“Kədərin səsləri”
Macar və rus bəstəkarlarının əsərlərindən
ibarət musiqi axşamı
İyulun 8-də Beynəlxalq Muğam Mərkəzində
“Kədərin səsləri” adlı konsert proqramı təqdim
olunub.
Musiqi axşamında Ümid Mustafazadə (violin), Fatimə
Nəsirli (hər ikisi violin), Üzeyir Mahmudbəyli (viola) və
Əsmər Kərimli (cello) macar bəstəkarı Bela
Bartokun 1 nömrəli simli kvarteti və rus bəstəkarı
Dmitri Şostakoviçin 15 nömrəli simli kvartetini səsləndiriblər.
Konsertdən əvvəl musiqişünas Şəfaqət
Məmmədova əsərlər haqqında məlumat verib.
Bildirilib ki, B.Bartokun 1 nömrəli simli kvarteti xalq musiqisinin təsiri
ilə zəngin, emosional intensivliyi birləşdirən, insan
ruhunun dərindən tədqiqidir. Ehtiras və yeniliklə dolu
olan əsər bəstəkarın ənənəvi və
müasir elementləri harmonik şəkildə bir araya gətirmək
bacarığını nümayiş etdirir.
D.Şostakoviçin ömrünün son illərində
bəstələnən bu əsər isə fanilik və
introspeksiya (özünü müşahidə)
mövzularını əks etdirir və son notlar səssizləşdikdən
sonra uzun müddət davam edən qeyri-adi bir keyfiyyətə
malikdir.
İstedadlı musiqiçilərdən ibarət
kvartet musiqi axşamında öz ifaları ilə musiqidə
bəzən hər notun bir hekayə
danışdığı və hər hərəkətin
canlı emosional mənzərə yaratdığını
tamaşaçılara dolğun şəkildə təqdim
edib.
Konsert proqramı alqışlarla qarşılanıb.
L.Azəri
Mədəniyyət .-2024.-
10 iyul,¹51.- S.3.