Şəki “İpək
Yolu” festivalına hazırdır
Xəbər verdiyimiz kimi, Azərbaycanın qədim sənət
və mədəniyyət mərkəzlərindən olan
Şəkidə iyulun 5-dən 7-dək növbəti musiqi
bayramı – Şəki “İpək Yolu” XIII Beynəlxalq Musiqi
Festivalı keçiriləcək.
Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar
İttifaqı və Şəki Şəhər İcra
Hakimiyyətinin birgə təşkilatçılığı
ilə reallaşacaq musiqi festivalında bir sıra ölkələrin,
eləcə də Azərbaycanın musiqi kollektivləri
iştirak edəcəklər.
İcra Hakimiyyətindən verilən məlumata
görə, Şəki festivala hazırdır.
Festival iyulun 5-də Rusiya Federasiyası Tatarıstan
Respublikasının paytaxtı Kazan şəhərindən gələn
bayan ifaçılarının çıxışı ilə
başlayacaq. Həmin gün axşam “Marxal” kompleksinin Yay
teatrında Şəki “İpək Yolu” XIII Beynəlxalq Musiqi
Festivalının təntənəli açılış mərasimi
keçiriləcək. İndoneziyanın “Mila Art” rəqs və
“Hamdani” musiqi qruplarının konserti təqdim ediləcək.
İyulun 6-da günün birinci yarısında
“Yuxarı Karvansaray” mehmanxana kompleksində “Şəhər
Günü” bayram tədbiri keçiriləcək. Axşam
festival iştirakçıları “Az Abrau Muzeyi” ilə
tanış olacaq, şərab zavodunun həyətində
qurulmuş səhnədə Hindistandan gələn rəqs
qrupunun və yerli musiqiçilərin
çıxışına tamaşa edəcəklər.
Burada Hindistan və yerli mətbəxin nümunələri də
təqdim ediləcək, həmçinin şəbəkə
sənəti üzrə ustad dərsi keçiriləcək.
İyulun 7-də Şəki Heydər Əliyev Mərkəzində
TÜRKSOY-un təşkilatçılığı ilə
Türkiyə və Qazaxıstandan gələn kollektivlərin
çıxışları olacaq.
Həmin gün axşam “Marxal” kompleksinin Yay
teatrında festivalın bağlanış mərasimi
keçiriləcək. Mərasimdə Fikrət Əmirov
adına Əməkdar kollektiv Dövlət Mahnı və Rəqs
Ansamblı və Azərbaycan Dövlət Xalq
Çalğı Alətləri Orkestri konsert proqramı ilə
çıxış edəcək.
Mədəniyyət.- 2024.- 5 iyul,№50.- S.1.