Qazaxıstanda Azərbaycan Mədəniyyəti
Günləri keçiriləcək
Münasibətlərin bütün istiqamətləri
üzrə müsbət dinamika var
Xəbər verildiyi kimi, 3–4 iyul tarixlərində Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq
Təşkilatının (ŞƏT) sədri statusunda
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart
Tokayevin dəvəti ilə təşkilatın zirvə
toplantısında iştirak etmək üçün Astana
şəhərinə səfər edib.
Qeyd edək ki, bu, Prezident İlham Əliyevin
ŞƏT sammitində ikinci iştirakıdır. 2022-ci ilin
sentyabrında təşkilatın sədri statusunda Özbəkistan
Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə dövlətimizin
başçısı ŞƏT-in Səmərqənd şəhərində
keçirilmiş Zirvə toplantısında iştirak edib.
***
Astanaya səfər zamanı dövlətimizin başçısı
bir sıra görüşlər keçirib.
İyulun 3-də Astanada Prezident İlham Əliyevin
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə geniş tərkibdə
görüşü olub.
Prezident İlham Əliyevi salamlayan Qazaxıstan rəhbəri
bu ilin martında ölkəmizə – Bakıya və
Şuşaya səfərini xatırlayıb. Bildirib ki, bu
öz əhəmiyyətinə görə tarixi səfər
idi. Hazırda biz əldə olunmuş razılaşmaların
həyata keçirilməsi üzərində işləyirik:
“Danışıqlar əsnasında qarşılıqlı fəaliyyətimizin,
hətta deyərdim ki, bir sıra strateji sahələrdə əməkdaşlığın
və qarşılıqlı fəaliyyətin gələcək
inkişafına böyük impuls verdik. Mübaliğəsiz
deyə bilərik ki, əməkdaşlığımız,
qarşılıqlı fəaliyyətimiz strateji əhəmiyyət
daşıyır”.
Azərbaycan liderini Şanxay Əməkdaşlıq Təşkilatının
Zirvə toplantısında görməkdən məmnunluğunu
bildirən Tokayev daha sonra deyib: “Bəlkə də bir müddət
sonra Azərbaycan ŞƏT-in tamhüquqlu üzvü olacaq. Hər
halda, Qazaxıstan buna etiraz etmir, əksinə, Sizin tərəfinizdən
müvafiq istək varsa, onu dəstəkləyir”.
Kasım-Jomart Tokayev Qazaxıstanın Azərbaycan və
Ermənistan XİN başçılarının
danışıqları üçün platforma təqdim etmək
təklifinə dərhal razılıq verdiyinə görə
Prezident İlham Əliyevə minnətdarlığını
bildirib: “İlk danışıqlar Almatıda baş tutdu.
Onlar kifayət qədər uğurlu, hər halda, faydalı
oldu”.
***
Prezident İlham Əliyev ŞƏT-in Zirvə
toplantısında iştirak etmək üçün dəvətə
görə minnətdarlığını bildirərək
deyib ki, biz bunu Qazaxıstanın Azərbaycana qardaşlıq
münasibətinin növbəti göstəricisi kimi qiymətləndiririk
və bu tədbirdə iştirak etməkdən şərəf
duyuruq.
Dövlətimizin başçısı Qazaxıstan
rəhbərinin Azərbaycana dövlət səfərinin əhəmiyyətini
vurğulayıb, həmçinin işğaldan azad edilmiş
ərazilərin bərpasına kömək göstərilməsi
təşəbbüsünə görə Kasım-Jomart Tokayevə
bir daha Azərbaycan xalqı adından minnətdarlığını
ifadə edib. Prezident qeyd edib ki, Qazaxıstan tərəfindən
Füzuli şəhərində yaradılan Kurmanqazı
adına Uşaq Yaradıcılıq Mərkəzi
Qazaxıstan-Azərbaycan dostluğunun və
qardaşlığının mərkəzidir: “Bu, şəxsən
Sizin və qardaş Qazaxıstan xalqının Azərbaycana
münasibətinin bariz təzahürüdür”.
İki ölkə arasında münasibətlərdən
bəhs edən Azərbaycan Prezidenti vurğulayıb ki,
razılaşdırdığımız bütün istiqamətlər
üzrə müsbət dinamika əldə olunur: “Nəqliyyat
infrastrukturu ilə bağlı məsələlər fəal
şəkildə həyata keçirilir. Biz mahiyyət etibarilə
Trans-Xəzər nəqliyyat marşrutu üzrə vahid komanda
şəklində fəaliyyət göstəririk. Əlbəttə,
bugünkü və sabahkı tədbirlər çərçivəsində
bu mövzu daha geniş müzakirə ediləcək. Həmçinin
bu, bir neçə gün sonra keçiriləcək və
Sizi yenidən Qarabağda görməyimizə şad
olacağımız Türk Dövlətləri Təşkilatının
qeyri-rəsmi Zirvə görüşündə əsas
mövzu olacaq”.
Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan
arasında prosesə verdiyi dəstəyə görə
Qazaxıstan liderinə bir daha təşəkkür edib.
Öz növbəsində Kasım-Jomart Tokayev COP29-un
ölkəmizdə keçirilməsi münasibətilə təbriklərini
çatdırıb. COP29-un dünya səviyyəsində ən
mötəbər tədbirlərdən biri olduğunu deyən
Qazaxıstan Prezidenti Azərbaycanın bu tədbiri uğurla təşkil
edəcəyinə əminliyini bildirib.
Söhbət zamanı Orta Dəhlizin inkişafı
istiqamətində nailiyyətlər qeyd olunub, Birgə
İnvestisiya Fondu ilə əlaqədar anlaşma memorandumunun
(iyulun 3-də Astanada imzalanıb – red.) əhəmiyyəti
qeyd edilib, bu xüsusda artıq konkret layihələrin
icrasına dair aidiyyəti qurumlara tapşırıqlar
verildiyi diqqətə çatdırılıb.
Görüşdə humanitar sahədə əməkdaşlığa
da toxunulub, Qazaxıstan Mədəniyyəti Günlərinin
Azərbaycanda uğurla keçirildiyi (dekabr 2023-cü il – red.),
Azərbaycan Mədəniyyəti Günlərinin isə bu
ilin sentyabrında Qazaxıstanda keçiriləcəyi
vurğulanıb.
Mədəniyyət.- 2024.- 5 iyul,¹50.- S.2.