Dilimizdən necə
istifadə edirik və onu necə qoruyuruq?
AMEA dəyirmi masa keçirib
İyulun 3-də Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında “Azərbaycan
dilindən istifadə: uğurlar, problemlər, vəzifələr”
mövzusunda dəyirmi masa keçirilib.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli
çıxışında Ulu öndər Heydər
Əliyevin Azərbaycan dilinə, təhsilinə və elminə
çox yüksək qiymət verdiyini vurğulayıb. Qeyd
edib ki, Azərbaycan dili türk dilləri ailəsində
özünəməxsus yeri, dərin kökləri,
böyük ənənəsi olan çox zəngin dildir.
Ölkəmizdə həyata keçirilən dil siyasəti
barədə danışan akademik diqqətə
çatdırıb ki, Prezident AMEA-nın 70 illik yubileyində
(2015) proqram xarakterli və dərin məzmunlu
çıxışı zamanı Azərbaycan dili
haqqında qiymətli fikirləri içərisində
dilimizin saflığının qorunması ilə
bağlı alimlərimiz, ziyalılarımız, ictimai xadimlərimiz
qarşısında vəzifələr qoyub.
Qarşımızda duran başlıca vəzifələr
dilimizin daxili imkanlar hesabına zənginləşməsinə
elmin dəstəyini vermək və yad sözlərin dilimizə
necə gəldi daxil olmasının qarşısını
almaq yollarını müəyyənləşdirməkdir.
AMEA prezidenti Azərbaycan dilinin tətbiqi, ədəbi
dil normalarının qorunması, dilimizin
saflığının təmin olunması və digər
istiqamətlərdə Nəsimi adına Dilçilik
İnstitutunda mühüm tədqiqatlar
aparıldığını vurğulayıb. Həmçinin
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası
yanında Monitorinq Mərkəzinin ana dilimizin
saflığının qorunması istiqamətində müntəzəm
tədbirlər keçirdiyini, mediada, habelə
mahnıların sözlərində monitorinqlərin
aparıldığını nəzərə
çatdırıb.
Milli Məclisin VI çağırış
deputatı Fazil Mustafa, mədəniyyət nazirinin müavini Səadət
Yusifova, yazıçı-publisist Seyran Səxavət, Dövlət
Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru
professor Sevinc Əliyeva, Xalq şairi Sabir Rüstəmxanlı,
Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov,
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı
Muzeyinin direktoru akademik Rafael Hüseynov və digər
çıxış edənlər mövzu ilə
bağlı fikirlərini bölüşüblər.
Mədəniyyət.- 2024.- 5 iyul,№50.- S.3.