Əlisəttarın
sirli-sehrli dünyası
Zamanından irəlidə olan kino adamı
Milli kinematoqrafiyamızda onun ayrıca yeri var. Fərqli
üslubu, dövrünü qabaqlayan yenilikçi
düşüncələri ilə seçilən və
düşündüyünün vizual həllini ustalıqla
verən rejissor idi Əlisəttar Atakişiyev.
Arada onu xatırlayan, filmlərini analiz edən mütəxəssislər
belə deyirlər: “Əlisəttar Hollivudda, ümumən
başqa ölkə və kino mühitində
çalışsaydı, şöhrəti tam başqa
olardı...”.
Əməkdar incəsənət xadimi kinoda
özünü operator, rəssam kimi də
tanıtmışdı. Hələ Moskvada Ümumittifaq
Dövlət Kinematoqrafiya İnstitutunda kinooperator ixtisası
üzrə təhsil alan zaman fərqli zövq və kino duyumu
nəzərə alınaraq “Mosfilm”ə dəvət olunur. Bir
müddət orada, sonralar isə Tallin kinostudiyasında operator
kimi çalışır və bu mühitdə püxtələşir.
Onun “Azərbaycanfilm”də quruluş verdiyi “Bir
qalanın sirri”, “Bizim küçə”, “Sehrli xalat”,
“İstintaq davam edir”, “Qərib cinlər diyarında” kimi bədii
ekran əsərləri janr müxtəlifliyi və mövzu rəngarəngliyi
ilə yanaşı, rejissor baxışından spesifik
yanaşma formasına görə də seçilir.
Amma o, kinostudiyada quruluşçu rejissor kimi işə
başlamayıb. İlk müstəqil işi olan “Bir
qalanın sirri”nə qədər “Bakılılar” (L.Kosmatov,
D.Feldmanla birgə), “Bir ailə” (Ə.İsmayılov,
T.Lebeşevlə birgə), “Arşın mal alan” (1945; Muxtar
Dadaşovla birgə), “Fətəli xan”, “O olmasın, bu olsun”,
“Uzaq sahillərdə” (Rasim Ocaqovla birgə) və s. filmlərdə
quruluşçu operator, rəssam kimi çalışıb.
Amma bu məhsuldar yaradıcılıq mühitində
rejissorluq arzuları ona rahatlıq vermirdi. Nəhayət, “Bir
qalanın sirri”ni açmaq ona həvalə olundu...
O qalanın öz sirri var...
1959-cu ildə nağıl janrında çəkilən
bu ekran işi yazıçı, folklorşünas, dramaturq Məmmədhüseyn
Təhmasibin “Çiçəkli dağ” pyesi əsasında
ekranlaşdırılıb. Pyesin əsasını Azərbaycan
xalq nağılları təşkil edir.
Buna qədər “Azərbaycanfilm” nağıl
janrına az hallarda müraciət etdiyindən nümunənin
texniki çətinlikləri də çox olub. Buraya
rejissorun çəkiliş zamanı və çəkilişdən
sonrakı mərhələdə üzləşdiyi başqa
çətinlikləri, hətta məhkəmə çəkişmələrini
isə yazmaq istəmirəm.
Bu il 65 yaşı tamam olan ekran əsərinin
yaradıcı heyətinə nəzər salaq: ssenari müəllifi
Məmmədhüseyn Təhmasib, quruluşçu rejissor və
quraşdırma çəkilişlərin rəssamı
Əlisəttar Atakişiyev, quruluşçu operatorlar Arif Nərimanbəyov,
Mirzə Mustafayev, rəssam Nadir Zeynalov, geyim rəssamı
Kazım Kazımzadə, bəstəkar Rauf Hacıyev, səs
operatoru Əziz Şeyxov, II rejissor Əlisəttar Məlikov,
quraşdırma çəkilişlərin operatoru Mirzə
Mustafayev.
Rolları Gündüz Abbasov (Elşən), Tamara
Kokova (Mətanət), Məmmədrza Şeyxzamanov (həkim
Eldostu), Əli Qurbanov (Kamran baba), Ağadadaş Qurbanov (Usta),
Aleksandr Fayt (Göygöz kosa), Əli Zeynalov (Simnar xan), Arif Mədətov
(Qara qul), Ağahüseyn Cavadov (Falabaxan), Məlik Dadaşov (Dərviş),
Telman Əliyev (Hadı), Fərhad İsmayılov
(Bıdı) ifa edirlər.
M.Təhmasib ssenaridə nağıl motivləri əsasında
elmin, zəkanın fiziki güclə sintezdə sarsılmaz
güc olduğunu göstərməyə
çalışıb. Sözsüz ki, dövrün diktəsi
ilə ideologiya konveyerindən də keçən film
müvafiq zaman üçün statik ideyalarla da yüklənərək
istehsalata buraxılır.
Filmi analiz edən müəlliflərin təbirincə
desək, bu ekran əsəri yüksək bədii keyfiyyəti
və folklora əsaslanan elmi müstəvidəki fərqliliyi
ilə istər öz, istərsə də özündən
sonrakı zamanlarda kino tariximizdəki yerini qoruyub saxlaya bilib.
Quruluşçu rejissorun janra bələd olması,
ümumilikdə texniki baxımdan mürəkkəb kino həllərini
ustalıqla verməsi də təsadüfi deyildi.
Çünki təhsil və təcrübə istiqaməti
çoxşaxəli idi.
Bildiyimiz kimi, film-nağılda xalqın əlindən
torpağını və suyunu almış amansız
hökmdara qarşı kasıb, lakin qeyrətli insanların
mübarizəsindən danışılır. Alim-həkim
Eldostu, onun sədaqətli və sevimli şagirdi Mətanət,
igid və cəsur gənc usta Elşən, Kamran baba bu
mübarizənin önündə gedirlər. Filmdə
göstərilir ki, el gücü və xalqın birliyi, elmlə
gücün birliyi şər üzərində zəfər
çalır, minlərlə adama sevinc, xoşbəxtlik bəxş
edir.
Onu da qeyd edim ki, filmin işçi adı “Qanlı
qala” olsa da, Moskva uşaq filmlərinin qan sözü ilə
adlandırılmasına qarşı çıxır və
ad “Bir qalanın sirri” ilə əvəzlənir.
Filmin çəkilişləri Mingəçevir su bəndinin
yanında, Bozdağın ətəklərində,
İsmayıllıda, Mərdəkanda, qalanın iç
görünüşü, zindan səhnələri, həkimin
yaşadığı məkan pavilyonda lentə alınıb.
Natura çəkilişlərinin bir qismi isə
Bakıdakı Nəbatat bağında aparılıb.
Filmdə məharət və sənətkarlıqla
çəkilmiş bir çox kadrlar – dağ mənzərələri,
sıldırım qayalar, dərviş və rəmmalın
iştirak etdiyi səhnələr, multiplikasiyadan istifadə
olunmuş lövhə, itlə atın söhbəti, zindan səhnələri
ciddi yaradıcılıq axtarışları nəticəsində
lentə alınıb.
Filmin istər pavilyon, istərsə də natura çəkilişləri,
eləcə də geyim həlli və ideyanın
ardıcıllıqla vizual həlli rejissorun
nağılların ruhunu yaxşı duymasına və eyni
zamanda zəngin fantaziyaya malik olmasına dəlalət edirdi.
Filmdə Hadı və Bıdı rollarını
oynayan Telman Əliyev və Fərhad İsrafilov (hər ikisi
Əməkdar artist) eyni məktəbdə (Bakı şəhəri
26 saylı orta məktəb) oxuyurmuşlar və ikili uzun
sınaq çəkilişlərindən sonra rola təsdiq
olunub. Ancaq bu hələ işin başlanğıcı idi.
Onları kino mühitinə öyrətmək, kamera
qarşısında dayana bilmələri, ssenaridən öyrəndikləri
sözləri, sadəcə, əzbərçi kimi deyil, onu
içindən keçirərək təbii formada söyləmək
kimi çətin bir iş müəllifləri
düşündürməyə bilməzdi. Bu çətinlikləri
dəf etmək naminə ilk günlər balaca aktyorlarla gərgin
məşq proseslərinə başlanılır və
Əlisəttar Atakişiyev Rza Təhmasibdən uşaqlara
aktyorluq, kameraya uyğunlaşma barədə qısa dərslər
verməyi xahiş edir. Bütün bunların nəticəsində
də təbii və maraqlı bir tandemə nail olunur.
Filmdə heyvanların çəkilişinə
böyük önəm verən rejissor seçim zamanı
xüsusi təlim görmüş atla itə
üstünlük verib və hər ikisi sirkdən
götürülüb.
Çəkilişlər bir ildən artıq çəkib.
Ən çox vaxt da heyvanlar və uşaqlarla bağlı
çəkilişlərə sərf olunub. Bundan başqa,
ssenariyə əsasən filmdə sehrli səhnələr də
çoxluq təşkil edir. Sözsüz ki, həmin səhnələrdə
pirotexniklərin gücündən geniş istifadə edilib və
bu proses də xeyli zaman aparıb.
Filmdə Göygöz kosanın əlində olan
sehrli çubuğun məhz ilanvari görüntüdə
olması ideyası da Əlisəttar Atakişiyevə məxsusdur
və o forma tapılanadək rejissor-rəssam özü
azı 10 ədəd çubuq hazırlayıb və
onların heç birini də bəyənməyib.
Böyük əzab-əziyyət bahasına başa gələn
ilk rejissor işi istər kinostudiya və buradakı bədii
şura, istərsə də Moskva tərəfindən bəyənilir.
Moskva filmi ümumittifaq ekranında prokata qəbul edir. Öncə
rus dilində səsləndirilən “Bir qalanın sirri” filmi
sonradan öz dilimizdə dublyaj olunub.
“Sehrli xalat”dan çıxanlar...
Kinomuzda nağıl janrının
yaradıcısı kimi tanınan Əlisəttar Atakişiyev
daha sonra iki dəfə bu janra müraciət edib və “Sehrli
xalat” (1964), “Qərib cinlər diyarında” (1977) filmlərini ərsəyə
gətirib.
“Sehrli xalat” filmi bu il 60 yaşını qeyd edir. Ona
ilk dəfə tamaşa edən uşaqlar indi babadırlar.
Film isə öz maraq auditoriyasını hələ də
itirmir. Balaca pionerlərin sehrli xalata bürünərək
iki zaman arasında etdikləri “səyahət” yenə də
ecazkar gücündədir.
Bu filmi hər dəfə izləyəndə adama elə
gəlir ki, nəinki o lentdəki uşaqlar, hətta rejissor
özü də məşhur illüzionist İo Kionun (Anatoli
Falkoviç) sehrinə düşür və özü qarışıq hamımıza o
xalatı geyindirməyə çalışır.
Əslində, hekayət sadə başlasa da, biz
kadr-kadr həyat bilgilərini və elmi təfəkkürlərini
yetkinləşdirməyə çalışan
uşaqların – işıqlı gələcəyin
çağırışçısı olan qəhrəmanların
ümumiləşmiş obrazını görürük.
Əlisəttar müəllim incə keçidlərlə
nağıl janrı ilə fantastik-macəranın sintezinə
nail olur. Beləcə, çox sadə görünən
mürəkkəb həll vasitəsilə
tamaşaçıya keçmiş və gələcək
haqqındakı təsəvvür, arzu və
düşüncələrini daha rəngarəng şəkildə
çatdırır. Özü də keçmişlə gələcəyin
əsaslı şəkildə müqayisəsini etmək, bir
növ paralellər aparmaqla.
Sözsüz ki, bu işdə də rejissorun həm də
kino rəssamı olması, eləcə də animasiyanın imkanlarına bələdçiliyi
prosesi asanlaşdırırdı. Filmdəki ipək
parçadan tikilmiş xalat və onun üzərindəki rəsmlər
də Əlisəttar müəllimin əl işidir.
Filmdə keçmiş və gələcəyin
göstərilməsi, eləcə də gələcəklə
bağlı təsvirlər və texniki nailiyyətlərin
şərhi rejissorun dərin zəka və
dünyagörüşündən xəbər verir. Hətta,
adamda belə bir sual da yaranır: “Bütün bunlar barədə
məlumatı o, haradan almışdı?”.
Məsələn, elektron kitabların oxunuşu, rəqəmsal
videokameranın təqdimatı, görüntülü əlaqə,
mobil rabitə, eləcə də insanların Aya səyahəti,
işıqlandırmanın kənardan idarə edilməsi kimi
kifayət qədər maraqlı detalları?!.
Filmdə sovet uşaqları, onların xoşbəxt
həyatı, hüquq və azadlığın bərqərar
olmasına işarə məqamında hər hansı ideoloji
mətnçilikdən qaçan rejissor məsələni təsvir
bolluğunda incəliklə həll edir: qəhrəmanlar
sehrli xalatı geyinərək keçmişə
düşür və o dövrün qanunsuzluqlarını
görürlər. Burada zülmün ifrat həddi kimi təqdim
olunan səhnələr rejissorun usta yanaşmasını
göstərməklə yanaşı, insanlara
şüuraltı istənilən zülmə etirazın
mümkünlüyünü də aşılayır.
Keçmişə və gələcəyə qorxmadan səyahət
edən məktəblilərin simasında ümumən cəsurluğa,
elmə, biliyə yiyələnməyə təşviq edən
fikirlər də daha qabarıqdır.
Əsas etibarilə pavilyonda çəkilən filmdəki
pionerlər sarayı “Azərbaycanfilm” kinostudiyanın
pavilyonunda qurulub. Film Bakıda Maştağa qəsəbəsində
və İçərişəhərdə,
İsmayıllı rayonunun Cülyan kəndində, eləcə
də Minsk (Belarus) şəhərində pavilyonda lentə
alınıb.
Yaradıcı heyətə gəlincə, ssenari
müəllifləri Aleksandr Tarasov, Əlisəttar
Atakişiyev, quruluşçu operatoru Teyyub Axundov,
quruluşçu rəssamları Məmməd Hüseynov, Cəbrayıl
Əzimov, bəstəkarı Arif Məlikov, səs operatoru
Paşa İbrahimov, geyim rəssamı Qəzənfər
Xalıqov, qrim rəssamı V. Bereznyakov, operatoru
Əlihüseyn Hüseynov, quraşdırılmış səhnələrin
operatoru Sergey Klyuçevski, quraşdırılmış səhnələrin
rəssamı Eduard Abdullayevdir.
Rolları Azər Qurbanov (Rəşid), Solmaz Hətəmova (Zərifə), Kolya Loginov (Petya),
Yusif Şeyxov (Eldar), Əliağa Ağayev (Xan), Anatoli
Falkoviç (İo Kio), Möhsün Sənani (Möhsün
Ağayev), Ağahüseyn Cavadov (Baş vəzir),
İsmayıl Osmanlı (Vəkil), Hüseynağa Sadıqov
(Vəzir) və b. ifa edirlər.
Ə.Atakişiyevin filmlərinə xas lakoniklik və
təsvir bolluğu vasitəsilə informasiyanın
çatdlırılması bu ekran əsərinə də
xarakterikdir. Xatırlayırsınızsa, əhvalat
uşaqların bayramı ilə başlayır. Gələn
qonaqlar içərisində bir sehrbaz olur. O, uşaqlara sehrli xalat
bağışlayır. Onun köməyilə uşaqlar
keçmişə və gələcəyə səyahət
edirlər. Bu səyahətlər nəticəsində
keçmişdə baş verənlərlə və gələcəkdəki
yeniliklərlə, elektron cihazlarla tanış olurlar.
Rejissor adi məktəbli həyatına nüfuz etməklə
onların zəngin dünyası, arzuları, xəyalları
ilə bağlı təsvirlərini ustalıqla seçərək
darıxdırıcı olmayan süjet xətti və onun bədii
və ekran təsvirinə can atır.
Sözsüz ki, bu gün elmi-texniki nailiyyətləri
izləyən, kinoda fantastik janrın çox populyar nümunələrini
görən yeni əsrin uşaqları üçün
yuxarıda adını çəkdiyim filmlər o qədər
də heyrətamiz görünməyə bilər. Amma birmənalı
olaraq, istər peşəkar kino nümunəsi, istərsə
də çəkildiyi zamanın imkanlarını aşan
ekran məhsulları kimi əvəzsizdir...
Həmidə Nizamiqızı
Mədəniyyət.- 2024.- 5 iyul,¹50.- S.7.