Əzim
babasının himayəsində böyüyür, onun təlim-tərbiyəsinə
diqqət yetirilir. O, 10 il Dağıstanda qalır və burada
təhsil alır. Fars və ərəb dillərini mükəmməl
öyrənir. Araşdırmalardan məlum olur ki, o, bu
müddət ərzində Dağıstanda bir neçə
yerli xalqın da dilini mənimsəyir.
Seyid Əzim məktəbli çağlarından
klassik poeziyaya maraq göstərir, şairlərin əsərlərini
mütaliə edir. Özü də ara-sıra şeirlər
yazır. 1853-cü ildə, 18 yaşında anası
Gülsüm xanımla Şamaxıya qayıdır. Məşədi
Mövsümün qızı Ceyran xanımla ailə qurur.
İki il sonra təhsilini artırmaq üçün İraqa
gedir. Bir neçə il Nəcəf və Bağdad şəhərlərində
təhsil aldıqdan sonra Şama (indi Suriyanın paytaxtı Dəməşq
şəhəri) gedir. Orada bir müddət qalır və
Şamaxıya qayıdır. Sonra yenidən səfərə
çıxır. Bu dəfə Məkkə və Mədinədən
keçərək Qahirədə olur. Səfər etdiyi şəhərlərdə
təkcə elmini artırmır, eyni zamanda Şərqin
ictimai-mədəni, ədəbi mühiti ilə
maraqlanır...
1859-cu ildə Şamaxıda güclü zəlzələ
baş verir, böyük dağıntı olur. Seyid Əzimin
ailəsi də zərər çəkir. Bütün bunlara
baxmayaraq, o, şəhərdə yeni üsulla “Məclis”
adlı məktəb açır. Mollaxanadan fərqli olaraq bu
məktəbdə ana dili ilə yanaşı, rus və fars
dilləri də tədris edilir. Şagirdlərə dünyəvi
elmlərdən ibtidai məlumat verilir.
Seyid Əzim pedaqoji fəaliyyətlə məhdudlaşmır,
eyni zamanda maarifçi və tənqidi-satirik şeirlər də
qələmə alır. Şeirlərində
mövhumatı, nadanlığı qamçılayır,
insanları elmə, təhsilə səsləyir. Şairin
mühitdəki problemləri açıb göstərən
şeirləri mövhumatçı dindarların kəskin
etirazına səbəb olur. “Əkinçi”də dərc
etdirdiyi yazılardan sonra yuxarı dairələrdə də
onu sevməyən, düşməncəsinə yanaşanlar
çoxalır. Bir müddət sonra şəhər ruhanilərinin
S.Ə.Şirvaniyə qarşı
dözümsüzlüyü açıq şəkildə
özünü göstərir. Digər tərəfdən
Şamaxıda dövlət məktəbləri
açılır. Onun məktəbi bu yeni tədris
ocaqları ilə rəqabətə davam gətirmir və fəaliyyətini
dayandırır. Hətta 1879-cu ildə Seyid Əzim hökumət
nümayəndələri ilə ruhanilərin işbirliyi sayəsində
müəllimlikdən də kənarlaşdırılır.
Vəziyyətin belə alındığını görən
şair Tiflis şəhərinə gedir. Qafqaz Maarif İdarəsi
rəisinə işdən haqsız
çıxarıldığını bildirir. Bəzi maarifpərvər
şəxslərin də səyləri nəticəsində
sevdiyi peşəsinə qayıda bilir. Şamaxıda yeni
açılan şəhər məktəbinə müəllim
təyin olunur və ömrünün sonuna qədər Azərbaycan
dili və ədəbiyyat fənlərini tədris edir.
S.Ə.Şirvani zəngin bədii irs yadigar qoyub. O, qəzəl,
müxəmməs, aşiqanə lirik şeirlər, mənzum
hekayə, təmsil, maarifçilik ruhunda əxlaqi-didaktik əsərlər,
habelə məqalələr yazıb. Həmçinin Azərbaycan,
İran, Türkiyə (Osmanlı) və Rusiya şairləri
haqqında məlumat verən təzkirənin müəllifi
olub. Şair “Məcmueyi-asari-Hacı Seyid Əzim Şirvani” və
“Tacül-kütub” (“Kitabların tacı”), “Rəbiül-ətfal”
(“Uşaqların baharı”) adlı dərsliklər də
yazıb. S.Ə.Şirvani “Tacül-kütub”u əlyazma şəklində
Qori Müəllimlər Seminariyası Tatar (Azərbaycan)
şöbəsinin müdiri A.O.Çernyayevskiyə göndərib.
O da həmin kitabdan bir neçə hekayəni tərtib etdiyi
“Vətən dili” kitabına daxil edib. Seyid Əzim eyni zamanda
Şamaxıda fəaliyyət göstərən “Beytüs-Səfa”
ədəbi məclisinin rəhbəri olub.
Onu da qeyd edək ki, şairin bədii irsi Azərbaycan
və fars dillərində olmaqla iki böyük külliyyatdan
(divan) ibarətdir. Yaradıcılığının
çox hissəsini qəzəllər təşkil edir.
Bunların arasında həyat eşqi, nikbin əhvali-ruhiyyə
və dini etiqadlar xüsusi yer tutur. Şairin şeirə ruh
verən dərin lirikasını məhz onun qəzəllərində
görmək olur:
Gecə gördüm səni, ey afəti dövran,
yuxuda,
Ki, elərdin mənə yüz lütfi-firavan yuxuda.
Şairin lirikasına böyük sələfi dahi Məhəmməd
Füzulinin mühüm təsiri olub. Bunu müəllifin
aşiqanə qəzəllərində daha aydın görmək
mümkündür. Seyid Əzim eyni zamanda Füzulinin
yaradıcılığından tərcümələr edib,
ona nəzirələr yazıb. S.Ə.Şirvani
yaradıcılığında məhəbbət mövzusu
da aparıcı yer tutur. Lirik qəzəllərində saf,
ülvi məhəbbəti sənətkarlıqla qələmə
alıb. Bədii təsvir və ifadə vasitələrindən
uğurla bəhrələnərək qəhrəmanın
daxili aləmini, hiss və duyğularını böyük
ustalıqla açmağa müvəffəq olub.
S.Ə.Şirvani yaradıcılığının
ikinci mərhələsi onun maarifçi və tənqidi-realist
şeirləri ilə başlayır. Onun realizmə meyil
göstərməsində Azərbaycan milli mətbuatının
qaranquşu olan “Əkinçi” qəzeti böyük rol
oynayıb. Bu qəzet eyni zamanda şairin
yaradıcılığına mövzu rəngarəngliyi gətirib.
Nəticədə müəllif müasir həyatın tələblərinə
uyğun şeirlər qələmə alıb, ictimai-mədəni
mühitdə baş verən yeniliklərə öz
münasibətini bildirib. Şair “Əkinçi”də dərc
olunan və qəzetin yaradıcısı, böyük
maarifçi, pedaqoq Həsən bəy Zərdabiyə
müraciətlə başlayan “Qafqaz müsəlmanlarına
xitab” şeirində yalançı dərviş, molla və mərsiyəxanların
iç üzünü açıb tənqid atəşinə
tutur:
Hər vilayətdə var beş-on kəsəbə,
Əlli min seyyidü, axund, tələbə,
Əlli dərviş, əlli mərsiyəxan,
Hamının sözləri tamam yalan.
Hamının fikri xəlqi soymaqdır,
Quru yerdə bu xəlqi qoymaqdır...
Həsən bəyin maarifçi təşəbbüslərini
alqışlayan şair həmin şeirdə onu savadlı və
xeyirxah bir insan kimi qiymətləndirir. “Əkinçi”də dərc
etdirdiyi şeirlərilə müasirlərini bu qəzeti
oxumağa və kömək etməyə
çağırır:
Bəs “Əkinçi” cəlalımızdı bizim,
Nasehi-xoşməqalımızdı bizim.
Səy edək, ey güruhi-niksifat,
Etməsin ta bizim “Əkinçi” vəfat...
Şair gənc nəslin təlim və tərbiyəsini
saxta din xadimlərinə tapşırmamağı tövsiyə
edib. Onların kəmsavadlığını “Müctəhidin
təhsildən qayıtması”, “Alim oğul ilə avam ata”
kimi əsərlərində satira atəşinə tutub. “Yerdəkilərin
göyə şikayət etmələri”, “Dəli şeytan”,
“Məkri-zənan”, “Bəlx qazisi və xarrat” və s.
satiraları müəllifi dövrünün realist şairi
kimi tanıdıb.
Araşdırmalarda qeyd edilir ki, S.Ə.Şirvaninin
pedaqoji fəaliyyətləri hökumətin diqqətindən
kənarda qalmır. 1887-ci ildə maarifçilik sahəsində
xidmətlərinə görə çar üsul-idarəsi tərəfindən
“Za userdiye” (“Səy və qeyrətinə görə”)
medalı ilə təltif olunur. Şair medala görə
ödəniləcək 7 manat 50 qəpiyi ölümündən
on gün əvvəl alır...
Böyük maarifçi şair, mütəfəkkir,
ziyalı Seyid Əzim Şirvani 20 may (yeni təqvimlə 1
iyun) 1888-ci ildə Şamaxı şəhərində vəfat
edib. Vəsiyyətinə əsasən, Şaxəndan qəbiristanlığında
dəfn olunub.
Savalan Fərəcov
Mədəniyyət.- 2024.- 5 iyul,№50.- S.6.