On il Dədə
Ələsgərdən dərs almışdı...
Azərbaycan aşıq sənətinin inkişafı
və təbliğində əməyi keçən ustadlardan
biri də Göyçə saz-söz mühitinin yetirməsi
Aşıq Əsəddir. Dədə Ələsgərdən
aşıqlığın sirlərini əxz edən sənətkar
gözəl ifası və dərin məzmunlu bədii
yaradıcılığı ilə ölkəmizdə məşhur
olub. Bu il ustad aşığın anadan olmasının 150
illik yubileyidir.
Əslən Tovuz rayonunun Bozalqanlı kəndindən
olan Əsəd Əhməd oğlu Rzayev 1874-cü ildə
Göyçə mahalının Qaraqoyunlu kəndində
dünyaya göz açıb. Əsəd gənc ikən
atası dünyadan vaxtsız köçür. Bu qəfil
itkidən ailənin güzəranı
ağırlaşır. O, dolanışıq ucbatından bir
neçə il nökərçilik edir. Vaxt tapanda elin toy məclislərində
iştirak edir. Saz çalınarkən qaynar təbi cuşa gəlir,
bədahətən şeirlər söyləyir.
Yanıqlı ifası ilə diqqətləri özünə
çəkir, el-obada sevilir. Amma bu ulu sənətin dəyişməz
bir ənənəsi var – ustad və şəyird. O da bu sənətə
dərindən yiyələnmək üçün mütləq
ustad yanında olmalı idi. Gənc Əsədin sənətdə
bəxti üzünə gülür, böyük saz-söz
ustadı Aşıq Ələsgərin şəyirdi olur. On
ilə yaxın ustadı ilə birlikdə məclislər yola
verir. Şaqraq, məlahətli avazı ilə sənətsevərlərin
könlünü oxşayır. Dədə Ələsgər
gündən-günə püxtələşən Əsədə
rüsxət verir. Beləliklə, Əsəd 1895-ci ildən
müstəqil aşıqlığa başlayır,
ağır el məclislərini yola verir. Eyni zamanda aşiqanə
lirik şeirlər qələmə alır, həm söz sənətkarlarının
və həm də öz şeirlərini oxuyur.
Aşıq Əsədin uğurlu sənət yolu
çox da uzun çəkmir. 1918-ci ildə daşnak ordusunun
zabiti Selikovun öldürülməsində günahkar bilinir.
Bu səbəbdən qardaşı Məhəmmədlə
birgə həbs olunur. Müsavat partiyası Göyçə
təşkilatının köməyi ilə həbsdən
qaçırılır. Sovetləşmədən sonra bir
müddət ordu sıralarında xidmət edir. Ordudan
qayıtdıqdan sonra özünü təhlükəsiz
olmadığını hiss etdiyindən Göycədən
köçmək qərarına gəlir. Ata-baba yurdu – Tovuz
rayonunun Bozalqanlı kəndində məskunlaşır. O,
mülayim və insansevər xarakteri, bənzərsiz sənəti
ilə kənd camaatı arasında hörmət qazanır. Bu
eldə də toy-düyünlərdə başa çəkilir.
Sənətinin şöhrəti Tovuz elinin
hüdudlarını aşır. 1928-ci ildə Azərbaycan
aşıqlarının birinci qurultayında iştirak edən
sənətkar yüksək ifaçılıq məharətinə
görə mükafata layiq görülür. 1938-ci ildə
Moskva şəhərində ilk dəfə keçirilən
Azərbaycan incəsənəti ongünlüyündə
iştirak edir. Yenə də sənəti ilə diqqətləri
özünə cəlb etməyi bacarır, “Şərəf
nişanı” ordeni ilə təltif olunur.
İfaçılıq qabiliyyətini yüksək qiymətləndirən
Xalq şairi Səməd Vurğun ona “Aşıqların
sultanı” adını verir. Aşıq Əsədin bədii
yaradıcılığı da ictimaiyyət arasında maraqla
qarşılanır. Daha sonra Yazıçılar
İttifaqına üzv qəbul edilir.
Folklorşünas Hümbət Əlizadə
“Koroğlu” dastanının bir neçə qolunu, xalq
dastanlarından bir çoxunu Aşıq Əsədin dilindən
yazıya alıb. Onun yaxından köməkliyi sayəsində
aşığın ilk şeirlər kitabı işıq
üzü görüb. İkinci şeirlər kitabı isə
çox sonralar, 1979-cu ildə çap olunub.
Aşıq Əsəd ustad sənətkar kimi
Göyçə, Tovuz, Qazax bölgələrində onlarla
aşıq yetişdirib. O həm də yaradıcı
aşıq olub. “Kamal”, “Nizami”, “Aşıq Əsədin
İncə xanımla deyişməsi”, “Aşıq Əsədin
Minayə xanımla deyişməsi” kimi nümunələr bu
gün də el şənliklərində aşıqlar tərəfindən
böyük maraqla oxunur və xalq tərəfindən rəğbətlə
qarşılanır. Onun yüzlərcə qoşma və gəraylısı
bu gün də aşıqların repertuarını bəzəyir.
Aşıq Əsəd həmçinin muğam sənətinə
maraq göstərib. El şənliklərində çox vaxt
dinləyicilərin xahişi ilə xalq mahnıları ilə
yanaşı, muğamlarımızı da ifa edib.
Araşdırmalarda Aşıq Əsədin
sazının 17 pərdəli və 10 simli olduğu qeyd
edilir. Yəni o zaman sazın 3 zil simi olduğu halda, onun
sazında 4 zil sim olub. Əlbəttə, 4 simi barmaqda tutmaq sənətkardan
böyük ustalıq tələb edir. O, “Zil Qaytağı”
oxuyanda səsi şah və divani pərdələrin zillərinə
qalxarmış. Sazı isə “xəttəbənd”, yəni qolunun içi boş və
içərisində muncuğaoxşar cisimlər olub.
Aşıq Əsəd ümumrespublika mədəniyyət
tədbirlərində daim münsiflər heyətinin
üzvü olub. Tiflis radiosunun 1936-cı ildə ilk verilişlərində,
daha sonra Şota Rustavelinin yubileyi və digər mədəni
tədbirlərdə Aşıq Əsədlə Aşıq
Mirzə cütlüyünün parlaq
çıxışları böyük alqışlarla
qarşılanıb.
Onu da qeyd edək ki, Aşıq Əsəd
yaxşı-yaman günlərində heç vaxt ustadı Dədə
Ələsgəri unutmayıb. Böyük el şənliklərində
daim onun yaradıcılığına müraciət edib və,
ustadını ehtiramla yada salıb. Çağdaş və gələcək
nəsillər üçün Aşıq Ələsgər ənənələrinin daşıyıcısı və təbliğatçılarından
biri olub. Mənbələrdə o da qeyd olunur ki, sənətkara
dövlət tərəfindən daim qayğı göstərilib.
Hətta sovet Azərbaycanının rəhbəri Mircəfər
Bağırov onu Bakıya dəvət etsə də, sənətkar
Tovuz rayonunda qalmağı və ömrünü bu torpaqda
başa vurmağı məqsədəuyğun hesab edib.
El-obasının sənətsevər ziyalıları
ilə fəxr edən aşıq təbiətdən də
böyük zövq alıb. Şeirlərində yurdunun təbiət
gözəlliklərini səmimi bir dillə tərənnüm
edib. Ustad Aşıq Ələsgərdən sənətin incəliklərini
öyrənməsi, Gəncəbasar elində böyük
şövqlə ağır məclislər yola salması onun
sənət şöhrətini yüksəklərə
aldırıb.
Kamil bağban bağ becərər, gül əkər,
Sahibi var onun, üzə bilməzsən.
Sınar qol-qanadın düşərsən yerə,
Tutar səni qəhri-qəza bilməzsən.
Ulu ozan sənəti ənənələrini
yaşadan, onu öz naxışları ilə zənginləşdirən,
aşıq şeirinin müxtəlif şəkillərində
təsirli poetik nümunələr yaradan Aşıq Əsəd
27 aprel 1951-ci ildə, ömrünün 77-ci baharında
dünyasını dəyişib. Sənətkarın
yaradıcılığı folklorşünaslar tərəfindən
araşdırılıb, şeirləri müxtəlif
toplularda nəşr edilib.
Savalan Fərəcov
Mədəniyyət .-2024.-
10 iyul,¹51.- S.6.