“Narqız” animasiya filminin
istehsalı davam etdirilir
Mədəniyyət Nazirliyi və Azərbaycan
Respublikası Kino Agentliyi (ARKA) tərəfindən 2023-cü
ilin iyul-oktyabr aylarında keçirilən müsabiqədə
qalib olmuş film layihələrinin dövlət dəstəyi
ilə istehsalı davam edir.
Müsabiqənin 11 qalib layihəsindən biri də
“Narqız” qısametrajlı animasiya filmidir. İstehsalı
davam edən filmin məqsədi işğaldan azad olunmuş ərazilərdəki
mina təhlükəsini uşaqların, həmçinin
böyüklərin nəzərinə
çatdırmaqdır.
“Peri Film” MMC (Animafilm Studio) tərəfindən istehsal
olunan filmin quruluşçu rejissoru və quruluşçu rəssamı
Məsud Pənahi, prodüseri Rəşid Ağamalıyev,
ssenari müəllifləri Məsud Pənahi, İsmayıl
İman, Nəzrin Ağamalıyeva, aparıcı animatoru Firəngiz
Bağırova, storyboard rəssamı Kübra Binnətova,
animatik rəssamı Rüstəm Bəşirovdur.
“Narqız” qısametrajlı animasiya filminin 2024-cü
ilin sonuna kimi təhvil verilməsi planlaşdırılır.